Kosmosda həyatın mənşəyinə dair “şirin” dəlil tapıldı
Astronomlar kosmosda həyatın Yer üzündə necə yarandığına dair mühüm dəlillər verə biləcək yeni bir şəkər növü aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf kainatda həyatın yaranması ilə bağlı suallara yeni baxış təqdim edə bilər.
Adalet.az xəbər verir ki, tədqiqatçılar moruq və günəşdən qoruyucu vasitələrin tərkibində də rast gəlinən eritruoza adlı şəkəri ulduzlararası mühitdə - ulduzlar arasındakı qaz və toz buludlarında müəyyən ediblər.
Şəkərlər yalnız qida məhsullarının tərkib hissəsi deyil, həm də canlı orqanizmlər üçün həyati əhəmiyyət daşıyır. Onlar hüceyrələrin fəaliyyətində iştirak edir və DNT-nin əsas komponentlərindən hesab olunur. Məhz buna görə alimlər bu maddələrin kosmosda necə yarandığını anlamağa çalışırlar.
Kəşf İspaniyada yerləşən iki radioteleskop vasitəsilə əldə edilən məlumatların təhlili nəticəsində mümkün olub. Alimlər Süd Yolunun mərkəzinə yaxın yerləşən nəhəng qaz buludunu müşahidə edərək, teleskoplardan gələn siqnalları laboratoriya nümunələri ilə müqayisə ediblər. Nəticədə eritruozanın qaz halında mövcud olduğu təsdiqlənib.
Araşdırmanın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.
Məlumata görə, bu, kosmosda indiyədək aşkar edilən ən mürəkkəb şəkər növlərindən biridir. Həmin maddə NASA-nın “Voyager” zondlarının keçdiyi bölgədə aşkarlanıb.
Alimlər daha əvvəl də Süd Yolunda genetik materialların və hüceyrə komponentlərinin yaranmasında mühüm rol oynayan müxtəlif kimyəvi birləşmələr tapmışdılar. Təxminən 25 il əvvəl qalaktikanın mərkəzinə yaxın ərazidə adi süfrə şəkərinin “qohumu” hesab edilən maddə müəyyən edilmişdi. Bundan əlavə, NASA-nın “OSIRIS-REx” missiyası “Bennu” asteroidindən gətirilən nümunələrdə DNT-nin əsas elementləri ilə əlaqəli digər şəkərləri aşkar etmişdi.
Yeni aşkar edilən eritruoza birbaşa həyat üçün vacib olmasa da, alimlər onun Yer üzündə həyatın formalaşmasında mühüm rol oynayan başqa maddələrə çevrilə biləcəyini düşünürlər.
Tədqiqatın müəlliflərindən biri, İspaniyanın Astrobiologiya Mərkəzinin əməkdaşı İzaskun Ximenez-Serra bildirib ki, bu kəşf həyatın yaranması üçün zəruri olan komponentlərin qalaktikanın başqa bölgələrində də mövcud ola biləcəyini göstərir.
Araşdırmaçılar indi kosmosda daha çox şəkər növü axtarmağı və bu maddələrin bir-birinə necə çevrildiyini öyrənməyi planlaşdırırlar. Onların fikrincə, bu cür kəşflər kainatın başqa yerlərində də həyatın mövcud ola biləcəyi ehtimalını gücləndirir.


Bakı -°C

