adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 May 2023 10:31
455
ƏDƏBİYYAT

Kitab bol olarsa, basılmaz Vətən - Pərvanə Bayramqızı yazır

Kitab sərgisi kitab adamları üçün bayram sayılır. Bayramımız mübarək! V Milli Kitab Sərgisi münasibətilə sevinənlərə gözaydınlığı verir, təşkilatçılara təşəkkürümü bildirirəm.

Kitab adamı olmaq, kitab adam olmaq, kitabla adam olmaq fərqli anlayışlar olsa da, kitabdan keçən hər şey, hər kəs mükəmməl olur. Kitabın səhifələri, səhifədəki sətirlər zəngin mənəviyyatın təməl daşıdır. Bunlar danılmazdır, amma... özündə zərrə qədər də olsa işartı olmasa, səni nə kitab, nə də mühit işıqlandırmaz. Tərbiyə, fərdi keyfiyyət kitaba doğru gedən yolun başlanğıcıdır. Kitaba çatmaq üçün əvvəlcə istiqamət vacibdir. Səmti gen, valideyn təyin edir. Bir-birindən asılı olan bu bağlılıq olmasa insan formalaşa bilməz.

Təbii, fövqəlbəşərlər hər dövrdə olub. Mühitinə sığmayan dahilər bəzən öz-özündən yaranıblar. Buna ümid edib yetişən nəsli istiqamətsiz buraxmaq olmaz.

Sosial şəbəkədə atasının qucağında oturub onun əlində tutuduğu kitaba baxmayıb, bığı ilə oynayan uşaq şəkli görmüşdüm. O, gözünü kitaba zilləyə, atasının onunçün oxuduğu nağılı dinləyə bilərdi, amma əylənir. Təhlil edək: şuluq, sözeşitməz uşaq görəndə tanısaq da, tanımasaq da, birinci onun valideynlərini qınayırıq. "Tərbiyə ailədən gəlir", "düzgün tərbiyə edilməyib" və s. kimi fikirlər söyləyirik. Çox vaxt bu cür olsa da, istisna halları da az deyil. Bəzən ailədə hansısa uşaq ipə-sapa yatan olmur. Nə gördüklərini götürür, nə də eşitdiklərinə əməl edir. Ailənin qaydası bir cür, onunku ayrı cür olur. Hər yaxşı ailədə bir pis, hər pis ailədə də bir yaxşı övlada rast gəlmək mümkündür. Bir çox ailələrdə valideyn savadsız olsa da, övladı kitabdan ayrılmır, çalışır, zəhmət çəkib bilik qazanır. Yəqin əksini də müşahidə etmisiniz; valideyn təhsilli, işi elmlə bağlı olsa da, evin hər guşəsində gözə kitab dəysə də, uşaq tənbəl, kitaba qarşı maraqsız olur. Hamı da bu cür ailənin belə uşağı olduğuna təəccüblənir. Mənə elə gəlir ki, bu məqam psixoloji arxayınlıqdan irəli gəlir. Ağlı kəsən vaxtdan çox kitab gördüyündən, elmlə məşğul olan valideynlərin yanında böyüdüyündən bu sahəyə uşağın marağı azalır, o, yeni, görmədiyi nəsnələri arzulayır. Artıq onda gördüklərinə qrşı gözütoxluq yaranıb. Yorulur həmin mühitdən. Savadsız valideynin övladı isə ata-anasının ziyalı təbəqəsinə aid olmadığının həsrətini çəkir, necə olursa olsun, oxuyub bu təbəqəyə qarışmağı qarşısına məqsəd qoyur. İçində böyümədiyi mühit onu özünə çəkir. Ailə tanıyıram, hamısı ali təhsillidir, amma uşaqları elmə yönləndirə bilməyiblər. Biri "istəmirəm" deyə fikrini konkret bildirdi, digərinin də zehni zəif olduğundan heç nə öyrənə bilmədi. O uşaqlar kimlə rastlaşsalar, düşünərlər ki, "çoban ailəsindəndir". Halbuki ailədə hamı dəqiq elmlərin bilicisidir. Fikir bildirməzdən qabaq hər şeyi dərindən düşünmək lazımdır.

Oxucular bəzən evlərindəki miras kitabları (kitabı ən böyük miras sanıram) gətirirdilər. İçində çox dəyərli kitablar olurdu, amma fondda həmin kitabdan olduğundan müdir götürmürdü. Gətirən şəxs onlardan xilas olmaq istəyirdi. Heyfim gəlirdi kitabı zibilliyə atanda. Onlara sahib çıxan olmayanda ürəyim ağrıyırdı. Yığıb evə gətirirdim. İçində köhnə nəşrlər də olurdu, yenisi də. Bir dəfə nəvə babasının nəfis tərtibatlı kitablarının lazımsız əşya kimi evdə yer apardığını bildirib xeyli kitab verdi. Nəvəyə acığım tutdu. Həm kitaba, həm də babaya münasibətinə görə onu qınadım. Heç nə demədi. O gedəndən sonra baxdım ki, çapına böyük miqdarda vəsait xərclənən kitabların mövzusunun heç bir dəyəri yoxdur. Bu qalın cildlər yaltaqlığın kağız mühafizəsindən başqa bir şey deyil. Müəllif ömür boyu işləyib qazandığı pulu yaltaqlığını "əbədiləşdirməyə" sərf edib. (Bəlkə də, pulsuz çap olunub) Bu "külliyyatı" "Yaltaqlığın sirləri" adlı xüsusi şöbə, yaxud da fond yaradıb orda istifadə etmək olar. Nəvənin müəyyən mənada haqlı olduğunu anladım.

Bütün kitabları zibillikdən xilas edə bilmirəm. Faydalı kitabların zibilliyə atıldığı ölkədə bəzi müəlliflər özləri xoşluqla zibillik üçün yazırlar. Əsərlər bizi insan olmağa alışdırır, amma hər adam nə kitaba alışır, nə də insanlığa. Kimin daxilində nə varsa, onu bəsləyib yetirir.

Kitabın üstündə əyləşib çəkdirilən şəkillər xoşagələn deyil.

Kitabın təbliğatı kimi göstərilsə də, əslində kitabsızlıqdır.

Bu cür şəkil çəkdirənlər, belə rəsmlərin müəllifləri kitabı qazanın altına, pəncərənin arasına qoyanlarla eynidir.

Kitablar bizi işıq gələn tərəfə aparmır, o, özü işıqdır, qaranlığı aydınladır. Kitablar mənim yol yoldaşım, iş yoldaşım, ömür yoldaşımdır. Bir-birimizi anlayır, mehriban dolanırıq.

Kim kitabdan bir səhifə qoparsa, mənim ürəyimi zədələmiş olar.

Kitabı ver kitabçıya, birini də artıq.

Kitab bol olarsa, basılmaz Vətən.