23 Oktyabr 2022 11:05
898
MEDİA

KİOSK PRESSLƏR KİMƏ VƏ NƏYƏ XİDMƏT EDİRLƏR... - Şəfəq Nasir yazır

Bu gün səhər təzə qəzetlər almaq niyyətilə Dilarə Əliyeva küçəsində yerləşən bir Kiosk Pressə yaxınlaşdım. Üç qəzet seçib, pulunu satıcıya uzatdım. Sərtliyi, kobudluğu yar-yaraşığı ilə heç vəchlə uyuşmayan satıcı qız mənə laqeydcəsinə, "göstər görüm qəzetin biri neçəyədi", deyib, kal-kal üzümə baxdı.

Biri 40 qəpikdən 3-ü 1 manat 20 qəpik. Məgər satdığınız qəzetin qiymətini özünüz bilmirsiniz, alın baxın,- deyib qəzetləri ona sarı uzatdım. Qız kükrədi: - mən burda qəzet-zad satmıram, bilmirəm bunları nəyə görə bu kioska dürtürlər... İndi bu binəvanı, çöl adamını necə başa salasan ki, Kiosk Press adı altında açdığın bazarda alverinlə mətbuatın kölgəsində çak-çuk etdiyin bəs deyil, hələ bir yediyin qaba tüpürürsən də... Yox, bu qızın məqsədi təkcə köntöy danışığıyla qəzet alıcısına "mədəniyyətini" göstərmək deyil, həm də mətbuata olan nifrətini içində boğmadan, etikanı gözləmədən dilinin zəhərini püskürməkdi... Yadıma ötən əsrin 70-80-90-cı illərinin qəzet köşkləri düşdü.

Səhər saat 7-dən açılan köşklərin qarşısında növbə olurdu. İnsanlar gündəlik qəzetləri alıb, cəld işlərinin arxasınca gedirdilər. O vaxtlar camaat mətbuat acıydı, səhər-səhər gündəlik qəzetləri oxumadan, ölkədəki yeniliklərdən xəbərdar olmadan iş-gücə başlamazdılar. Hələ qəzet satanlar... əllərinin altında olan qəzetləri açır, maraqlarına müvafiq yazıları oxuyur, üstəlik onları təbliğ də edirdilər. Mətbuat ictimai maraq kəsb edirdi. Mətbuat yaşadığımız mühitin nəfəsiydi ki, mənəvi qidasız ruhumuz rahat olmazdı.

Qəzet köşkləri çox sadəydi, amma içindəki varidat - qəzet-jurnallar onu olduqca zəngin göstərirdi. Bu gün o yaraşıqlı, müasir Kiosk Presslərdə nə var? Növbənöv keyfiyyətsiz şirniyyatlar, əyləncəli nəsnələr, sular, rəngli, zərərli içkilər... əlqərəz, kioska o qədər gərəksiz, mənasız şeylər yığılıb ki, ora yaxınlaşanda bu qarışıqlıqda satıcını güclə görmək olur. Özü də bəzi kiosklarda beş-on qəzet olar, o da çox vaxt saralmış köhnə qəzetlərdi. Belə anlaşılır ki, oranın sahibi köşkünə təzə qəzetlər qəbul etmir. Gözdən pərdə asmaq üçün köhnə qəzetləri nümayiş etdirir.

Belə... Mənə maraqlıdı, bu köşklər kimin nəzarətindədi? Başqa sözlə, belə vəziyyət həmin köşklərin sahibini narahat etmirmi? Bir gün mətbuta göstərdiyi belə ögey münasibətinə qarşı çıxacaq adamların qəzəbindən qorxmurmu? Heyf ötən günlər...