adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2024 11:55
1288
MÜSAHİBƏ

Kardioloq: Bu şəxslər daha diqqətli olmalıdır - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkim kardioloqu Leyla Quliyeva nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

- Leyla xanım, öncə bilmək istərdik ki, ürək-damar xəstəliklərinin (ÜDX) baş vermə səbəbləri hansılardır və risk qrupuna kimlər aiddirlər?

- Qeyd edim ki, əgər yaxın qohumlarınızdan hər hansı biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar. İrsi faktor risklərin 20-25%-i təşkil edir, 75-80% digər risk faktorlarının payına düşür.

Digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqarət, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Bu amillər tək səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur. Ona görə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmalısınız.

- Kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlinmə tezliyi necə dəyişir?

- Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu. Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji “check-up” müayinəsindən keçməsi məsləhətdir.

- Ürəyimizi qoruyan qida məhsulları haqqında məlumat verərdiniz…

- Gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaş pozğunluqlarında əvəzolunmaz qidadır. Eyni zamanda, çia toxumları mikronutrientlər və xüsusi növ Omeqa-3 ilə zəngindir. Bu da ürək-damar xəstəlikləri riskini azaldır.

Balqabağın tərkibində olan kalsium və maqnezium ürək əzələlərini gücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumu ürək-damar xəstəliklərinin qarşısını alır.

Zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyin düzgün işləməsini təmin edir və infarkt riskini azaldır. Bundan əlavə, zeytun yağı xolesterini, LDL (Aşağı sıxlıqlı lipoproteinlər), triqliseridlərin qandakı səviyyəsini azaldır. Sarımsaq tərkibindəki kversetin molekullarının hesabına damar tutulmaları, xolesterinin səviyyəsinin endirilməsində çox qiymətlidir. Eyni zamanda, pomidorun tərkibində olan likopen damar tutulmalarının qarşısını alır.

- Fiziki aktivlik ürək-damar xəstəlikləri olan insanlar üçün nə dərəcədə faydalıdır?

- Hərəkətsizliyin nəticələri – insulin dirənci, şəkər xəstəliyi ürək-damar xəstəliklərinin ən önəmli risk faktorlarına aiddir. Hətta oturaq həyat tərzi də gündə 1 qutu siqaret çəkməyə bərabər ola bilər.

Aktiv həyat tərzi qan dövranını yaxşılaşdırır, toxumaları qan və oksigenlə zənginləşdirir, dərini gözəlləşdirir. Həmçinin, kaloriləri yandırır, yağları əridir, metobalizmi sürətləndirir, sağlam qidalanma ilə birgə olarsa arıqladır. Bundan əlavə, fiziki aktivlik 30 yaşından sonra azalmaya başlayan əzələ kütləsini qoruyur, elastiklik və hərəkət qabiliyyətini artırır, sümükləri gücləndirir, osteoparoza qarşı qoruyur. Eyni zamanda, insulinə həssaslığı artırır, insulin dirəncini qırır, pis xolesterin (LDL) və triqliseridləri azaldır, yaxşı xolesterin (HDL) səviyyəsini artırır, beyində xoşbəxtlik hormonlarını artıraraq stressi azaldır, təzyiqin stabil qalmasına kömək edir, ürək-damar xəstəliklərindən qoruyur, qocalmanı ləngidir. Bu qədər faydanı heç bir pəhriz və heç bir dərmandan almaq mümkün deyil.

Aktiv hərəkətlərdən ən praktik olanı piyada gəzmək və üzməkdir. Hər insan özünə uyğun idman növünə gündəlik 30 dəqiqə ayırmalıdır. Demək olar ki, bütün müasir smartfonlarda və “ağıllı” saatlarda addım sayan proqramlar var. Gündəlik 10 min addım ürək-damar xəstəliklərinin, şəkər, arterial hipertenziya riskini azaldır.