"İzimi, sözümü qoyub gedirəm": Namiq Hacıheydərli dühası - Nicat Kolan yazır

"Dünya bir pəncərədir, hər gələn baxar gedər"...Bu sözlərin dərin və düşündürücü mənası var əslində. Həmin "pəncərədən" hamı baxır və gedir, amma, necə baxır, necə gedir? Necə baxmağından asılı olmayaraq əsl insan özündən sonrakı nəsillərin baxması üçün bir iz, görüb götürməsi üçün yaxşı əməllər, təmiz ad-san qoyub gedir. Doğrudur, bu hər adama da qismət olmur...
Hər kəs bu yolu bir cür addımlayır, fərqli ömür sürür... Kimi, ilahinin verdiyi ömür payını özünə, ailəsinə, yaxınlarına həsr edir... Kimi də el-oba, vətən, xalq üçün yaşayır...Bax, əsl insanın özəlliyi də elə budur...
El-oba dərdi çəkənlərdən, xalq üçün, millət üçün yaşayanlardan, vətən üçün yananlardan biri oldu Namiq Hacıheydərli...
Bu sözləri yazmaq mənimçün nə qədər ağır olsa da təəssüf ki, ilahinin yazdığı yazını pozmaq olmur. Azərbaycan xalqı bir vətənsevər oğlunu, şairini, yazarını, ləyaqətli, şərəfli vətəndaşını itirdi. Bu itgi sözə, ədəbiyyata, şeirə dəyər verən insanları, dostlarını, yaxınlarını, qohumlarını, əzizlərini çox sarsıtdı çox...Namiq Hacıheydərli çağdaş ədəbiyyatımızın carçısıydı deyərdim. Yazdığı şeirlərində, yazılarında vətəni, torpağı sevməyi, soyuna, kökünə, milli kimliyinə bağlı olmağı aşılayırdı insanlara. Mümkün deyil ki, onun şeirlərində insan düşünməsin...
Dərd-kədər alsa da dörd bir yanımı,
Təslim eyləmədim şərə canımı,
Vermədim yellərə bircə anımı,
İzimi, sözümü qoyub gedirəm...
Bu şeiri yazarkən sanki bu dünyadan erkən köçəcəyi ürəyinə damıbmış. Yaşadığı qısa ömrünün bircə anını belə boş keçirmədi, özü demişkən yellərə vermədi...
Gecə-gündüz yorulmadan, usanmadan tarixi araşdırmalar apardı, sözü ilə, yazıları ilə, şeirləri ilə qəlblərə yol tapdı, insanların sevgisini qazandı...
Namiq Hacıheydərli qədim türk soylarından olan Kolanı tayfasındandır. Zamanla kolanılar Azərbaycanda çox geniş ərazilərə yayılmışlar. Belə köçlərdən biri də Salyan rayonunun inzibati ərazisində yerləşir. Namiq Hacıheydərli 8 sentyabr 1975-ci ildə Salyan rayonunun 2-ci Varlı kəndində dünyaya göz açır. Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini bitirir. Daxilində olan zəngin söz xəzinəsi, vətən, torpaq sevgisi onu şeiriyyata yönəldir.
Şairlik bir başqa aləmdir, sonu görünməyən ümmandır. Namiqin içində olan həyat eşqini, vətən, torpaq sevgisini, daxilini, xaricini yalnız şair ruhu canlandıra bilərdi. Əgər insanda şairlik ruhu varsa təbiəti, insanları, həyatı ondan yaxşı heç kim dərk edib qələmə ala bilməz...
Namiq Hacıheydərli ixtisasca filoloq olsa da bir çox dövlət qurumlarında məsul vəzifələrdə çalışır. İctimai xadim kimi bir çox dövlət tədbirlərinin, konfransların işkitakçısı olur. İşinin çoxluğu, ağırlığı, yorğunluğu onu yaradıcılıqdan ayırmır. Namiqin çox zəngin bir yaradıcılıqla yanaşı araşdırmaları ədəbi, bədii, publisistik, maarifləndirici yazıları oxucular tərəfindən rəğbətlə qarşılanır. Türk xalqlarının tarixindən, mədəniyyətindən, adət-ənənəsindən, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığından ətraflı yazılar yazır...Namiq qədim türk boylarından olan Kolanıların tarixi, mədəniyyəti, etnoqrafiyası, onların ümumtürk tarixindəki yeri və rolu haqqında əhatəli şəkildə araşdırmalar apararaq kitab şəklində dərc etdirir...
Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvi, Yazıçılar Birliyinin Muğan bölməsinin yaradıcısı və ilk sədri olur. "Ey türk doğulan", "Səni tapan itirməz", "Söz sənindir", "Dağ Kolanı dastanı", "Yaralı Azərbaycan", "Sözüm sənədi Tanrım", "Muğanın səsi" kimi kitabların müəllifidir.
Namiq Hacıheydərli soy-kökünə bağlı insan olur. O, üzərinə böyük bir missiya götürərək Azərbaycanda yaşayan Kolanı ellərilə tanış olmaq, onları tanıtmaq, bir araya cəm etmək üçün YouTubedə "Kolanı TV" kanalı açır. Kolanıların yaşadığı yerləri gəzərək verilişlər hazırlayır və yayımlayır. İlk olaraq Salyan, Siyəzən, Qobustan kolanıları ilə görüşür, yaşadıqları yerləri, tarixi abidələri çəkir, yaşlı insanlardan keçmiş adətləri, bu yerlərə köçmə tarixlərini araşdırırdı...
Bundan sonra Azərbaycanda yaşayan digər türk tayfalarını, etnosları da tanıtmaq istəyrdi, amma amansız ölüm bütün arzularını, ideyalarını yarımçıq qoydu..
Tanrıya düz oldum, sevgimə sadiq,
Yaşadım ömrümü, yaşıma layiq,
Deməyin dünyadan tez getdi Namiq,
Dünyadan, insandan doyub gedirəm.
Sən, bu qısa ömrünü layiqli yaşadın, şərəfli ömür sürdün, vətənə sevgin, insanlara sayqın azalmadı..."Dünya pəncərə"sindən məğrur, alnı açıq, üzü ağ baxdın... özünəməxsus, silinməyəcək bir iz qoydun bu həyatda, hamıya örnək olacaq əsl insan oldun... Bu dünyadan, insanlardan doyub getsən də, biz səndən doymadıq, əziz dost!...Səndən öyrənəsi, götürəsi çox şeylər vardı hələ...gedişinlə bizi məhrum elədin elmindən, düşüncələrindən...Hər dəfə şeirlərin, kitabların, yazıların oxunduqca, çəkdiyin verilişlər izləndikcə sən də xatırlanacaq, qəlblərdə yaşayacaqsan...
Şər işləri nə danmadız,
Nə pislikdən usanmadız.
Yaşadım, mənə yanmadız,
Ölüb yandıracam sizi...
Doğrudanda ölümünlə yandırdın bizləri...heç yaxşı iş görmədin...
Əslində Namiq Hacıheydərli yaradıcılığını, dühasını, insanlığını bir yazı ilə tanıtmaq qeyri mümkündür, o ucsuz-bucaqsız bir dərya idi, oxunduqca oxunurdu, ürəyi yurd eşqilə, vətən sevgisilə döyünürdü, olduqca kamil insanıydı, əsl söz sərkərdəsi idi. ..Haqqında kitab yazılmalı, sənədli film çəkilməlidir ki, onu yaxından tanısınlar...Məndə tanımayanlar üçün yazdım... səni andım, səni xatırladım. Xatirən mənimçün hər zaman əzizdir, yoxluğuna hələ də inanmağım gəlmir...baxdığım hər yerdə gözüm səni axtarır: "Ruhunun dolaşdığı yerlərə salamlar olsun"...
Allah sənə rəhmət eləsin, böyük KOLANI!...
Digər Xəbərlər

ÖZ SƏSİNƏ BƏNZƏYƏN ADAM - Oruc Quliyev yazır

SOS! - Eldəniz Quliyev yazır

Bayram Ağrıdağın “Namələri”

Ruhu ağlayır

MƏZARSIZ QƏHRƏMAN

Şərofiddin Tulaqanovun “Odlar yurdu – Azərbaycan” kitabı işıq üzü görüb

"Ulduz"lu görüşlər" in budəfəki qonağı şair Səlim Babullaoğlu oldu - FOTOLAR
