adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Yanvar 2020 10:32
45056
KRİMİNAL

İtkin düşən 10 yaşlı qızın ölümü ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün "Facebook" profilində məlumat yayıb. O bildirib ki, yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.