02 Sentyabr 2020 19:35
19170
HADİSƏ

İsmayıllıda film kimi hadisə: Ana və oğlu mağaza sahiblərini döydü, sonra isə... - VİDEO

İsmayıllı rayonunda xuliqanlıq hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərinin Nizami küçəsində qeydə alınıb. 

Rayon sakinləri Güllü Yusubova və oğlu Nəsib Yusubov şəhərin Nizami küçəsi, 2 ünvanında yerləşən və sahibkar Ələkbər Əsgərliyə məxsus “Qardaşlar” adlı mağaza, çay evi və avtomobillərin yağdəyişmə məntəqəsinə gələrək orada münaqişə yaradıblar. Hər üç obyektin sahibi onların bayıra çıxmasını tələb edərkən ana və oğlu mağaza sahibi Ə.Ələsgərlini və onun qardaşı Asim Əsgərlini döyüb, oradakı vitrinləri dağıdıb, ərzaq və digər məhsulları yerə atıb, inventar avadanlıqları sındırıblar. Sonra N.Yusubov avtomobilinə əyləşərək onu mağaza sahibinin qardaşı A.Əsgərliyə məxsus “VAZ 2107” markalı minik avtomobilinə çırpıb. 

Mağaza sahibi və qardaşı bu şəxslərin törətdiyi xuliqanlıq hərəkətləri barədə şikayət etmək üçün rayon polis şöbəsinə gedərkən yenidən növbəti hücuma məruz qalıblar. N.Yusubov avtomobil ilə sürətlə hərəkət edərək, qarşıda gedən A.Ələsgərlinin idarə etdiyi “VAZ 2107” markalı avtomobilinə çırparaq onu aşırıb.  

Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Mağaza və avtomobil sahibi olan qardaşlara beş min manat maddi ziyan dəyib. G.Yusubova isə deyilənləri inkar edir. O, hadisənin tam tərsinə baş verdiyini deyir. G.Yusubova ilkin olaraq digər tərəfin onun oğluna xəsarət yetirdiyini və münaqişənin bundan sonra baş verdiyini iddia edir. G.Yusubova iddia edir ki, obyekt sahibinin oğluna qarşı düşmənçilik ədavəti olub.

Xuliqanlıqda təqsirləndirilən ana və oğlu polis şöbəsinə dəvət edilib və izahatları alınaraq sərbəst buraxılıb. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.