20 Avqust 2025 11:00
228
GÜNDƏM

İranın  təlaşı ABŞ deyil,  Ankara və Bakının bölgədəki nüfuzudur - ANALİZ

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında görüş və əsas məqsəd "Tramp dəhlizi" ilə bağlı təkbətək formatda danışıqlar başa çatdı.

Səfərin məqsədini, görüşün vacibliyini, mətbuat konfransındakı açıqlamaları izlədikdə  nələr görünür? Pezeşkian nə istəyir, İran niyə narahatdır?

1,5 saat davam edən görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış etdilər. İran lideri xüsusilə vurğuladı ki, Qafqazda sülh strateji əhəmiyyət kəsb edir, İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir. O həm də vurğulayıb ki, İranın mövqeyi Qafqazda sərhədlərin toxunulmazlığı ilə bağlı olub və hesab edirik ki, bu dəyişikliklər geosiyasi rəqabətə səbəb ola bilər. 

Maraqlıdır, Asiyanı, Avropa ilə birləşdirəcək beynəlxalq  tranzit yol işə düşürsə, buna Ermənistan dövləti öz xeyri, qazancı  üçün razılıq verirsə , Qafqazda sərhədlərin toxunulmazlığı mövzusunun məsələyə nə dəxli? Kim Ermənistanın sərhədlərini ilhaq etdi ki? Bu nə canfəşanlıq?


Yəni, İran əvvəlki illərdə olduğu kimi Ermənistan üçün " təlaş" keçirdiyini xatırladıb. Paşinyanın cavabı isə bir növü Pezeşkianın "ağzından vurmaq" kimi dəyərləndirilib: “Biz razılaşdıq ki, ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün işlərin görülməsi vaxtı çatıb”.
Bu cümlənin də sətiraltı mənası da odur ki, "təlaş"ınız yersizdir. Bütün razılaşmalara könüllü imza atmışam, ABŞ-ın da Qafqaza ayaq açması indi başlamayıb, 2023-cü ildən başlayıb.

Məlum oldu ki, İran və Ermənistan arasında bir birgə bəyanat və müxtəlif sahələrdə 10 əməkdaşlıq sənədi imzalanıb.
Təbii ki, Ermənistan höküməti də, mediası da  İran liderinin səfərini Ermənistan-İran münasibətlərinin daha da möhkəmlənməsi üçün stimul olacağından bəhs edir:"Tərəflər siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirib, səfər zamanı əldə olunmuş razılaşmaları müsbət qiymətləndiriblər".
Amma bunun belə olmadığını elə görüş başa çatmamış erməni politoloq və siyasi ekspertlər təsdiqlədi.
İranşünas alim Vardan Voskanyan İran prezidenti Məsud Pezeşkianın görüşdən sonra X- sosial şəbəkədə dərc olunan sözlərini gündəmə gətirib:
“İran prezidentinin “X” sosial şəbəkə səhifəsindəki paylaşımına əsasən, İran tərəfinin üçüncü qüvvələrin Ermənistan-İran sərhədində mümkün olması ilə bağlı narahatlığı hələ də qalmaqdadır.

Məsud Pezeşkian:"Ermənistanın baş naziri ilə görüşüm zamanı vurğuladım ki, İran İslam Respublikası hökumətinin əqidəsi Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qorumaq və iki ölkə arasında sıx münasibətləri davam etdirməkdir. Bizim ümumi sərhədlərimiz yaxınlığında üçüncü qüvvələrin olması ilə bağlı narahatlığımız tamamilə aradan qaldırılmalıdır".

P.S. Yəqin ki, bu görüşdən sonra İran anlamağa başlayar ki, sərhədlərə müdaxilə İran Ermənistanın üzərinə yeridikcə baş verir. Ermənistan müstəqil dövlət olaraq , ölkəsinin ərazisinə hansı ölkəni gətirmək, kiminlə strateji əməkdaşlıq etmək, müqavilə imzalamaq onun halal haqqı, dövlət siyasətidir.
Bunu İran anlamaqda hələ də çətinlik çəkir. Çüniki İran hər zaman lap elə 1979-cu ildən yeniliyə düşmən olub. Dünya ilə yeni bağ olacaq Zəngəzur dəhlizinin (Tramp yolu) açılması oradan ən çox faydalanacaq Azərbaycan və Türkiyənin inkişafına, yeniliklərə qapı açmasına mane olmağa çalışır. Bəli ABŞ ordusu 2023-cü ildə Qafqazdadır və tez-tez təlimlər keçirib. Əgər bu ABŞ-a qarşı düşmənçilikdirsə, niyə onda İran narahatlıq keçirmirdi, Ermənistana nota vermirdi, etiraz etmirdi?
İranın mövqeyi qonşu dövlətlərə(Ermənistan istisnadır) qarşı heç vaxt yumşalmır, aqressiya sakitləşmir.