adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 09:45
64
DÜNYA
A- A+

İmran Xan xəstəxanaya köçürüldü

Pakistanın həbsdə olan keçmiş Baş naziri İmran Xan müalicə üçün həbsxanadan xəstəxanaya köçürülüb.

Adalet.az xəbər verir ki, keçmiş Baş nazir və müxalif Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının qurucusu İmran Xan Ali Məhkəmənin qərarına əsasən, Ravalpindidəki Adiala həbsxanasından İslamabad şəhərində yerləşən Şifa Beynəlxalq Xəstəxanasına aparılıb.

Xanın xəstəxanaya köçürülməsi zamanı ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Onu çoxsaylı polis avtomobilləri müşayiət edib, xəstəxananın ətrafında əlavə polis qüvvələri yerləşdirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yol kənarında park edilmiş bəzi avtomobillər də ərazidən uzaqlaşdırılıb.

Xanın səhhəti ilə bağlı narahatlıqlar və vəkillərinin müraciətlərindən sonra Ali Məhkəmə çərşənbə axşamı onun iki gün ərzində özəl xəstəxanaya köçürülməsinə qərar verib.

Qərardan əvvəl Adiala həbsxanasının rəhbərliyi məhkəməyə Xanın avqustun 10-da kardiologiya şurası tərəfindən müayinəsinin nəticələrini təqdim edib. Hesabatda keçmiş Baş nazirin qan təzyiqində dəyişikliklər olduğu və ailəsi ilə məhdud əlaqə saxlamasının narahatlıq yaratdığı bildirilib.

Qeyd edək ki, İmran Xan 2023-cü ildən Pakistanda həbsdədir. O və rəhbərlik etdiyi PTI partiyası onun həbsinin siyasi motivli olduğunu iddia edir.

Xan 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsindən sonra Baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra keçmiş Baş nazir bir sıra hüquqi prosedurlarla üzləşib.