Nə qədər əhvalsız, lap elə kədərli olsa da, yol gedərkən gözünə balaca qız uşağı dəyəndə üzü gülürdü Onun, könlü açılırdı. Sevinirdi sanki. Həmin an içindən keçən ilk istək o uşağı götürüb evə qaçmaq olurdu. Elə bu istəklə də qeyri-ixtiyari olaraq həmişə düşündüklərini təkrar ağlından keçirməyə başlayırdı: "Götürürəm bu qızı, qaçırdıram evə. Qapını içəridən bağlayıram. Oturduram yerdən, xalçanın üzərində. Tez qabağına bir kasa şokoladlı dondurma qoyuram, qaşığı da verirəm əlinə. Yəqin ki, xoşlayır şokoladlı dondurmanı. Hə, xoşlayır, mən yekəlikdə adam xoşlayıramsa, bu balaca qız niyə xoşlamasın ki? Xoşlayar. Meyvə şirəsi də. Hə, şəkilli fincanların birinə meyvə şirəsi süzüb, içinə çubuq salıb dizinin yanına qoyuram. Amma bir az aralı, toxunub aşırtmasın yəni. Telefonumu da verirəm qaşıqsız əlinə ki, oynasın, başı qarışsın. Ümid edirəm, ağlamaz onu qaçırtdığıma görə. Niyə ağlasın ki?! Axı həmin anlarda bu dünyada onu məndən çox sevən olmayacaq. Hə, ağlamaz. Az da olsa, hiss edər onu necə sevdiyimi. Əlbəttə, hiss edər. Axı o da insandır. Həm də ən təmiz qəlbli insan. Yəni balaca insan. Yox, ağlamaz. Ağlamasın yəni...
Evdə nə var, yığaram qapının dalına. Polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib qapını sındırıb içəri girincəyədək mənim bir qızım olsun yəni. Cəmi bir, bəlkə də, iki saat. Bəlkə, bir az da çox, bəlkə də, az, bilmirəm. Amma müddətin nə fərqi var ki? Əsas odur, qızı olur adamın. Guya ömür nə qədərdir, bilinir ki? Lap tez gəlib əlimdən alıb aparsalar da, olsun, dəyər bunu etməyə. Axı qızı olmadan adam necə yaşaya bilər? Yox, qızsız olmaz! Kişinin qızı olar də. Vallah!
Hər halda evdə ağır şeylər var. Qalaqlayaram hamısını qapının arxasında bir-birinin üstünə. Şifoner, soyuducu, televizor, paltaryuyan maşın, hələ divanı demirəm, divan lap ağırdır. Onu da aşırdaram yığdıqlarımın üstünə. Çarpayı, stol- stul, sandıq, yorğan-döşək, paltarlar. Qab-qacaq, ayaqqabılar. Hamısını, hamısını qalaqlayaram ağır şeylərin üstünə. Nə var, hamısını. Kitab-dəftəri də. Yox, kitabları yox, dəftərləri. Lap elə qələm-karandaşı da, lap elə diş fırçalarını da. Hər şeyi, hər şeyi yəni. Saatları, qolbaqları, eynəkləri də. Kitabları da. Hə, kitabları da. Nəyimə lazımdır. Onsuz da, hamısını oxumuşam. Özüm yazdıqlarımı da. Bir də ki, qız uşağı özü elə kitabdır də. Həm də ən maraqlı kitab. Dartışdır səhərdən axşamacan bantını, hörüklərini, tumanının ətəyini. Arada burnundan da tut, sıx. Amma ehmallıca. Ağlamasın yəni. Bundan gözəl kitab? Hə, kitabları da yığıram qapının arxasında qalaqlanmış əşyaların üstünə ki, bir az da ağır gəlsinlər. Ta nə qaldı? Heç nə, məncə. Kaş yenə nələrsə olaydı, ataydım onların üstünə. Görəsən, qonşunun bizdə bir şeyi yoxdur ki? Yox, bura şəhərdir. Bu qonşuluq o qonşuluqdan deyil. Ta heç nə qalmadı evdə. Əslində, çilçırağı da açıb qoymaq olar əşyaların üstünə. Amma o, vaxt aparar. Qızcığazla oynamağa da zaman lazımdır axı. Yoxsa niyə qaçırdırdım ki onu? Hə, çilçıraq qalsin tavanda. Ta bəsdir. Başlayaq oynamağa. Amma yox. Telefonu da uşağın əlindən alıb ataram dəhlizdə döşəmədən tavanadək qalaqlanmış əşyaların üstünə. Qoy bir telefonluq da gec açılsın qapı...
Tez gəlib oturaram qızımla diz-dizə. O, dondurma yeyər, çubuqla şirə sümürər, arada ağzını çubuqdan ayırıb nəfəsini dərər, yenə şirə içər, mən də ona baxaram. Hərdən hörüklərindən dartaram, burnunun ucunu sıxaram. Amma ehmallıca. Bərk yox. İncitməyim yəni.
Dadını çıxararam qız atası olmağın. Həm də qızsızlığın acığına. Hələ necə xoşbəxt olmağımı demirəm. Nə qədər ki əlimdən almayıblar, adını Əsmər qoyaram. Əsmər adlı qızım olar bir oynamaqlıq. Əlifbanı da öyrədərəm Əsmərə, əgər bilmirsə. Yox, bütün hərfləri yox, əlbəttə. Hamısına vaxt çatmaz. Oynamaq, meymunluq edib onu güldürmək də var axı hələ. Heyif olar o qədər vaxtı uşağa hərf öyrətməyə sərf etmək. Üç hərf öyrədərəm cəmi. Yox, üç yox, iki hərf. "A” və "T” hərflərini. Kağıza dondurmalı barmağı ilə "ata” yazsa, bəsdir. Tez o kağızı qatlayıb cibimdə gizlədərəm polislər qapını döyməyə başlayanda. Sonra yenə oynayarıq. Lap elə sonrası qapının qırılmağı olsun. Nə qapı, lap elə sonrası dəhlizdəki təpənin dağıdılıb, əşyaların sındırılması olsun, lap elə sonrası məndən şikayət olsun...”
Bu gün səhər iş yolunun üstündə yenə Onun qabağınca balaca, toppuş bir qız uşağı gedirdi. Ağ köynəkdə, çəhrayı tumanda, qara uzun hörükləri olan balaca bir qız. Anasının yanınca gah irəlidə, gah geridə qaçır, atılıb-düşür, dəcəllik edirdi qızcığaz. Yolu qızcığazın arxasından ayrılıncayadək yenə də həmişəki hissləri keçirdi O. Yenə də eyni şeyləri düşündü: "...Hə, götürüb evə qaçırdaram. Lap elə sonrası məhkəmə olsun. Lap elə sonrası həbs olsun. Lap elə cinayət saysınlar, cəza kəssinlər. Lap elə sonrası bir neçə illik məhbəs olsun. Olsun də. Dəyər bir neçə saatlıq qızın olmasına bir neçə illik məhbəs. Amma... Amma bəlkə də, eləcə əlimdən alarlar, heç şikayət etməzlər uşağın valideynləri...”
Bakı – 9 iyul 2019


Bakı -°C
