İlqar Əlfioğlu:"Telekanallar kütlə səviyyəsindədir deyə,aparıcılar efirdə şpaqat açır, dombalaq aşır"

Əziz oxucularımız, xatırlayan var bəlkə... Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb.
Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olan, indiki AzTV kanalının yaranmasından 68 il keçir. Bu münasibətlə bir zamanlar Azərbaycan tamaşaçısının sevimlisinə çevirilən “Dalğa” proqramının müəllif və aparıcısı telejurnalist İlqar Əlfioğlu ilə söhbətləşirik.
- İlqar müəllim “Dalğa” verlişini o zaman həvəslə gözləyən ailələrdən biri də bizim ailəmiz olub. Dövlət televiziyasının efirində fərqlilik, yeganə televiyamızın tamaşaçısında maraq, sevinc yaradan “Dalğa” o vaxt biz gənclər üçün əsl möcüzə idi. Həm maarifləndirmə vardı, həm məlumatlandırma , həm də əyləncə vardı.
- Mən özümü dərk edəndən demişəm ki, televiziya çağırılmamış qonaqdır. İndi qəzetlər də, saytlarda çoxdur. Amma heç bir KİV televiziya ( tv ) missiyasını yerinə yetirə bilməz. Təsəvvür edin, evinə girərkən ilk işin ayaqqabını soyunmaqdırsa, ikinci işin mütləq televizorun düyməsini basıb, sonra başlayırsan paltarın dəyişməyə, daha sonra yemək yeməyə ...
Ona görə deyirəm ki, televiziya hər bir süfrənin başında oturan çağırılmamış qonaqdır. Əgər bu çağrılmamış qonaq “üzlü” olarsa, bir o qədər ev sahibini narazı salır, bezdirir. Sovet dövründə Muratov soyadlı tanınmış bir televiziyaçı vardı. Moskva tv-da bir çox ideya və layihələrin müəllifi olub.O, tv ilə bağlı 30-40 kitabın müəllifidir .(İnanmıram ki, hazırda onun adını bilən tv işçisi olar) Muratov deyirdi ki, tv kütlədən azca yuxarı səviyyədə olmalıdır.Çox yuxarı səviyyədə olanda kütlə sənə nifrət edir :”Televiziya işçisi gərək həqiqətən də səviyyəcə çox yuxarı olsun, amma onu "qaşıq-qaşıq" göstərsin. Gərək ilk gündən tamaşaçıya bütün potensialın təqdim etməsin .Onda kütlənin yaxşılaşmaq həvəsi birdəfəlik öləcək”. Bəli, gərək məişətdə təvözəkar olsunlar, qonşularla salamlaşsınlar, özlərini heç kəsdən yuxarı tutmasınlar və bilsinlər ki, bu gün olan şöhrət sabah olmaya bilər.
- Muratov çox dəqiq hədəfi vurub... Çünki hazırda tv-ımızda səviyyə istənilən həddə deyil və kütlənin də yaxşılaşmaq həvəsi “ölüb”. Yoxdur.
- İndiki televiziyalarımız aqressivdir. Əvvəla hamısı pis işlə məşğul olduqıarını başa düşür. İnanıram ki, onlar da pis iş gördüklərini gözəl bilirlər. Çünki kütlə zövqünə işləməkdən pis şey yoxdur. Mən tv işçilərini günahlandırmıram, qətiyyən! Onlara nə tapşırılır, onlarda onu yerinə yetirir! Televiziyaya yanaşmanın səhf olduğunu düşünürəm. Ölkədə 8-9 eyni sifətli tv-kanal var ki, ancaq detalları və levlları ilə fərqlənir. Bu tamaşaçıya lazım deyil. Kanallar mütləq tematik olmalıdır. Məsələn, CBC kanalında idman verlişləri var. Buna baxmayaraq, AzTV nəzdində "İdman Kanalı" açılıb . Kanal 3-5 il əvvəlki futbol oyunlarını göstərir. Bu kanal niyə açılıb? Bunu bir sual verən var?Əgər bu kanal Milli Televiziyanın bütün idman oyunlarının vacib olanlarını göstərməyəcəksə, o adda kanal nəyə lazımdır?
- Mən düşünürəm ki, ümumiyyətlə televiziyaların yalnız informasiya vermək missiyası qalıb. Maarifləndirmək missiyasını 8-9 kanalın heç birində yoxdu. Məsələn çox istərdim ki, sırf Azərbaycan tarixini əhatə edən, qədimdən bu gününə qədər olan dövr xırda detallarına qədər bütün hadisələri , tarixi şəxsiyyətləri işıqlandırsın. Tamaşaçı tariximizi, tarixi şəxsiyyətlərimizi yox, TV uçuz şou sayəsində məşhurlaşmış savadsız, Azərbaycan qadınına, kişisinə yaraşmayan hərəkətlər nümayiş etdirən vətəndaşları daha yaxşı tanıyır.
- Bilirsiniz, tematik kanalların olması zəruridir. Tamaşaçı öz maraq dairəsinə uyğun bölünür və hərə özünə sevimli bir kanal seçir. Məsələn, Rusiya tv məkanında tarix kanalı var. “İstorika” Bəzi kanallardan çox onun izləyicisi var. Anlayıram, hər şey pula bağlıdır. Amma tək pul məsələsi də deyil. Yüksək səlahiyyətli məmurların tv-rə münasibəti düzgün deyil. Hazırda vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, Azərbaycan Respublikası Audiovizual Şurası var. O da ancaq efirdə olan söyüş, dava kimi hadisələrin baş verməsinə tövsiyyə xarakterli müdaxilə ilə işini bitirmiş hesab edir. Tutaq ki, qaynanasını döydüyü üçün məşhurlaşan, efirlərdə olan qadının bu əməli ona baxan tamaşaçı tərəfindən mənimsənilir. Axı qaynanasını döyərək , asan yolla məşhurlaşmaq, iş tapmaq, hətta yüksək səviyyəli adamlarla təmasda olmaq təbliğatı artıq tamaşaçıda cücərməyə, pərvaz etməyə başlayır. Beləliklə cəmiyyət başqa yoldan yeriməyi üstün tutur. Bax, tv-rin kütlə səviyyəsinə enməsi onun məhvidir. Bunu heç kəs ciddiyə almır və getdikcə cəmiyyətdə yaxşı olan bütün nümunələr məhvə məhkum olur. Əgər Azərbaycan tv-rı özündə prinsipal dəyişiklər etməsə, heç Tik-tokun da rəqibi ola bilməyəcək. Baxmayaraq ki, 1991-ci ildən tv-də işləmirəm, amma onların reytinqinə baxanda xəcalət çəkirəm. Adam nə qədər maaş xətrinə mənasız- lazımsız işlə məşğul olar, verlişlər yaradar. Ondansa getsinlər dəzgah dalında dursunlar , uşaq baxçasında işləsinlər ...
- Təəssüf ki, bizim teleməkanlardakı verlişlərin çoxu xarici kanallarda yayımlanan verlişlərin “kserokopiyasıdır”, həm də ən ucuz formatda ...Bu da başqalarının dəyərlərini öz cəmiyyətinə aşılamaq kimi çıxır.
- Televiziyaya ayrılan böyük büdcələr bir maarifçi kanala verilməlidir. Verilən həmin pul hara xərclənir?Deməli, 1 milyon və daha çox pula bütün dünyada insanların artıq görməkdən usandığı proqramları müqavilə bağlayıb alırlar. Həmin zəhlətökən verliş "bəh-bəh"lə sırınır camaata! Dekorasiya, studiya, geyim, danışıq tərzi –hər şey plagiat!Verlişlərin alınmasına etirazım yoxdur, amma həmin verlişi gətirəndən sonra onu olduğu kimi efirrə vermək olmaz, cilalanmalıdır, özününküləşdirilməlidir. Bundan başqa, bəyəm, Azərbaycanda başı olan, layihə hazırlayan yoxdur?Belə şeylər qəbuledilməzdir.
- Arabir məşhur verlişlər var onlara nəzər yetirirəm, sonra düşünürəm ki, bu verlişlər cəmiyyəti sanki bir uçurumun kənarına sürükləyib. Necə qurtulmaq olar bu bəladan...?
- Filosofların fikridir, deyir ki, kütlənin ən ağılsız adamının səviyyəsi nədirsə, kütlənin səviyyəsi odur. Deməli , 50 akademiki, elə o qədərdə cahillə bir otağa kütlə şəklinə salsan, orda akademik görünməyəcək, məhz o cahil, tərbiyyəsiz, səviyyəsizlər görünəcək...
- Elə niyə?
- Çünki yaxşılar dözümlü olur, cahil, tərbiyyəsiz, səviyyəsizlər, pislər aqressiv olur. Qaldı da, bu bəladan qurtulmaq məsələsinə, bunu yalnız zor gücünə düzəltmək olar. “İctimai problem” adı ilə cəmiyyətə sırınan tərbiyyəsizliklərin hamısını bağlamaq lazımdır. Hansı kanal işləmək istəyirsə, ona tematik yön verilməlidir. Axı, bu necə ola bilər ki, 15-dən çox kabel və internet tv-miz olsun , amma bir dənə maarifçi kanalımız olmasın?Demirəm ki, milyonlar qoysunlar, yeni verlişlər hazırlasınlar. O sonrakı məsələdi. Ən azından dünya praktikasında sənədli, ensklopedik filmlər var, onları tərcümə edib göstərmək lazımdır. Şəxsən mən insanlar olan verlişlərdən daha çox dünyanın fauna və florası haqqında olan verlişlərə daha çox baxıram. Ölkədə vətəndaşların maraqlandığı, maarifləndirici sahələri əhatə edən verilişlər tapılmalı, göstərilməlidir. Bunun üçün konsepsiya hazırlanmalıdır, layihələr ortaya qoyulmalıdır, tematika da bu səbəbdən mütləq lazımdır. Ümumiyyətlə, televiyalara münasibət kökündən dəyişməlidir.
- İlqar müəllim bu 68 ildə AzTV əsl məktəb olub. Roza Tağıyeva, Ofeliya Sənani, Şərqiyyə Hüseynova, İlham Rəhimli, Həqiqət Əsgərzadə, Tamilla Ələkbərova , Sevda Ağazadə, İradə Tuncay, Nərgiz Cəlilova, Nailə İslamzadə, Rafiq Həşimov və başqalarının adını çəkə bilərik ki, öz sahəsinin korifeyləri olub. Niyə bu korifeylərdən hazırda heç bir tv-də istifadə etmirlər, ən azı məsləhətçi və ya redaktor kimi...
- Çox təəssüf ki, belə mütəxəssislərdən heç bir tv-də istifadə edilmir. Əgər onlar tv-lərə dəvət olunsaydı, məsləhət versəydilər yəqin ki, tv-lərdə qadın aparıcıların şpaqat açması, donbalaq aşması kimi neqativ hallar baş verməzdi.Tutaq ki, lap məni gətirdilər bir tv-yəki məsləhət ver. Mən də bir telejurnalist olaraq bütün neqativlərin üstündən xətt çəkəcəyəm və qadağan edəcəyəm. Güzəşt etməyəcəyəm. Deyəcəyəm ki bu belə olmalıdır, bu isə belə olmalı deyil. Dediklərim həyata keçməyək, çıxıb gedəcəyəm. Bir həftə də çəkməyəcək... Yəni bu yolun faydası yoxdu. Çürüyən təkcə televiziyamızdır ki? Təhsilimiz çürümür? Mədəniyyətimiz çürümür?Ancaq yuxarının siyasi iradəsi ilə cəmiyyətimizin , gələcəyimizin qayğısına qala bilərik.
- Problemlərdən kifayət qədər danışdıq, indi keçək ötən günlərin “Dalğa”sına...Niyə o qədər sevilirdi “Dalğa”?
- Bir dəfə rəhmətlik Elşad Quliyev dedi kİ, “veriliş əvvəlki kimi əks-səda yaratmır, nə edək? Tənqidi materiallar azalıb”. Dedim ki, Elşad müəllim, mən də daxil olmaqla, aparıcıları dəyişmək lazımdır, ildə bir dəfə. Əgər sərt tənqidi süjetlər istəyirsinizsə, bundan başqa əlac yoxdu”. Dedi:” Niyə axı? Dedim:”Kəskin materialların azalmasının iki səbəbi var: Birincisi, ilk verilişlərim efirə çıxanda, vəzifəli məmurların heç birini tanımırdım, indi hamısını tanıyıram, əksəriyyətilə dostlaşmışam, çörək kəsmişəm. sərt tənqid vermək olmur" Elə belə də etdik. Aparıcıları ildə bir dəfə dəyişdik. Amma indikilər: 15 gün tv-də aparıcı olan birinin forsu yerə-göyə sığmır. “Mənim verlişim, mənim layihəm” deyərək özlərini önəmli, təkrarsız şəxs, ixtiraçı hesab edirlər.
Yeri gəlmişkən,verlişimiz efirə çıxandan xeyli sonra idi. O vaxtın daxili işlər naziri, general-mayor Aydın Məmmədov mənə zəng elədiki, İlqar sənə bir şey deyim:”Dalğa “verlişi efirdə gedəndə respublikada cinayətkarlıq sıfıra enir, inanmırsan gəl, statistikanı göstərim”. Çünki, insanlar yaxşı olmağa çalışırdılar. Fikirləşirdilər ki, day sovet höküməti yoxdu, biz yaxşı insan olmalıyıq. Bu düşüncəyə əlbəttəki, həmin dövrdə televiziya verilişlərinin də böyük qatqısı vardı. İndi elə bilirsiniz “Dalğa” verlişini yenidən çanlandırsaq, efirə çıxartsaq əvvəlki ilgini görə biləcəyikmi? Xeyir. Bax, məsələn, sosial şəbəkələrdə ağıllı, sanballı bir status yazırsan, heç 10-15 nəfər ona baxmır. Amma bir qeyri ciddi fikir yazırsan, hamı çalışır ora rəy yazsın, fikir bildirsin.
Cəmiyyət artıq kütlə halını alıb. Yenə də deyirəm, peşəkarlar, cəmiyyəti tanıyanlar, problemi bilənlər konsepsiya hazırlamalıdırlar, həyata keçirməlidirlər! “Ələkçinin qıl verənləri” yox!Məhz peşəkarlar! Deməli, balet ustaları adətən 40 yaşında təqaüdə çıxırlar. Əmək və Əhalinin Sosial Müdafis Nazirliyi bunu qaldırıb 65 yaşa.Bu qanunu yazan başa düşmür ki, 30 yaşlı balet ustası artıq həmin sənətdə qala bilməz. Yaşa görə, bu sahəyə yaramırlar. Yaxşı, işindən uzaqlaşdırılan bu balet ustaları 65 yaşına qədər nə yeməlidir, nə etməlidir? Yəni, həmin sahənin təxminən 50 peşəkarını qanuni istisnalarla əmək haqqı ilə təmin etmək mümkün deyil ki?Azərbaycan teleməkanının səviyyəsini qaldırmaq istəyiriksə, bu sahədə kökündən həll ediləsi məsələlərə səlahiyyətli orqanlar qarışmalıdırlar.
- İlqar müəllim, sizdən çox eşitmişəm, bütün neqativlərə baxmayaraq, siz hər zaman Az Tv-yə təşəkkür borcunuz olduğunu qeyd etmisiniz...
-Televiziya əbədi məhəbbətdir. Bir dəfə ora bağlandısa, heç vaxt ayrıla bilmirsən. O dövrün AzTv- sinin koridorlarında məşhur simaları görəndə istər istəməz özünü yığışdırırdın, Nahid Hacızadə, Gəray Fəzli, Cəlal Bərgüşad, Elşad Quliyev Hər biri bir məktəb idi. Biz belə şəxslərin süzgəcindən keçib telejurnalist olduq. Ona görə, hər zaman bu qurumu da, orada da əməkdaş olduğum insanları da hörmətlə xatırlayıram. Elə indi də deyirəm: Nə yaxşı ki, 68 il əvvəl o studiya yarandı, nə yaxşı ki, nəinki Azərbaycanda eləcə də şərqdə yeganə televiziya kanalı olan Az.TV yarandı və nə yaxşı ki, AzTV kimi bir kanalda mən də işlədim! Milli Televiziyamızın yaranması günü münasibətilə bütün həmkarlarımı, peşəkar telejurnalistləri təbrik edirəm. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm!
- İlqar müəllim, maraqlı söhbətə görə, sizə təşəkkür edirik! Kollektivimiz adından sizi təbrik edirik! İnşallah, televiziyalarla bağlı arzularınız bir gün çiçək açar.
Söhbətləşdi Əntiqə Rəşid
Digər Xəbərlər

Bu şəxslərin pensiya təminatı gücləndiriləcək
jpg-1747383840.jpg)
Ordumuz: Zaxarovanın heyranlığı, Lukaşenkonun fikri, ermənilərin hiddəti

Azərbaycandan xaricə gedə bilməyən borclu şəxslərə SMS göndəriləcək

Bir sıra generallar üçün vəzifədə olma ilə bağlı yaş məhdudiyyəti ləğv edilir

Bu hərbçilərin intizam tənbehi qaydasında həbs cəzası ləğv olunur

Ordumuzda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirildi - VİDEO

"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək
