adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2024 10:28
852
GÜNDƏM

İlk azad ərazilər,  ilk qələbə sevinci: Aprel döyüşlərindən 8 il ötür

Zəfərimizə gedən yolda qazanılan ilk qələbədən - Aprel döyüşlərindən 8 il ötür.


Adalet.az xəbər verir ki, hərbi ekspertlər 2016-cı il aprelin 1-də 2-ə keçən gecə  başlayan bu müharibəni İkinci dünya müharibəsi zamanı Şərq cəbhəsində, Alman qüvvələrinin Kursk çıxıntısına qarşı 1943-cü il iyul və avqust aylarında təşkil etdiyi müharibə ilə eyniləşdirirlər. Xatırladaq ki, İkinci dünya müharibəsinin ən böyük tank vuruşmalarından biri və bir gün ərzində ən çox itki verilmiş hava döyüşləri bu döyüşdə reallaşıb. Almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji döyüş Şərq Cəbhəsində təşəbbüsü Sovetlərə vermiş və müharibənin sonuna qədər də bu belə qalmışdır.
Beləki, hər zaman “qüdrətli” imici ilə qürrələnən Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk qələbə sevinci yaşadıb.

 

“Məğlubedilməz erməni ordusu” mifi darmadağın oldu

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhə boyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərini, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqeləri, eyni zamanda mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

 

26 illik məğlubiyyətdən sonra ilk qələbə dadı


Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.
Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqlənib. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur.

 

Müqayisəli, mübahisəli informasiya savaşı

Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib.

Ermənistan media vasitəsi ilə də hücuma keçərək yalan məlumatlar tirajlayaraq xalqımızı aldatmağa çalışmışdı. Erməni mənbələrinə əsasən guya  Azərbaycan məxsus 500–1500 hərbçi ölüb, 2000–2700 yaralanıb, 2 helikopter, 14 PUA vurulub
26 tank, 4 zirehli maşın, 1 hərbi maşın, 1 çox lüləli raketata məhv olunub. Amma Azərbaycan MN erməni yalanlarını əsassız olduğunu bildirdi və 101 hərbçi şəhid olduğunu, 5 hərbçi itkin düşdüyünü, 44 hərbçinin yaralandığını eyni zamanda 6 mülki şəxsin öldüyünü, 26 mülki şəxsin isə  yaralandığını xəbər verdi. 4 gündə 1 Mi-24 helikopter vurulduğunu, 1 PUA itdiyini, 1 tank məhv edildiyini də təsdiqlədi.

Azərbaycan MN Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılmasının  təmin edildiyini bildirdi.

Ermənistan mənbələri, daha dəqiq o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohonyan xalqdan itkiləri gizlətməyə çalışdı. Bildirdilər ki, 91 erməni  hərbçi ölüb (11 qeyri-döyüşçü), 123 hərbçi yaralanıb
9 mülki şəxs ölüb, 6 yaralanıb.14 tank məhv olunub.
 

Heç kim unudulmur, heç nə yaddan çıxmır

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.
Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb.

P.S. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Əntiqə Rəşid