adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Avqust 2014 17:02
13778
İDMAN

İctimaiyyət nümayəndələri klublarımızın qələbəsinə inanır- Sorğu

Bu gün "Avroliqa" turnirinin "pley-off" mərhələsində ölkəmizi təmsil edən "Qarabağ" və "Neftçi" klubları meydana çıxacaq. "Atlılar" evdə Hollandiyanın "Tvente", flaqman isə səfərdə Serbiyanın "Partizan" klubları ilə qarşılaşacaq. Hər iki klub təmsilçilərimiz üçün tanış rəqibdir. Ağdamlılar 4 il öncə-tarixində ilk dəfə yüksəldiyi "pley-off"- da hollandlara (1-3, 0-0) məğlub olmuşdusa, paytaxt klubu 2012/13-cü illər mövsümündə turnirin qrup mərhələsində serblərlə qarşılaşmış və hər iki oyun heç-heçə(0-0, 1-1) nəticələnmişdi. 
Dörd il əvvələ nəzərən xeyli güclənmiş heyyətə malik "Qarabağ" bu dəfə daha iddialı təsir bağışlayır. Baxmayaraq ki, rəqib son Hollandiya "üçüncü"südür. "Neftçi"nin isə iki il öncə "Partizan"la başa-baş, hətta bəzi komponentlərdə üstün oyun sərgilədiyini nəzərə alsaq, mərhələ keçmək şansının az olmadığı görünür. 
İlk oyunlarda qeydə alınacaq nəticələr cütün taleyinə aydınlıq gətirə bilər.

Adalet.az
saytı olaraq geniş maraq dairəsində olan bu günkü qarşılaşmalarla bağlı ictimaiyyət nümayəndələri arasında sorğu keçirdik.

Millət vəkili Fazil Mustafa: " Qarabağ"dan da, "Neftçi"dən də heç-heçə gözləyirəm"

"APA" Tv-nin direktoru Vüqar Hüseynov: "Qarabağ"dan qələbə gözləyirik. Komandanın tur keçmə şansı azdır, lakin yox deyil. Hər şey bu gün keçiriləcək oyunda həll olunacaq, ən vacib olan "Qarabağ"ın ev oyununda qol buraxmamasıdır. Doğma divarlar amili futbolda mühüm rol oynayır, amma digər komandalarımızdan fərqli olaraq "Qarabağ" həm də səfər komadasıdır. O səbəbən klubun sadiq azarkeşlər ordusunun da dəstəyilə istədiyi nəticəni əldə etməsi vacibdir.
"Partizan" "Neftçi" üçün tanış rəqibdir və məğlub edilə biləcək rəqibdir. Tur keçmək problemi "Partizan"la deyil, "Neftçi" ilə bağlı məsələdir. Yəni, komanda qələbəyə tam köklənə bilsə və 180 dəqiqəni fiziki hazırlıq baxımından başa çatdıra bilsə, tur keçmək problem olmayacaq. İlk oyunu səfərdə oynamaq "Neftçi"nin üstünlüyüdür, komanda müdafiə deyil, hücum futbolu oynamalı, nəticədən asılı olmayaraq rəqib qapıya qol vurmalıdır. Belə oyunlarda səfərdə vurulan qolların əhəmiyyəti böyükdür.Hər iki klubumuza uğurlar diləyirəm".

"Yeni Müsavat" qəzetinin direktoru Ələsgər Süleymanov: "Mən bu gün hər iki komandamızdan qələbə gözləyirəm. "Qarabağ"ın oyununa meydanda azarkeşlik edəcəm. Hər iki komandamiza uğurlar diləyirəm. Ümid edirəm ki, olar da bu gün bizi sevindirmək üçün mümkün olan hər şeyi edəcəklər".

"Publika.az" saytının redaktoru Natiq Muxtarlı: " "Qarabağ" tanış rəqiblə qarşılaşır. O rəqib ki, 5 il əvvəl bu komandaya məğlub olmuşdu. Etiraf edək ki, 5 il əvvəlki "Tvente" çox dəyişib. Həmin vaxt Hollandiya çempionu olan komanda əvvəlki qüdrətini itirib. AFFA, PFL, klub rəhbərləri də iddia edirlər ki, futbolumuz yetərincə inkişaf edib. Deməli, bu inkişafın nəticəsini bu gün görməliyik. Mənim düşüncəmə görə isə "Qarabağ" "Tvente"ni yalnız və yalnız legionerlərin sayəsində məğlub edə bilər. Ağdam klubunun legionerləri "Zalsburq"la Bakıda keçirilən qarşılaşmadakı performansı sərgiləyə bilsələr, "Tvente"yə qalib gəlmək asan olacaq. Yəqin ki, "Qarabağ" meydana yenə də ən azı 8 legionerlə çıxacaq. Qoy bu fakt AFFA rəsmiləri üçün görk olsun. Onlar anlasınlar ki, çempionatda 5 yerli futbolçu ilə oynamağa məcbur etdikləri "Qarabağ" "Tvente"yə qalib gələ bilməz. Heç olmasa imkan versinlər, Qurban Quranov legionerlərin hesabına Avropada nəticə qazansın. Eyni fikirləri elə "Neftçi" haqqında da deyə bilərəm. "Neftçi" rəhbərliyi "gənc oyunçular yetişdirmişik" fikrini tez-tez təkrarlayır. Onların yetişdirdiyi gənc oyunçular Naxçıvanda bir gürcünün-Canalidzenin əlində əsir-yesir qaldılar. Güman ki, "Neftçi" də meydana 8-9 legionerlə çıxacaq. Ümumilikdə Serbiya futbolu böhrandadı. "Partizan" yaxşı günlərini yaşamır. Amma "Neftçi"də də vəziyyət ürəkaçan deyil. Komanda daxilində qruplaşmalar növcuddu. Bu da "Neftçi"nin çıxışına təsir edir. Təsəvvür edin ki, komandanın idaretmə sistemində tam başıpozuqluqdu. Hələ də "Neftçi" ilə bağlı rəsmi açıqlamaları mətbuata istefası qəbul edilmiş Tahir Süleymanov verir. "Neftçi"nin daxilində olan qruplar atəşks elan etsələr, "ağ-qaralar" "Partizan” səddini asanlıqla keçəcək".

"Ədalət" qəzetinin baş redaktor müavini Əbülfət Mədətoğlu: "Mən futbolun fanatı deyiləm. Ancaq gəncliyimdə "Neftçi", "Ararat" və SSRİ- yığma komandalarının görüşlərini izləmişəm. Bu gün Qarabağ adı xüsusi olaraq yurd itgisi olaraq məni çox ağrıtdığından bu komandanın yaşıl meydandakı oyununu çox gərginliklə izləyirəm. Bəzən düşünürəm ki, "Qarabağ"ın hər qələbəsi problemin həllini yaxınlaşdırır. Ona görə də həmişə qələbə gözləyirəm. Hər iki komandaya qələbə arzulayıram".

"Ümid" partiyasının sərd müavini Ramin Hacılı: "Məncə "Qarabağ" oyunu heç - heçə edəcək, "Neftçi" isə uduzacaq".

Gənc yazar Aqşin Evrən: "15 ildən çoxdur ki, futbola baxıram deyə, bu oyunun praktikasını, metodikasını da mənimsəmişəm. Yəni komandaları, oyun taktikalarını yaxşı analiz edə bilirəm. Ancaq di gəl ki, verdiyim proqnozlar çox nadir hallarda tutur. Yəni doğru proqnoz vermək bacarığım yoxdur. Ümid edirəm ki, bu gün də o nadir proqnozlarımdan biri tutacaq və "Qarabağ" 1-0 hesabı ilə qalib gələcək. Nefçidən isə qollu bərabərlik gözləyirəm. Hər iki oyun çox çətin keçəcəyini düşünürəm. Xüsusən, Qarabağ oyuna öndə pressinq və cinahlardan hücumlarla başlamalıdır. Bu gün ədəbiyyat da, postmodernizm də "Qarabağ" komandasııdır, ona görə də biz də Respublika stadionunda yerimizi tutub komandamızı dəstəkləyəcəyik. "Qarabağ" bu dəfə işğal olunmayacaq".

"Sportnet.az" saytının baş redaktoru Elşən Məmmədov: "Püşk klublarımızın bəxtinə yad olmayan rəqibləri çıxardı. "Tvente" və "Partizan" güclü rəqiblərdir. Ancaq bu axşam "Qarabağ" və "Neftçi"dən çox şey asıldır. İlk oyunda cütün taleyini həll etmək çətin olacaq. Lakin təmsilçilərimiz elə nəticə əldə etməlidirlər ki, gələn oyun üçün üstünlükləri olsun. Bu baxımdan "Neftçi"nin daha çox bəxti gətirib. Çünki rəqib meydanında oynayacaqlar. İstənilən halda klublarımız sona kimi mübarizə aparmalıdırlar. Hər iki klubumuz tarix yazmağa çox yaxındır. Bu yolda "Qarabağ"a da, "Neftçi"yə də uğurlar diləyirəm".