adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Iyul 2022 14:32
962
MƏDƏNİYYƏT

İçərişəhər dünən və bu gün...

 

​ ​ ​ Ölkəmizin tarixi və mədəni zənginliyini təcəssüm etdirən maddi və mənəvi sərvətimlərimizdən biri də Bakının gözü, döyünən ürəyi İçərişəhərdir. Qala divarları ilə əhatə olunmuş, yaşı keçmişə dayanan tariximiz. Bu divarlar keçmişlə indiki aləmin arasına sədd çəkir. Əslində İçərişəhərə məxsus kiçik bir daş parçası belə, tarixi vərəq-vərəq səhifələyir, qədim şəhərin simasına aydınlıq gətirir. Əvvəlcə enli, sonra isə getdikcə daralan yollar, dördkünc evləri kiçik və yığcam göstərən ensiz pəncərələr, möhtəşəm qala divarlarında açılan oyuqlar, Xəzərə göz olmaq üçün ucaldılan Qız qalası zaman-zaman başı bəlalar çəkmiş bir şəhərin tarixindən bəhs edir.

Tarixçilərin fikrincə orta əsrlərdə dar dalanlar düşməni məhv etmək üçün vasitə sayılırdı, kiçik pəncərələr yerli əhalini istidən və soyuqdan qorumaq üçün idi. Varlılar şəhərin yuxarı başında, Şirvanşahlar sarayının ətrafında cəm olub. Aşağı başla müqayisədə ora əlçatmaz sayılırdı. Dənizətrafı məhəllələrsə kasıblara məxsus məskunlaşma yeri idi. Qız qalası dənizdən gələn düşmənlərdən qorunmağa xidmət edirdi.

​ ​ ​ ​ Bakı Şirvanşahlar dövlətini ikinci paytaxtı olub
 Ötən əsrin 50-ci illərində qala divarları qismən bərpa olunub. Bərpa işləri aparılarkən qala divarlarının tikilməsinə aid bir daş parçası tapılıb. 2 metr 70 santimetr ölçüsündə olan daşın üzərində qeyd edilib ki, qala divarları Şirvanşah 3-cü Mənüçöhrün fərmanı ilə 1138-1139-cu ildə tikilib. O daşa əsasən, qala divarlarının tarixini müəyyən etmək olub.

Tarixən isə qala divarlarının uzunluğu 1500 metr olub. 70 yarımbürc, 600-ə yaxın mazğal olub. Bu gün isə divarlardan 500 metrə qədər hissə mövcuddur. 25 yarımbürc qalıb ki, onlar da bərpa olunub., İçərişəhərə dair yazılı mənbələrdə qala divarlarının 3 hissədən ibarət olduğu bildirilir. Hər 3 divar sədd rolunu oynayıb və düşməndən qorunmaq üçün güclü vasitə sayılıb. Mənbələrdə göstərildyi kimi, divarlar bir-birinə paralel şəkildə tikilib və onları əhatə edən məsafə 25 metrə çatıb. Düşmən hücumu zamanı aralara odun doldurulur və od vurulurmuş.

Qala divarları boyu düzülmüş oyuqlar diqqət çəkir. Oyuqların arasında axan yanacaq düşməni qorxudarmış. 12-ci əsrdə qala divalarının ucaldılmasına Şah Axsitan qərar verir. Şəhərin içərilərinə doğru uzanan 2-ci, 3-cü divarlar sökülür və o daşların hesabına İçərişəhəri əhatə etmiş qala divarları 8-12 metr hündürlüyə qaldırılır.

Şirvanşahlar sarayının qarşısında sağ tərəfdə bağça var ki, ora konservasiya yeridir. Yəni oradan nümunələr muzeyə aparılıb. Onun altında 8 metr dərinliyində evlər, küçələr mövcuddur. Şirvanşahlar sarayı haqqında son zamanlar yanlış mülahizələr söylənilir. Bəzən buranı saray kimi yox, Şeyx Seyid Bakuvinin xanəgahı kimi təqdim edirlər. Bunun isə heç bir tarixi əsası yoxdur. Yalnız Bakıxanova istinadən deyirlər ki, Seyid Yəhya Bakuvinin Bakıda xanəgahı olub. Amma yeri göstərilmir.

Qeyd edək ki, İçərişəhərin öyrənilməsində alim Sara Aşurbəylinin xidmətləri əvəzsizdir. Onun Şirvanşahlar dövləti haqqında yazdığı monoqrafiya, Bakı tarixinə aid digər əsərləri İçərişəhər tarixinin öyrənilməsində mühüm mənbə olub.

Tarix elmləri doktoru Məşədixanım Aşurbəyli İçərişəhərə məxsus olan yazılı nümunələrin oxunmasında əvəzsiz xidməti olan insandır. Yazılı kitabələrə qədim şəhərin bir çox yerlərində rast gəlinir. Hər bir yazıyla bağlı alimin maraqlı açıqlamaları var. Bunlardan biri Cümə məscidinin həyətində divara vurulmuş daş kitabədir ki, oxunmuş mətni sayəsində əhalinin həyatında önəm daşıyan hadisə haqqında məlumat toplamaq mümkün olur. Bildirək ki, İçərişəhər tarixinin bütün mədəni təbəqələri tam öyrənilməyib. Yazılı abidələr isə bunun əksinə, tam öyrənilib.

​ ​ ​ ​ ​ ​ ​ İçərişəhərin 930 yaşlı məscidi

İçərişəhər 22 min hektara qədər ərazini əhatə edir. Burada hazırda 4 minə yaxın əhali yaşayır. Vaxtilə bu şəhərin aşağı və yuxarı məhəllələrində 28 məscid, 28 hamam, həmçinin karvansaralar fəaliyyət göstərib. Orta əsr dövrlərində tikilmiş hamamların quruluşu, istiliyin təmin olunması çox unikaldır. Həmçinin burada yerləşən və bərpa olunan Məhəmməd məscidi dünya tarixində bu günə qədər minarəsi salamat qalmış 4 qədim məsciddən biridir. Məscidin 930 yaşı var.

Hicri 471, miladi təqvimlə isə 1078-1079-cu illərdə inşa olunmuş bu məscid indinin özündə də gələn turistləri heyran qoyur. Sovet dövründə İçərişəhərin küçələrinə asfalt örtüyü çəkilir. Lakin sonradan küçələrdəki asfalt qatı çıxarılıb yenidən daş döşənib. Buradakı köhnə məhəllələr orada yaşayan məşhurlara görə tanınır. Hacınskilər, Ramazanovlar, Xanlarovlar, Babayevlər, Səlimxanovlar İçərişəhərdə orta əsrlərdən məskunlaşan nəsillərdəndir. Varlı nəsillər öz gəlirlərini möhtəşəm binalar tikməyə sərf edir. Həmin binalar bu gün İçərişəhərin gözəlliyini tamamlayır. Ötən əsrin əvvələrinə kimi papaqçılar, şirniyyatçılar, başmaqçılar və s. peşə sahibləri şəhər əhalisinin həyatında önəmli rol oynayıb. Xırda sənətkarlara indi də rast gəlmək olar. Demək olar ki, İçərişəhərə məxsus qədim ənənələr indi də yaşamaqdadır...

​ ​ ​ Zaman - zaman öz inkişaf dövrünü yaşayan bu tarixi məkanımızın bu gün də həm tarixiliyi qorunur həm müasir tələblərə uyğun inkişaf etdirilir. Bu günlərdə “İçərişəhər” DTMQ İdarəsi qrant müsabiqəsinin qalibi elan edilib.

​ ​ Avropa İttifaqı- nın maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən Şərq Tərəfdaşlığı ölkələri ərazisində icra edilən “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” Proqramı çərçivəsində elan edilmiş qrant müsabiqəsinin qaliblərindən biri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi oldu. “İçərişəhər” DTMQ İdarəsinin təklif etdiyi “SmartOldCity” (Ağıllıİçərişəhər) layihəsi çərçivəsində #qoruq ərazisində bir sıra xidmətlərin, o cümlədən əhaliyə, yerli və xarici ziyarətçilərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması nəzərdə tutulur. Bundan başqa, layihə çərçivəsində İçərişəhərdə innovativ ekosistemin yaradılması, bununla da yaradıcı və mədəniyyət sektoru üçün mövcud çağırışların həllində kompleks və hərtərəfli yanaşmanın tətbiqi nəzərdə tutulur. Bu kimi müsbət nailiyyətlər "İçərişəhər" DTMQ-u rəhbərliyinin peşəkar idarəetmə bacarığı nəticəsində əldə olunub. Bu mənada bu uğurlu nəticə ilə bağlı xalqımızı və İçərişəhər DTMQ- nun kollektivini və İdarə heyətinin sədri Şahin Seyidzadəni təbrik edirik. Bundan sonrakı fəaliyyətlərində kollektivə və rəhbərliyə daha böyük uğurlar arzu edirik.

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ