İbrahim Yusifoğlu: AZAD ELDƏ,AZAD DİLDƏ OXUNAR, ZƏFƏR NƏĞMƏSİ
Zəfər nəğməsi
Nəğmələrin müqəddəsi,ulusu,
Meyvələrin ən şirini,sulusu,
Bulaqların ayna kimi durusu-
Zəfər nəğməsi.
Bu nəğmənin hər sədası ‘’Cəngi’’di,
Al-qırmızı kəlmələrin rəngidi,
Dar anında bir oyanış zəngidi-
Zəfər nəğməsi.
Döyüşlərdə dönər ‘’Dəmir Yumruğa’’,
Haya yetən xilaskar quş Simurqa,
Səslənəndə el qovuşar xoş çağa-
Zəfər nəğməsi.
İgidlərlə o,eyləyər yoxdan var,
Mərd əllərdə ilmələnər,toxunar,
Azad eldə,azad dildə oxunar-
Zəfər nəğməsi.
Şuşa
Dünyanın müqəddəs günüdür, bu gün,
Xoş müjdə qəlbləri gətirib cuşa.
Gözlər bulaq kimi coşub-çağlayır,
Bu gün anasına qovuşur Şuşa.
*****
Daşını,adını Pənahxan qoyub,
Zirvəyə Qaranquş yuvası qonub,
Düşməni göynədən göz dağı olub,
Neçə yol gəlibdi bədd gözlə tuşa,
Hər vaxt qalib çıxıb döyüşdə Şuşa.
**
Qoynu tapdaq oldu,inildəyibdi,
Yadlar rəqs eyləyib,dingildəyibdi,
Sərxoş qədəhləri cingildəyibdi,
Dönüb qəfəsdəki dərdli bir quşa,
Azadlıq eşqiylə yaşayıb Şuşa.
**
Talan eylədilər sərvət –varını,
Pərən-pərən gördü övladlarını,
Çəkmədi dağlardan duman,qarını,
Gözlədi qan-qada sülhlə sovuşa,
Bu nəcib istəyə çatmadı Şuşa.
**
Yaman uzaq düşdü azan səsindən,
Cabbarın,Bülbülün gur nəfəsindən,
“İsa bulağı”nın zümzüməsindən,
Çırpınan köksünü döndərdi daşa,
Xilaskar ordunu gözlədi Şuşa.
**
Nə qədər qəlbləri sevgisi sarmış,
Ali Baş Komandan bəxtini yazmış,
Bütov Azərbaycan Şuşaya yarmış,
Hamısı bir olub qalxdı vuruşa,
Vəhşi caynağından qurtuldu Şuşa!
**
Şuşa!- qeyrət,şərəf,qürur şəhəri,
Şəfəqə dönəcək hər bir səhəri,
Dünyaya səs salıb dönüş zəfəri,
Xoş müjdə qəlbləri gətirib cuşa,
Bu gün anasına qovuşur Şuşa!
08.11.2020
Hava durumu
Işğal illərində “Hava durumu”nda Qarabağ rayonları haqqında Azərbaycan tərəfindən məlumatlar veriləndə ermənilər buna rişxəndlə mesaj verirdilər: “Qarabağın havasının durumunu Azərbaycan neyləyir...” Qarabağın torpağı kimi,havasını da almışıq...
Onsuz da hisslərimiz
Çarmıxa çəkilmişdi.
Köksümüz kotanlanıb
Dərd bəla əkilmişdi
...
Düşmənin tapdağında
Qıvrılırdı Qarabağ
Yer üzündə bir elə
Çəkilməyib belə dağ
...
Vəhşilər caynağında
Çırpınırdı Xan Şuşa
Dönmüşdü yad qəfəsdə
İnildəyən bir quşa
...
Cəbrayıl, Füzulinin
Qəlb yanırdı halına.
Qubadlıda dağların
Duman çökdü yalına.
...
Xankəndi bələnmişdi
Xankəndinin qucağı
Şər-şeytan oylağıydı.
Xocalı yarağının
Qan süzülən çağıydı.
Saqqallı əsgərlərə
Bircə xəbər tuturduq
Günəşindən, qarından.
Ekranda yayımlanan
“Hava durumları”ndan.
...
Bunu da həzm etməyən
Ermənilər söyləyir
-Qarabağın havasın
Azərbaycan neyləyir.
...
Tutaq ki, Qarabağda
Günəş çıxır, yaör qar...
Bunların müsəlmana
Nə isti, soyuğu var
...
Torpağını, suyunu
Almışıq havasın da
Gör neçə illər keçib,
Qurtardıq davasın da.
...
Dığaların gülüşü
Ruhumuzu əzirdi
“Ya Qarabağ, ya ölüm”
Göylərə yüksəlirdi
...
Çox təmkinlə gözlədi
Gəlməsini o anın,
Əmri sərt, qəti oldu
Ali Baş Komandanın
...
Azərbaycan əsgəri
Aşdı aşılmaz dağı.
“Dəmir Yumruq”qurtardı
İşğaldan Qarabağı.
...
...Bu mesajı oxuyun:
Qorxaq, məğlub, yavalar.
Sizsiz daha xoş keçir
Qarabağda havalar.
...
Dünya görür qarışıb
İrəvanın havası
Axır ki məhv olacaq
Oğru, quldur yuvası.
...
Həsrətlə baxarsınız
“Hava durumları”na.
Göz dikməyin bir daha
Qonşu torpaqlarına.
14.10.2020
Ölümü Tanrıdan gələn qardaşım
(Şəhid məzarı üstündə oxunan şeir)
Zəfər günlərini yaşayır Vətən,
Sevinc içindədir torpağım, daşım.
Elin ağır günü, qeyrət dəmində,
Ölümü Tanrıdan gələn qardaşım!
Ölümü Tanrıdan gələn qardaşım,
Dözmədin dözülməz haqsızlıqlara.
Canından keçsən də torpaq vermədin,
Şərəfin itirmiş çaqqal “yan”lara.
Qardaşım, həddini düşmən aşanda,
Özgənin kütüylə quduzlaşanda,
Tale də üzünü göyə döndərir,
Döyüş meydanında elə o anda
Kərbəla düzündən,Bəzz qalasından,
Tanrı ən müqəddəs ölüm göndərir.
Qəbrin nurla dolsun, işıqla dolsun,
Müqəddəs ölümə çatan qardaşım.
Əbədi mənzilin behiştlik olsun,
Torpağın qoynunda yatan qardaşım.
...Elin ağır günü, qeyrət dəmində,
Ölümü Tanrıdan gələn qardaşım!
Şəhid anaları
Neçə illər idi qansız yağılar,
Dərdlə sinələri dağlayıbdılar.
Dünyada ən qəmli ağrılar ki, var,
Şəhid anaları ağlayıbdılar.
Oğulla bir yerdə ötən illəri,
Ömrə ən müqəddəs il sayıbdılar.
Acılı- şirinli xatirələri,
Şəhid anaları yaşayıbdılar.
Zərif ziynətləri, gözəl geyimi,
Oğul toylarına saxlayıbdılar.
Talenin qarası hopmuş örpəyi,
Şəhid anaları bağlayıbdılar.
Gözləri yol çəkər, quru çeşmətək,
O qədər ki, dərddən çağlayıbdılar.
Həyatda ən qəmli, kədərli, kövrək
Şəhid anaları ağlayıbdılar.
Ordenli, medallıdı
Əsgər əmim əsgərdi
Xidmət edir Vətənə.
O, bir pələngdi, nərdi,
Qan uddurur düşmənə.
Tanıyır dağ dərəni,
Bu yerdə boy atıbdı.
Döyüşlərdə düşməni,
Al-qanına qatıbdı.
Keçdiyi yol şərəfli,
Əzəmətli, mətindi
Əmimin dəstəsiylə
Vuruşmaq çox çətindi.
İlk həmlədə aldılar,
Xudafərin körpüsün.
Pərən-pərən saldılar
Qaçaq-quldur sürüsün.
Önlərini kəsmədi
Dumanlı dağ, sərt qaya
Simurq qanadlarında
Yetişdilər Şuşaya.
Odlu nəfəslər kimi,
Qarabağa doldular.
Bu zəfər savaşında,
“Dəmir yumruq” oldular.
Əsgər əmim danışır,
Sözü şirin ,ballıdı.
Onun enli sinəsi,
Ordenli, medallıdı.
Inanırıq
Külək əsir durmadan,
Yağış atır arada.
Göylər qara don geyib,
Qar qoxsu var havada.
Ayan bala sığınıb,
Nənəsinin qoynuna.
Kövrəlibdi, dolubdu,
Müharibə oynuna.
Deyir: Nənə havalar,
Soyuq keçir Murovda.
Əsgərlər üşüyəcək
Bu dumanda, qırovda.
Işığı, qazı söndür,
Göndərək əsgərlərə
Dibçəkdəki gülləri
Düzsünlər səngərlərə.
Toxunan corabları,
Əlcəkləri yollayaq.
Şanlı bir məktub yazım,
Hər ikimiz qollayaq.
Məktubu yazacağam
Bu istəkdə, yazıda
Qarabağda qalmasın,
Erməninin tozu da.
Azərbaycan əsgərin
Igid, qorxmaz sanırıq
Zəfər qələbəsinə
Biz qəlbən inanırıq..
14.10.2020