adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 20:12
71
GÜNDƏM
A- A+

Hesablama Palatası bu qurumlarda nöqsanlar aşkarladı

Hesablama Palatası Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi zamanı bir sıra nöqsanlar və uçot təhrifləri müəyyən edib.

Adalet.az xəbər verir ki, Auditor hesabatına əsasən, Milli Arxiv İdarəsinə şərti müsbət rəy verilib.

Bu isə o deməkdir ki, maliyyə hesabatları ümumilikdə qəbul edilə bilən hesab olunsa da, bir sıra mühüm uyğunsuzluqlar aşkarlanıb.

Audit zamanı uzunmüddətli aktivlərin bir hissəsinin düzgün hesab və subhesablarda uçota alınmadığı, bəzi aktivlər üzrə amortizasiya xərclərinin düzgün hesablanmadığı, eləcə də 687 ədəd bioloji aktivin dəyərinin müəyyən edilmədiyi və uçota alınmadığı məlum olub.

Hesabatda qeyd edilib ki, arxiv sənədlərinin rəqəmsallaşdırılması və elektron xidmətlər portalının yaradılması ilə bağlı bağlanmış müqavilə üzrə 253,7 min manat məbləğində iş və xidmətlər vaxtında başa çatdırılmayıb. Bununla yanaşı, müqavilə şərtlərinə əsasən tətbiq edilməli olan 25,37 min manat məbləğində cərimə sanksiyası icraçı şirkətə tətbiq olunmayıb.

Bundan başqa, informasiya sistemlərinin dəstəklənməsi xidmətlərinin satınalınması üzrə 197,18 min manat məbləğində əvvəlcədən ödənilmiş vəsait avans kimi deyil, birbaşa xərc kimi uçota alınıb. Nəticədə 2024-cü il üzrə maliyyə hesabatlarında qısamüddətli aktivlər az, əməliyyat xərcləri isə çox göstərilib.

Hesablama Palatası həmçinin müəyyən edib ki, İdarə sənədlərini qaydaya salan Mərkəzin maliyyə hesabatları konsolidə edilmiş hesabatlarda nəzərə alınmayıb. Bu səbəbdən gəlirlər 505,47 min manat, əməkhaqqı və əlaqəli xərclər 450,41 min manat, sair əməliyyat xərcləri isə 14,3 min manat az əks olunub.

Audit zamanı bəzi hüquqi şəxslərə göstərilmiş ödənişli arxiv xidmətləri üzrə xidmət haqlarının hesablanmadığı da üzə çıxıb. Nəticədə İdarənin gəlirləri 18,99 min manat az göstərilib.

Hesabatda o da vurğulanıb ki, İdarənin tabeliyində olan 14 filialda analitik və sintetik uçot lazımi qaydada aparılmayıb, baş kitab işlənməyib və 2024-cü il üzrə maliyyə hesabatları tərtib olunmayıb.

Bundan əlavə, büdcədənkənar vəsait hesabına işçilərin mükafatlandırılması üçün xərclər smetasında normadan artıq vəsait nəzərdə tutulub. Belə ki, 444,4 min manat gəlirin 60%-i, yəni 266,64 min manatı bu istiqamətə yönəldilməli olduğu halda, smetada 300 min manat vəsait göstərilib.

Hesablama Palatası, həmçinin filial direktorunun səlahiyyəti olmadığı halda bir nəfər ştatdankənar işçinin işə qəbul edildiyini və buna görə 1 985,85 manat vəsait xərcləndiyini açıqlayıb.

Qurum Milli Arxiv İdarəsinə bağlanmış müqavilələr üzrə öhdəliklərin icrasına nəzarətin gücləndirilməsi, alt qurumlarda uçot və maliyyə hesabatlarının düzgün təşkili, eləcə də aşkarlanmış təhriflərin müvafiq mühasibat yazılışları ilə aradan qaldırılması ilə bağlı tövsiyələr verib.

*** 

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında da nöqsanlar aşkarlanıb. 

Belə ki, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.

Eyni zamanda, 2024-cü ildə Fondun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.

Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.

Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.

Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.

Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.