adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Iyun 2022 10:36
2323
MÜSAHİBƏ

“Hərənin öz İntiqamı...”

– Seyran müəllim, sizdən nə vaxt müsahibə almaq istəmişəmsə, həvəslə danışmısınız. Buna görə təşəkkür edirəm. Bu dəfə yaxın günlərdə dünyasını dəyişən jurnalist İntiqam Mehdizadə haqqında danışacağımızı bildirəndə sizdə tam hazırlıqlı vəziyyət hiss etdim, sanki sevimli dostunuz haqqında çoxdan danışmaq istəyirmişsiniz. Sağlığında da İntiqam müəllimdən söhbət düşəndə körpə uşaq əzizləyirmiş kimi danışırdınız. Bunu dostluğa sədaqət, insanlığa hörmət kimi dəyərləndirməliyik. Bu cəhətinizi hətta gözəl nümunə hesab etməliyik. Uzun illərin dostluğunun təməli ilk dəfə neçənci ildə qoyulduğunu xatırlayırsınızmı?

 İntiqamı 1964-cü ildən tanıyıram. İlk gündən necə tanıdımsa, axıradək də o cür qaldı.

 Yadımdadır, biz üçümüz sizin iş otağınızda söhbət edəndə demişdiniz ki, İntiqam çox safdır. Mən də heç kəsə yaxınlaşmadığım halda, məhz bu cəhətinə görə ən yaxın adam kimi yalnız onunla ünsiyyət saxladığımı vurğulamışdım.

– O, heç kəsə bənzəməyən nadir bir oğuldu. İlahi, insan nə qədər saf olar? Yaşayan dostlarım sözümü təsdiqləyərlər ki, öz çevrəmizdə dəfələrlə demişəm, mən də, siz də daxil olmaqla aramızda ən safımız İntiqam olub.

 Çevrəniz deyəndə kimləri nəzərdə tutursunuz?

– Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Tofiq Hüseyn, Tofiq Abdin (Məhərrəmoğlu) və s.

– Hansısa mövzuda mübahisələriniz olurdumu?

– Çox nadir hallarda mübahisə edərdik, əksər vaxt bir-birimizin dediklərimizlə razılaşmışıq. Yalandan yox ha, səmimi razılıq olurdu. Ona görə də biz bu qədər yaxın olmuşuq.

– Dilimizdə “yola vermək” ifadəsi var. Yaşlı nəsil bunu mehribanlığı qorumaq üçün edilən güzəşt mənasında işlədir. Gənc nəsil ifadədən “başından eləmək” anlamında istifadə edir. Mən klassik qaydada yola verməyi nəzərdə tutub soruşuram: İntiqam Mehdizadə ilə üst-üstə düşməyən fikirləriniz olanda kim kimi yola verirdi?

– İntiqam qardaşım bizim hamımızdan bir baş yuxarı idi. Ona görə də hamımızı yola verirdi, yola vermək böyük adamlara məxsus xüsusiyyətdir.

– Özü saf olduğundan bu cür insanları çox sevirdi. Mənə də tövsiyə edirdi ki, olduğun kimi qal, dəyişmə.

– Belə götürəndə yaşı yetmişdən çox idi, amma o, yeniyetmə getdi bu dünyadan. O mənada ki, İntiqamın daxilində bir saf İsmayıllı uşağı vardı. O uşaq heç böyümədi, Elə on beş-on altı yaşlarında qaldı. Uşaq saflığı ona çox böyük hörmət gətirmişdi. İntiqam yaradıcılıq uğurlarına görə də içindəki yeniyetmə İntiqama borclu idi.

– Yəqin ki, dost itkisi xatirələri titrətdi.

– Dostlar yüz yaşında da bizi dünyada qoyub getsələr, tez getmiş hesab olunurlar. Xəbəri eşidəndə sarsıldım. İnsan hər ölən dostuyla ölə-ölə özü axırda ölür. İntiqamın yeri həmişə görünəcək. Tez-tez zəng vururdu, deyirdi, sarı Seyran, hazırlaş iki gündən sonra gedirik İsmayıllıya.

– İsmayıllıda yadda qalan əhvalatlardan birini danışın.

– Otuz beş, ya qırx il qabaq İsmayıllıda zəlzələ olmuşdu, həmin vaxt mən onların evində anasının açdığı süfrənin ətrafında oturmuşdum. Kefimiz də yaxşı idi, zəlzələ bizi qəti qorxutmurdu. Anası gəlib deyirdi, ay balalarım, heç olmasa düşün aşağıda oturun, vəziyyət qorxuludur. O vaxt bizə elə gəlirdi ki, zəlzələnin qabağında baş əyən oğullar deyilik. Cavan idik də. O qədər qaynayıb qarışmışdıq ki, canbir qəlb olmuşduq. Bizim evdə də İntiqamı hamı çox istəyirdi, ondan yox idi.

– Sizə təkliyindən gileylənirdimi?

– Züleyxanı çox sevirdi. Onun dünyasını dəyişməsi İntiqama hədindən çox pis təsir eləmişdi. Çalışırdıq təsəllilərimizlə sakitləşdirək, amma bu müvəqqəti olurdu. Təsəllinin təsiri sovrulan kimi yenə darıxırdı.

– Sonuncu dəfə nə vaxt görüşmüsünüz?

– Bu sual “ilk şeiri nə vaxt yazmısan?” sualı kimi bir şeydir. Heç birisiylə nə vaxt, harda görüşdüyüm və dünyadan gedənlərlə axırıncı dəfə nə vaxt bir yerdə olduğum qətiyyən yadımda qalmır. Yadımda olan yalnız budur ki, dostluq məhəbbətə bağlıdır, dostlarım çox olub, hamısından yarımışam.

Mən onları çox istəmişəm, onlar da məni çox istəyiblər. Yaxud da əksinə. Rəqəm dostluğun ayaqları altında qalan bir şeydir.

Deyəsən, üçümüz bir yerdə görüşdüyümüzdür, ondan sonra görüşə bilmədim.

– Pandemiya imkan vermədi...

– İntiqamı neçə nəfər tanıyıb sevirdisə, hərə bir cür sevirdi, hərənin öz İntiqamı vardı. Mənə elə gəlir ki, mənim tanıdığım İntiqam başqalarının tanıdığı İntiqamdan daha ağıllı, daha cəsarətli, daha səmimi, daha safdır. Yaxşı ki, o, dünyaya gəlmişdi, yaxşı ki tanış olmuşduq.

– Mənim də mətbuat aləmində ailə üzvlərimdən biri sandığım yeganə insan idi. Bəzi cəhətlərinə görə babama bənzədirdim.

– Gözəl jurnalist idi. “Bulaq” verilişinin ərəsəyə gəlməsi üçün çox zəhmət çəkirdi. Haqqımda yazı yazmışdı, “Azərbaycanın Yesenini”. Radioda hansısa yubileyimdə “Mənim sarı Seyranım” adlı oçerk də hazırlamışdı.

– Onun savadından, istedadından, peşəkarlıq və təcrübəsindən yetərincə istifadə etməli idilər. Radiodan təqaüdə çıxarılanda bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışdı. Ordan ayrılandan sonra işlərində durğunluq yarandı. Son ildə təzədən dəvət etmişdilər, “Bulaq” verilişi üçün mətnlər yazırdı. Əvvəlki məsuliyyət, çeviklik yerində idi. Mənim üçün onun haqqında yoxluğunu nəzərdə tutub danışmaq çətindir.

– Övladlarına atalarının torpağı sanı yaşamağı arzu edirəm, İntiqamın adını həmişə uca tutsunlar. Atalarının ucalığı bundan sonra on nəsil törəyənlərinə də bəs edər. Hələlik, İntiqam qardaşım, görüşənədək.

 

Söhbətləşdi: Pərvanə Bayramqızı