14 Oktyabr 2022 21:20
3967
MÜSAHİBƏ

Hər kəsin tanıdığı Məmməd Araz necə ata idi? - Şairin qızı ilə MÜSAHİBƏ

Bu gün ömrü fırtınalara sinə gərməklə keçmiş, bütün varlığı ilə Azərbaycan olmuş, ömrün qışında dünyadan da, özündən də küsmüş şair Məmməd Arazın 89 yaşı tamam olur. 

Lent.az-ın Məmməd Arazın doğum günündə onun qızı publisist İradə Tuncayla müsahibəsini təqdim edirik:

- Hər kəsin tanıdığı şair Məmməd Araz necə ata, necə ailə başçısıydı?

- Onu yadıma salanda, adı gələndə hələ də ürəyim əsir, dilim dodağım titrəyir. Ailəsini, övladlarını sevən insan idi. Çox ciddiydi. Qızlarına qarşı qadağaları da var idi. Evə gec gəlmə, televizora çox baxma, telefonla çox danışma və s. Bununla belə çox da mehriban, çox anlayışlı ataydı. Hərdən xəbərlərdə ataların övladlarına qarşı qəddarlığı barədə oxuyanda mat qalıram, bu necə olur, necə ola bilər, mən anlamıram. Məmməd Araz çox ailəcanlı insan idi. Ondan sevgi görmüşəm. Biz iki bacı atamızı daha çox sevmişik.

- Səbəbi məşhurluğu idi?
 
- Məşhurluğun xeyrini yemirdik ki. O, işi düz gedən şairlərdən deyildi.

- “İti bazarında atından baha, mən belə dünyanın nəyindən küsüm?” demişdi şair. Qiymət verdimi bu dünya ona?

- İnsanlar onu çox sevirdilər. Bu gün onun misralarını əzbər bilirlər, sevgi var idi. Sevgini insana zorla yeritmək olmaz ki. Amma… Bu xalq da çox çəkib, onun şairi də.

- “Ədəbiyyat” qzetindən çıxandan sonra Parkinson xəstəliyinə tutulmuş və bu xəstəlik ona çox əziyyət vermişdi. Nə idi “günahı”?
 
- Ayağı altına yastıq qoyanlar 
Başının altına qumbara qoydu.

Qəzetdə Nərimanov haqqında material dərc edilmişdi və bu barədə Moskvaya məlumat ötürülmüşdü ki, Nərimanov milliyyətçidir. Teleqramlar getdi. Onu işdən də, partiyadan da çıxartıdlar. O vaxt partiyadan çıxarılmaq Sibirə göndərilmək kimi bir şey idi. Ona görə 40 yaşlarından xəstə düşdü. Bir şeiri də var, xəstəxana divarları arasında yazılmış.

14 oktyabr - qırx doqquz yaşım...
Görüşdük onunla xəstəxanada.
Əyləşib dərmanım, dərdim yanaşı,
Təklikdən qorxanda təklənir adam

- Sonralar onun Milli İstiqlal Partiyasına üzv olması doğrudur?

- Bəli, doğrudur.

- “İlahi, qəlbimə bir duyğu göndər.
Yazıqdır, yazıqdır məni sevənlər”.

Ona gələn sevgi məktublarını ananız qısqanmasın deyə muzeyə veribmiş deyə eşitdim. Çox gəlirdi belə məktublar və ananız çox qısqanc idi?

- Məşhur və yaraşıqlı kişiydi. Əlbəttə, çoxlu məktublar gəlirdi. Sonralar anama demişdi ki, sən əsəbiləşməyəsən deyə. Qadındır da, belə münasibət normal idi. Biz də qızları olaraq qısqanırdıq. Amma sonra yaşa dolduqca anladıq ki, bunlar təbii şeylər imiş.

- Atanızın şəkillərinə, məzarı üstəki abidəsinə baxınca hiss edirsən fırtınalı ömrü olub, çətin ömür yolunun portreti idi siması.

- Doğru təsbitdir. Uşaq ikən atası xalq düşməni kimi həbs olunub. Sürgün edilib. Cəmiyyət içində xalq düşmənin oğlu kimi yaşamalı olub. Bunun öz ağrıları var idi.

- Məmməd Arazın övladı olmağın komfortu çoxdur, yoxsa məsuliyyəti?

- Mənim həyatımda komfort görmüsüz? Bu böyük məsuliyyət idi.

- Adından istifadə edib kiməsə ağız açmışdı heç? 

- Onun adından istifadə edənlər çox idi. Özü üçün, ailəsi üçün ağız açmazdı. Əgər sözü eşidilirdisə, ehtiyacı olanlar üçün bunu edirdi, əlindən gəldiyi qədər. Bizim üçün nəsə etməyə onun imkanı, vaxtı qalmadı. Son zamanlar incik idi. Masasının üstünü yığışdıranda bir misrasına rast gəldim. Bəzən bir iki sətir yazıb qoyurdu, sonra o şeir yazılmırdı. Son misralarından biri beləydi: “Ay Allah, bu xalqın mən boyda şairi yetim”.

Qeyd edək ki, Məmməd Araz 1933-cü il oktyabrın 14-ündə Şahbuz rayonunun Nurs kəndində anadan olub. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb. Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni 1995, bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdın Tağıyevin mükafatın laureatıdır (1992). Onun adına Məmməd Araz Mükafatı təsis olunub. 

2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub