adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 10:11
72
SAĞLAMLIQ
A- A+

Həkim, pasiyent və aptek bir sistemdə - Səhiyyə Nazirliyinin açıqlaması

“Elektron Resept Sistemində reseptlərin saxtalaşdırılması riskinin minimuma endirilməsi məqsədilə çoxsəviyyəli təhlükəsizlik və nəzarət mexanizmləri tətbiq olunur”.

Adalet.az xəbər verir ki. bunu 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinə görə, sistemə daxil olaraq resept tərtib etmək hüququ yalnız səlahiyyətli həkimlərə verilir və bütün əməliyyatlar identifikasiya olunmuş istifadəçi hesabları vasitəsilə həyata keçirilir:

“Bu yanaşma hər bir reseptin konkret həkimlə əlaqələndirilməsini təmin edir və məsuliyyət mexanizmini gücləndirir. Həkimlər resept tərtib edərkən sistem üzərindən pasiyenti qəbul etdikləri tibb müəssisəsini seçərək, resepti həmin müəssisə üzrə rəsmiləşdirirlər. Resept tərtib olunduqdan sonra onun məzmununda dəyişiklik etmək mümkün deyil. Resept həkim tərəfindən ləğv edildiyi halda belə, onun elektron nüsxəsi sistemdə saxlanılır, lakin etibarsız status aldığı üçün apteklər tərəfindən təmin edilmir. Elektron reseptlər tərtib edildiyi tarixdən etibarən 3 ay müddətində qüvvədə olur. Bu müddət başa çatdıqdan sonra resept avtomatik olaraq istifadə üçün etibarsız hesab edilir. Sistem həmçinin resept üzrə dərmanların hissə-hissə təmin olunmasına da imkan yaradır. Bu o deməkdir ki, reseptdə göstərilən dərman vasitələri ehtiyac yarandıqca mərhələli şəkildə əldə edilə bilər. Reseptdə qeyd olunan bütün dərman vasitələri təmin edildikdən sonra isə həmin reseptin təkrar istifadəsi mümkün olmur”.

S.Məhərrəmova vurğulayıb ki, sistemdə tərtib edilən bütün reseptlər vahid məlumat bazasında saxlanılır və hər bir resept üçün unikal identifikasiya kodu formalaşdırılır:

“Apteklərdə dərman vasitələrinin buraxılışı yalnız sistemdə mövcud olan və təsdiqlənmiş elektron reseptlər əsasında həyata keçirilir. Bu mexanizm reseptlərin saxtalaşdırılması, təkrar istifadəsi və ya qeyri-qanuni dövriyyəsinin qarşısını effektiv şəkildə alır. Bundan əlavə, sistemdə audit və izləmə funksiyaları da mövcuddur. Reseptin tərtibi, icrası və onun üzərində aparılan bütün əməliyyatlar sistem tərəfindən qeydə alınır və izlənilir. Bu imkan şübhəli və ya qeyri-standart əməliyyatların operativ şəkildə aşkarlanmasına və zəruri hallarda müvafiq araşdırmaların aparılmasına şərait yaradır. Nəticə etibarilə, Elektron Resept Sistemi kağız reseptlərlə müqayisədə daha təhlükəsiz, izlənilə bilən və nəzarət olunan mühit yaradır. Bu isə reseptlərin saxtalaşdırılması riskini əhəmiyyətli dərəcədə azaldaraq dərman dövriyyəsində şəffaflığın və etibarlılığın təmin edilməsinə xidmət edir”.