14 Aprel 2023 18:01
337
GÜNDƏM

Heç vaxt birmənalı qəbul edilməyən şəxsiyyət: Nəriman Nərimanov - 153

Azərbaycan tarixində elə tanınmış simalar var ki, ictimai-siyasi fəaliyyətinə görə heç vaxt birmənalı qəbul edilməyiblər. Buna baxmayaraq hər zaman xalqın yaddaşında dərin kök salıblar.

Adalet.az
xəbər verir ki, belə şəxsiyyətlərdən biri də, İctimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı Nəriman Nərimanovdur və bu gün onun doğum günüdür.
Nəriman Nəcəf oğlu Nərimanov 1870-ci il 14 apreldə Tbilisi şəhərində anadan olub.

Yazıçı, ziyalı, millətçi, türkçü...

O, 1894 ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana-kitabxanası təşkil edib. Bu zaman Nərimanov ictimai problemlərə toxunduğu "Nadanlıq" (1894), "Şamdan bəy" (1895), "Nadir Şah" (1899), "Bahadır və Sona" (1896-1908) kimi ədəbi əsərlər yazıb, N.V.Qoqolun "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə edib (1899), Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər tərtib edib.

1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorosiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib. Kommunizmin "parlaq" liderlərinə ürəkdən inanıb, sonralar səhv etdiyini başa düşüb və peşmanlıqla ömrünü başa vurub.
Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın Nərimanov haqqında yazdığı monoqrafiyadan: “İctimai-siyasi fəaliyyətini amalına xidmətə həsr etmiş Nəriman Nərimanov həm sağlığında, həm də vəfatından sonra dəfələrlə yasaqlanıb, həm də yamanlanıb. Həm sovet dövründə, həm müstəqillik zamanı, hakim bolşevik elitası onu millətçi, türkçü, burjua millətçisi, müsavatçı adlandıraraq təqib edib. Onun amalı Şərqin müstəmləkə boyunduruğundan azad olmasına nail olmaq, Azərbaycanın nümunəsində Şərq üçün ideal respublika modeli yaratmaq idi”.

Bolşevik siyasətinin riyakar üzü və Nərimanovun mübarizəsi

1909-cü ildə həbs olunaraq Astraxan şəhərinə sürgün edilib. 1919 ildə o,Moskvaya çağırılır, RSFSR xalq milli işlər komissarının müavini işləyir. 1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olub.

Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" təşkilatının komitəsinin sədri və Bakı şəhəri üzrə RSDRP-in (bolşeviklər) üzvü, "Hümmət" qəzetinin redaktoru idi.
1918-ci ilin baharında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Bir il sonra Moskvaya çağırılaraq xalq komissarlığının xarici işlər bölməsində yaxın şərq məsələləri üzrə xalq komissarının müavini vəzifəsinə təyin edilir.Xalq Cümhuriyyəti süqut etdikdən, Bakı işğal olunduqdan sonra N.Nərimanov Azərbaycan İnqilabı Komitəsinin (Revkom) və Xalq Komissarları Şurasının sədri təyin edilir.1920 il aprelin 27-də, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Nərimanov Azərbaycan SSR XKS-nin sədri seçilir.1922-ci ildə SSRİ yarandıqdan sonra o, Mərkəzi İcra Komitəsinin sədrlərindən biri təyin olunur.


Nərimanovun müəmmalı ölümü


Tarixçi Əhmədova daha sonra qeyd edir: "Nərimanov yeganə müsəlman-türk kommunist idi ki, 1918-ci ildən rəsmi çıxışlarında, yazılarında erməni kommunistlərini riyakarlıqda ittiham edir, kommunist cildinə girmiş daşnaklar adlandırırdı. Onlara vəzifə verilməsinin əleyhinə idi. Onun iradəsi ilə Mikoyan daxil olmaqla vəzifədə olan 30 erməni kommunisti sovet hakimiyyətinin ilk illərində Azərbaycandan kənarlaşdırıldı. Ermənilərin iddia etdikləri ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu davamlı şəkildə Mərkəz qarşısında müdafiə edirdi. Lakin təkbaşına mübarizədə Zəngəzurun dağlıq hissəsinin erməni dövlətinə verilməsinin qarşısını ala bilmədi. Qarabağın dağlıq hissəsinin erməni dövlətinə keçməsinə imkan vermədi, təzyiq qarşısında Azərbaycan tərkibində muxtariyyət verilməsinə razılıq bildirsə də özünün Azərbaycanda olduğu müddətdə buna imkan vermədi. Nəriman Nərimanov, Bakının Azərbaycandan ayrılıb Rusiyaya verilməsinin qarşısını almışdı. Eyni zamanda Azərbaycan türkcəsinə dekretlə dövlət dili statusu vermişdi. Ana dili-Türk dilinin dövlət dili statusunun qorunması üçün mübarizə aparmış, Türkiyə milli-azadlıq savaşına hərtərəfli dəstək vermişdi”.

N.Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölüb və Kremlin divarında dəfn edilib.


P.S. Allah rəhmət eləsin!
Əntiqə Rəşid