adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 May 2022 09:00
2158
MÜSAHİBƏ

"Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir…" - MÜSAHİBƏ

İnsan haqları və hüquq elmi zaman – zaman öz aktuallığını qorumaqdadır. Hüquq – yüksək ümumbəşəri dəyərdir. Ona nəyin bahasına olursa-olsun hakimiyyət əldə etmə və onu qoruyub saxlamaq vasitəsi kimi baxmaq bu dəyərlərinə nəinki ziddir, üstəlik, onların inkarıdır. Hüquq – insana xidmət etməli olan dəyərdir. Onun başlıca təyinatı insan cəmiyyəti yaratmaq, onu insani qaydalarla idarə etmək, insanlar üçün ləyaqətli həyat şəraiti təmin etməkdir. Mövzu ilə bağlı Adalat.az saytının bu günkü müsahibi Vəkillər Kollegiyasının üzvü, hüquqşünas, vəkil Gülnarə Xudabaxışovadır.

- Əvvəlcə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən Xudabaxışova Gülnarə 1999-cu ildə hüquqşünaslıq fakültəsini bitirmişəm. Ali təhsil aldıqdan sonra sonra müəyyən vaxt ərzində özəl sektorda hüquqşünas olaraq işləmişəm İlk fəaliyyətim “Avtobiznes Azərbaycan” firmasında hüquqşünas işi olub. Mən hələ orta məktəbdə təhsil alarkən vəkil olmaq arzusunda idim. İllər keçdikcə mən hiss edirdim ki, bu peşəyə xüsusi marağım var. Və öz məqsədim uğrunda çalışaraq bu arzuma 2008-ci ildə nail oldum.

- Bir hüquqşünas kimi hüququn hansı sahələri sizin üçün daha maraqlıdır?

-Sizə tam səmimi olaraq deyim ki, hüququn bütün sahələri mənim üçün hədsiz dərəcədə maraqlıdır. İlk baxışdan mümkün olmayan kimi görünən hər hansı bir işin,mümkün olan hala gətirililməsi, hər hansısa vəziyyətdən çıxış yolu tapa bilmək üçün daim oxumaq, araşdırma aparmaq bu sahəni daha da maraqlı edir. Onu bilirəm ki, hüquq bütövlükdə sözün həqiqi mənasında çox maraqlı bir sahədir. Lakin mənim daha çox üstülük verdiyim sahələri mülki və cinayət hüququdur.

- Ən mübahisəli mövzulardan biri də uşağın valideynlərindən birinin icazəsi olmadan xarici ölkəyə aparılmasıdır, bu barədə fikirləriniz nədir?

Bəli, hal-hazırda bu kifayət qədər aktual mövzudur. Deyərdim ki, aktual olduğu qədər də geniş mövzudur. Belə ki, hazırkı dövrdə boşanmaların sayı çoxalıb. Təbii ki, boşanma zamanı uşaq valideynlərindən biri ilə qalır və bu zaman həmin valideyn işi ilə əlaqəli, yaxud sadəcə gəzmək məqsədiyilə, uşağın idman yarışlarında iştirakı və s. hallarda xarici ölkəyə səfər etmək istəyərkən digər valideynin razılığı tələb olunur. Əgər valideyn buna etiraz etmirsə, qarşı tərəfə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edir. Lakin nədənsə bizdə ərlə-arvad boşanan zaman əksər hallarda demək olar ki, düşmənə çevrilirlər və bir-birlərinə problem yaratmağı sevirlər. Yaxud himayəsində uşaq olan valideyn digər valideynin harada olması barədə məlumatı olmadıqda və bu kimi hallarda bu məsələ yalnız məhkəmə qərarı ilə icra edilir. Uşağın xarici ölkəyə aparılması zamanı hər iki valideyndən icazə tələb olunması çox düzgün haldır. Çünki uşaq üzərində hər iki valideyn bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin valideynlər bu hüquqdan öz mənafelərinə görə istifadə etmələri düzgün olan hal deyil. Uşaqlarla əlaqədar olan bütün işlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir.

- Vəkillərin qonorarı hansı qaydalara uyğun hesablanır? Yəni, burada müdafiə olunan tərəfin adının hallandırıldığı cinayət işinin tipi və s. kimi məsələlər nəzərə alınırmı?

Bu məsələ müəyyən mənada fərdi xarakter daşıyır. Vəkillərin qonorarı vəkilə hüquqi yardım üçün müraciət etmiş şəxs arasında qarşılıqlı razılaşma ilə əsasında aparılır. Bu zaman təbii ki, işin çətin və ya yüngül olması, əlavə çıxacaq məsrəflər, məsələn ezamiyyə xərcləri, sənəd toplanması ilə əlaqədar olan xərclər və s. nəzərə alınır.

-Dünya praktikasında vəkillər fəaliyyətinə görə kateqoriyaya bölünüb və hansısa bir vəkil bütün ölkə üzrə məsələn, boşanmalarla bağlı ən məşhur vəkil hesab edilə bilər. Azərbaycanda da belə bölgü mövcuddurmu?

Bəli, hüquq elmi olduqca dərin bir elmdir, biz vəkillər iş təcrübəmizdən, yaşımızdan asılı olmayaraq daim oxumalı, araşdırmalıyıq və təbii ki, biz hüququn bütün sahələrində iş səriştəmizi eyni dərəcədə kamilləşdirə bilmərik. Qeyd edə bilərəm ki, ölkəmizdə vergi işləri , iqtisadi işlər , bank işləri , pensiya təminatı və hüququn digər sahələri üzrə yetərincə peşəkar və kifayət qədər təcrübəli vəkillərimiz var.

Əgər vətəndaş vəkilin fəaliyyətindən narazı qalıbsa və Vəkillər Kollegiyasına şikayət edərsə, bu zaman vəkilin fəaliyyəti üçün hər hansısa risk ola bilərmi? Ümumiyyətlə adətən şikayətlər nələrdir?

İlk olaraq onu nəzərinizə çatdırmaq istəyirəm ki, vəkil hüquqi yardımla əlaqəli ona müraciət etmiş şəxsə keyfiyyətli, yüksək səviyyəli yardım göstərməyə borcludur. Bu onun vəzifəsidir. Lakin bu heç də o demək deyildir ki, əgər vəkil işi uduzubsa, ona ödənilən məbləği geri qaytarmalıdır. Vəkil- vəkil olmaq üçün uzun müddət təhsil alıb,əziyyət çəkib və o əqlini, biliyini, vaxtını heç kimə havayı sərf etməyə borclu deyil. İşi uduzması isə həmin vəkilin pis hüquqİ yardım göstərməsi kimi qiymətləndirilə bilməz. Sadəcə mümkün olan və mümkün olmayan hallar var. Qanunla mümkün olmayan işi heç bir vəkil mümkün edə bilməz. Belə hallarda Vəkillər Kollegiyasına edilən şikayətlər üzrə kifayət qədər ciddi araşdırma aparılır və əgər vəkilin əməlində pozuntu aşkarlanarsa, təbii ki, vəkil cəzalandırılır.

- Müsahibəmizin sonuna yaxınlaşırıq. Gələcək planlarınız nələrdir?Ölkəmizdə bu sahəni necə görmək istərdiniz ?

- Mən öz peşəmin heyranıyam və vəkillik fəaliyyətimi heç bir peşəyə dəyişmərəm. Əsas hədəfim, öz sahəmdə hər zaman ən son yenilikləri bilmək və bu sahədə daha da peşəkar olmaqdır. Vəkillik peşəsinin ölkəmizdə daha da yüksək səviyyədə inkişaf etdiyini görmək istərdim. Düzdür, danılmaz faktdır ki, son zamanlar Kollegiyamızın sədri Anar Bağırovun sayəsində bu sahədə xeyli inkişaf var. Lakin etiraf etməliyəm ki, problemlər hələ də mövcuddur. Ancaq inanıram ki,bizim daima inkişaf edən Azərbaycanımızda da qanunların çoxu kitab üzərində qalmayacaq. Belə bir beynəlxalq ifadə var - ”Dura lex sed lex!” Qanun şahdır, şah qanun deyil! Mən Azərbaycanımızda vəkilliyi hər zaman belə görmək istəyirəm!

- Gülnarə xanım fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm və bu çətin və şərəfli işinizdə sizə uğurlar arzu edirəm.

- Mən də diqqətiniz üçün sizə və yaradıcı heyyətinizə minnətdaram. Sağ olun.

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə