adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 18:00
72
İDMAN
A- A+

Hakimlərin qərarına aydınlıq gətirəcək yeni platforma...

UEFA hakimlərin qərar qəbuletmə proseslərinə aydınlıq gətirmək üçün “Clear Line” (“Aydın xətt”) platformasını tətbiq edir.

Adalet.az Azərtac-a istinadla UEFA-nın bəyanatınını təqdim edir:

“UEFA üzvü olan bütün federasiyaların hakimləri “Clear Line” qaydasından həm milli, həm də Avropa səviyyələrində hakim qərarlarının və VAR müdaxilələrinin ardıcıl və vahid tətbiqi üçün istinad çərçivəsi kimi təsdiqləyiblər. “Clear Line” 150-dən çox hakim ssenarisini bir araya gətirir və oyun qaydalarının necə şərh edilməli olduğu, habelə VAR sisteminin konkret vəziyyətlərə nə vaxt müdaxilə etməli və ya etməməli olduğu barədə ətraflı təlimat verir. Bu təlimat həm yerli, həm də UEFA yarış səviyyələrində tətbiq olunur. Bu platforma VAR protokolunun əsas prinsiplərindən birini gücləndirir və video icmalının yalnız aydın və aşkar səhvlər halında istifadə edilməli olduğunu vurğulayır”.

UEFA “Clear Line” platformasını Avropadakı matç hakimləri, oyunçular, məşqçilər, şərhçilər və azarkeşlər üçün əlçatan etməklə, həmçinin hakim qərarlarının daha yaxşı başa düşülməsini və oyun qaydalarının idmanda daha ardıcıl tətbiqini təşviq etməyi hədəfləyir.

Bildirilib ki, “Clear Line” futbolun ən mürəkkəb və mübahisəli vəziyyətlərinin çoxunda qərarların arxasındakı məntiqə geniş çeşiddə videolar və vizual izahatlar vasitəsilə aydınlıq gətirir. Platforma zamanla inkişaf etməyə davam edəcək və yeni vəziyyətlərin yaranması və ya müəyyən ssenarilər üzrə əlavə aydınlaşdırma tələb olunması fonunda yenilənəcək.

UEFA-nın hakimlər direktoru Roberto Rosetti təqdimatla bağlı şərh verib: “Clear Line” Avropa futbolunda matç hakimlərinə aydın və dəqiq təlimat vermək, yarışlar arasında qərar qəbuletmə proseslərində daha çox ardıcıllığı təmin etmək və oyunun xeyrinə VAR-ın istifadəsinə daha standartlaşdırılmış yanaşma gətirmək üçün nəzərdə tutulub. Heç bir halda iki vəziyyət tam eyni olmasa da və bəzən səhvlər qaçılmaz olsa da, “Clear Line” oyunçular, məşqçilər, şərhçilər və azarkeşlər üçün mərkəzi istinad nöqtəsi təmin edəcək, hakim qərarlarının arxasındakı məntiqi izah etməyə və qərar qəbuletmə prosesini daha yaxşı başa düşməyə kömək edəcək”.