HACI FİRUDİN SÜLEYMANOĞLUNUN ŞEİRLƏRİ
BATABAT
Hər tərəfi göz oxşayan dağ-dərə,
Gül içində gülüstandır Batabat.
Min illərin gövhəri var gözündə
Əfsanədir, bir dastandır Batabat.
Yağışıyla gözlərimi silmişəm,
Hər çiçəyin öz dilini bilmişəm.
Yollarını dönə-dönə gəlmişəm-
Biz gəlməsək pərişandır Batabat.
Harda olsaq hey axtarar gözləri,
Tükənməzdir daşa dönən izləri.
Ürəklərdə qaladığı közləri
Min bir ömrə düz ünvandır Batabat.
Bitməyincə ömrüm-günüm haçansa,
Dilimdə söz, əllərimdə bir əsa,
Yollarından yığışmaram bil, əsla,
Bu Firudin bir sarvandır, Batabat.
EY İNSAN
İmdad umma bu gərdişun zərindən,
Zərin sirrin dərin öyrən, dərindən.
Bostan əkdin xatircəm ol vərindən,
Amalını sən loğman et, ey insan.
Kamal qazan kamalının üstünə,
Dərk eylə gör, duman nədi, tüstü nə.
Namərd dostla barışdın nə, küsdün nə,
Mərd dostları sən doğman et, ey insan!
Şah Quranın bilgisindən halı ol,
Nur kəlamın ilgisindən halı ol,
Bu dünyanın gedişindən halı ol,
Bəd rüzgarı sən boğman et, ey insan!
Firudin də az yazmayıb elindən,
Çox keçibdir dəryasından, çölündən,
Qorxmayıbdı Vətən üşün ölümdən,
İradəni sən sağlam et, ey insan!
YAZAMMIRAM
Yazammıram, qələm durmur əlimdə,
Gözüm almır, sızıldayır belim də,
Çoxdan qaçıb axırıncı kəlim də,
Yaşayıram elə-belə, həvəssiz.
Əvvəlkitək gün çıxmamış durmuram,
Vaxta baxıb, saatımı qurmuram.
Bu dünyadan mərhəmət də ummuram,
Yaşayıram elə-belə, həvəssiz.
Toy-düyünə tələsmirəm indi mən,
Oynamaqçün ta əsmirəm indi mən,
Qırmizi lent ta kəsmirəm indi mən,
Yaşayıram elə-belə, həvəssiz.
Vətənimin el-obasın gəzmirəm,
Dağlarında qartal kimi süzmürəm,
Gözəlləri yaddaşıma düzmürəm,
Yaşayıram elə-belə, həvəssiz.
Hər kəs üçün sərt qocalıq gələcək,
Əmrini də bildiyitək verəcək,
Onda hamı mənim kimi deyəcək:
-Yaşayıram elə-belə, həvəssiz.
Digər Xəbərlər
25 Yanvar 2026 20:01
Elm arxasınca gedənlər niyə azalıb?
24 Yanvar 2026 17:09
“Daşlar kimi...” və yaxud 48 yaşda ilk dəfə cib dəsmalı istəyi...
24 Yanvar 2026 09:00
Yunus Əmrə İnstitutunda görüş keçirildi - FOTOLAR
22 Yanvar 2026 13:05


Bakı -°C

