adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Noyabr 2022 11:46
463
MƏDƏNİYYƏT

“Gülüşümün vətəni Şəkim” adlı musiqi tədbirinin eynisi  bütün bölgələrdə təşkil edilməlidir -FOTOLAR

Bu ilin yazında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) kollektivi bu təhsil ocağının yaradılmasının 85 illiyi və Dünya Gülüş Günü (1 aprel) münasibətilə Şəki musiqisevərlərinə “Gülüşümün vətəni Şəkim” adlı konsert proqramı təqdim etdi. Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri, musiqisevərlər iştirak etdilər.

Tədbirin əvvəlində Şəkinin görkəmli gülüş ustaları, bəstəkarları, aktyorları haqqında videoçarxlar və kinofilmlərdən fraqmentlər nümayiş olundu. Sonra MİM-in direktoru, əməkdar artist , dosent Əziz Qarayusifli, Şahnaz Muradova (kamança), Sevinc Kərimova (fortepiano) və Bəturə Əhmədovanın (kanon) birgə ifasında Ü.Hacıbəylinin musiqili komediyaları əsasında popurri səsləndirildi. Daha sonra konsert proqramı təqdim olundu. Bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.


Tədbirin ən maraqlı anlarından biri də qonaqların yaddaşına fərəhlə həkk olundu. Əməkdar artist Əziz Qarayusifli apardığı ustad dərsləri zamanı razı qaldığı bir şagirdə - 12 yaşlı Camalzadə Anar Kamil oğluna öz musiqi aləti olan klarneti hədiyyə etdi.
Konsertin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tərlan Nəsibov çıxış edərək Mərkəzi İncəsənət Məktəbinin kollektivinə yubiley münasibətilə təbriklərini çatdırdı, maraqlı konsert proqramına görə təşəkkürünü bildirdi.
Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli konsertin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə, Şəki RMİ-yə və musiqisevərlərə minnətdarlığını bildirdi.


Şəkiyə səfər çərçivəsində Mərkəzi İncəsənət Məktəbinin müəllimləri tərəfindən Şəki RMİ-nin tabeliyindəki Şəki şəhər Uşaq incəsənət məktəbində ustad dərsi də keçirildi. Əziz Qarayusifli (klarnet), Mənsurə Quliyeva (fortepiano), Şahnaz Muradova (kamança), Nəbi Quliyev (tar) və Humay Süleymanlı (vokal) tərəfindən gerçəkləşdirilən ustad dərsində Şəki, Oğuz və Qaxdan bədii təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak etdilər.


P.S. Bir yaz günündə Şəkidə böyük əks səda doğuran, üzləri gülümsədən bu tədbiri ona görə xatırlatdım ki, bu tip: maarifləndirici, tərbiyəvi əhəmiyyətə malik tədbirlər son baharda da keçirilsin, həm də bütün regionlarda!Belə tədbirlərdə iştirak edən uşaqların, yeniyetmələrin, gənclərin başqa eyni zamanda lazımsız işlərlə məşgul olmağa vaxtı olmaz!


Əntiqə Rəşid