27 Fevral 2014 00:14
10636
MƏMLƏKƏT

Güllər, çiçəklər əzilərsə...

Şükürlər olsun ki, bu gün məmləkətimizdə o qədər gözəl parklar və xiyabanlar salınıb ki, baxmaqla doymaq olmur. Bu parklarda bir-birindən gözəl yaşıl ağaclar, güllər, çiçəklər, otlar əkilib. Sanki parklara baxanda elə bilirsən ki, cənnətə düşürsən. Neçə növdə güllər adama gəl-gəl deyir. Və görürsən ki, bu incə, zərif gülləri necə əziyyətlə, çətinliklə və alın təri ilə böyüdürlər.
Bunlar hamısı zəhmətkeş və sadə insanların əməyinin bəhrəsidir. Həm də bunlar ölkəmizdə gedən quruculuq və abadlıq işlərinin izləridir. Bu parklar və bu xiyabanlar insanların istirahəti və dincəlməsi üçün yaradılıb. İndi gəlin görək biz yeni salınmış parklara və xiyabanlara necə münasibət bəsləyirik? Özü də bu münasibət bir nəfərin, iki nəfərin deyil, çox insanların ögey münasibətləridir. Adamı da o yandırır ki, dövlət milyonlarla pul xərcləyib gözəl parklar, xiyabanlar salır, bəzi insanlar isə sanki bu gözəlliklərə və zərifliklərə qənim kəsiliblər.
Dəfələrlə Bakıda parklarda olarkən çox qəribə hadisələrin şahidi olmuşam. Görmüşəm ki, yaz fəslində güllərin, çiçəklərin açdığı məqamlarda və hər tərəfin güllərdən ibarət xalılara döndüyü bir anda gənc oğlanlar və qızlar "uf" demədən yaşıl otların üstündə gəzir, sanki bu yaşıllıqları əzməklə, tapdamaqla nəsə demək istəyir. Bəzi gənclər isə bir qədər də uzağa gedərək gülləri, çiçəkləyir tapdalayırlar. Bu səhnəni görmək və tamaşa etmk adama çox pis təsir edir. Ən qəribəsi odur ki, çoxlu sayda gənclərin yaşıllıqları tapdaması və əzməsi kənardakı insanları qətiyyən narahat eləmir. Elə bil ki, hər şey elə belə də olmalıdır!
Hələ biz onu demirik ki, həmin parklardakı yaşıllıqların içərisinə sayı-hesabı bilinməyən siqaret kötükləri atılır. Hansı ki bir addımlıqda zibil qutuları var və o siqareti də həmin qutuya atmaq o qədər də çətin iş deyil. Ancaq sadəcə olaraq bir çoxlarımız ya tənbəllikdən, ya da məsuliyyətsizlikdən siqareti çəkəndən sonra onun kötüyünü yaşıllıqların arasına atırıq. Bir dəfə ərinməyib yaşıllıqların arasına atılan siqaret kötüklərini saydım. Hardasa 500-ə yaxın siqaret kötüyü vardı. Təbii ki, bu səhnələri görən əcnəbilər də bizə "sağ ol" deməz. Mən inanmıram ki, həmin siqareti çəkib kötüyünü yaşıllıqların arasına atan əcnəbilər olsun. Bəlkə də onlar bizlərə baxıb belə hərəkət edə bilərlər, ancaq yenə mən buna inanmıram.
Mən ona inanıram ki, bir neçə gün bundan əvvəl Sumqayıtda iki nəfər parkın içinə girərək ordan çoxlu sayda gülləri dərib oğurlayıblar. Yaxalanan gənclərdən biri deyir ki, qızla görüşə gedirdim, istədim gülü ona aparam. Gülü parkdakı koldan dərdim və aparanda yolda polislər məni saxladılar. İndi özüm də peşmanam, gərək belə eləməyəydim.
Gülü parkdan dərən yaşlı kişi özünə belə bəraət qazandırır ki, xoşum gəldi, gülü kökündən qopardım. Evə gətirib eyvana qoymaq istədim, bundan da polislər xəbər tutub məni yaxaladılar. Hər halda səhv addım atmışam. Minbir əziyyətlə yetişdirilən bu gülləri gərək parkdan qoparıb aparmayaydım.
Mövcud qanunla gülləri parkdan aparan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər. Yəni onlar müəyyən məbləğdə cərimə olunacaqlar. Bunu başa düşmək olar, ancaq onu başa düşmək olmur ki, niyə bizim camaat parkda və xiyabanda əkilən gülləri köklü-köməcli qoparıb evinə aparmaq istəyir? Məgər parklarda və xiyabanlarda əkilən güllər, çiçəklər biz insanlar üçün deyilmi? Təəssüf ki, bunu heç də hamımız anlamaq və başa düşmək istəmirik. Fikirləşirik ki, əşi, parkdı da, kimdə hər şeyə göz qoyan, onu qoparıb aparmaq da olar.
Ancaq onu fikirləşmirik ki, parkdan və xiyabandan qoparıb apardığımız güllər heç də bizim özümüzün deyil. Bu gülləri həmin yerdən qoparıb aparmaqla biz çox böyük günah işlədirik. Ən azından şəhərimizin gözəlliklərini məhv edirik. Təbiəti, gözəllikləri və yaşıllıqları qorumaq, mühafizə etmək təkcə ekoloqların və təbiətsevərlərin işi deyil. Bu missiya bizim hamımızın borcudur. Əgər görürük ki, hansısa parkdan kimsə gül qoparır, hansı xiyabandan hər hansı insan çiçək dərir, kimsə yaşıl otların üstündə uzanıb yatır, bax, buna biz öz münasibətimizi və etirazımızı bildirməliyik. Axı bu parklar və xiyabanlar biz insanlar üçün salınıb. Gərək biz də elə hərəkət etməliyik ki, kimlərinsə əzab-əziyyətlə böyütdüyü bu gözəllikləri məhv etməyək.
İsti yay günlərində hər gün bağbanlar o gülləri suvarırlar. Havalar lap isti olanda güllərin, çiçəklərin və otların susuzdan yanmaması üçün hətta iki-üç dəfə həmin yerlərə su verirlər. Bütün bunlar isə ona xidmət edir ki, əkilən çiçəklər, güllər və yaşıl otlar qurumasın, böyüsün və inkişaf eləsin.
Əgər belədirsə, bəs onda biz niyə gülləri, çiçəkləri əzən insanlara biganə münasibət bəsləməliyik? Ən azından belə halları görəndə səsimizi qaldırmalı və həmin adamlara öz etirazlarımızı bildirməliyik. Qoy onlar buna görə bizdən inciyirlərsə, küsürlərsə küssünlər. Sadəcə olaraq, ona çalışmalıyıq ki, yaşıllıqlar içindən boylanan güllər, çiçəklər yetim qalmasın və ayaq altında tapdanmasın.

Faiq QİSMƏTOĞLU