adalet.az header logo
  • Bakı -°C
08 Oktyabr 2026 10:58
89
SAĞLAMLIQ
A- A+

Rusiyada dəhşət xəbərləri – Sibirdə nə baş verir?

“Rusiyanın İrkutsk vilayətindən gələn xəbərlər getdikcə daha ciddi suallar doğurur. Söhbət adi yoluxucu xəstəlikdən deyil, bəşər tarixinin ən dəhşətli epidemiyalarına səbəb olmuş vəba törədicisinin tədqiq edildiyi laboratoriyada baş verdiyi iddia olunan müəmmalı hadisədən gedir.İrkutskdakı vəba əleyhinə tədqiqat institutunun 28 yaşlı əməkdaşı Darya Şipilovanın ağır pnevmoniyadan vəfat etdiyi bildirilir. Yerli mənbələr onun laboratoriyada vəba bakteriyası olan sınaq şüşəsini təsadüfən sındırdığını iddia edirlər. Bu məlumat hələ müstəqil şəkildə təsdiqlənməyib”.

Adalet.az xəbər verir ki, bunu tanınmış telejurnalist İbrahim Nəbioğlu deyib. 

Onun sözlərinə görə, ancaq bundan sonra yayılan xəbərlər son dərəcə düşündürücüdür:

“Təxminən 200 nəfərin karantinə və ya tibbi müşahidəyə götürüldüyü bildirilir. ABŞ səfirliyi xüsusi səhiyyə xəbərdarlığı yayıb. Ümumdünya Səhiyyə Təşkilatının da hadisə ilə bağlı əlavə məlumat istədiyi xəbər verilir. Ən narahatedici məqam hadisənin baş verdiyi müəssisənin xarakteridir.İrkutskdakı institut təhlükəli yoluxucu xəstəliklərin törədicilərini araşdırır. Burada bioloji təhlükəsizlik və bioterrorizmə qarşı müdafiə istiqamətində də tədqiqatlar aparılır.Sovet İttifaqının nəhəng və məxfi bioloji silah proqramının mövcudluğu isə tarixi faktdır. Sovet dövləti onilliklər boyu beynəlxalq öhdəliklərini pozaraq ölümcül mikroorqanizmlərin hərbi məqsədlərlə istifadəsi üzərində işləyib”.

İ.Nəbioğlu bildirib ki, ABŞ-nin Moskvadakı səfirliyi İrkutsk hadisəsindən sonra xüsusi səhiyyə xəbərdarlığı yayıb və Amerika vətəndaşlarına Rusiyanı dərhal tərk etmələri barədə əvvəldən qüvvədə olan çağırışı bir daha xatırladıb:

“Bu tarix fonunda İrkutsk hadisəsi xüsusilə ciddi araşdırılmalıdır. Laboratoriyada əslində nə baş verib? Ölən əməkdaş hansı bakteriya ilə işləyirdi? Təhlükəli törədicinin laboratoriyadan kənara çıxması ehtimalı varmı? Nə üçün bu qədər insan karantinə götürülüb?Hələlik Rusiyada vəba epidemiyasının başlandığını təsdiqləyən elmi dəlil yoxdur. Rusiya rəsmiləri yoluxma hallarının aşkarlanmadığını bildirirlər. Ancaq rəsmi bəyanat bütün sualları aradan qaldırmır. Burada əsas məsələ təkcə vəba deyil. Əsas məsələ ölümcül patogenlərlə işləyən müəssisələrdə nəzarətin, şəffaflığın və beynəlxalq məsuliyyətin nə dərəcədə təmin olunmasıdır. Dünya COVID-19 pandemiyasının ağır nəticələrini hələ unutmayıb. Elə buna görə də təhlükəli laboratoriya hadisələri haqqında məlumatların gizlədilməsi, gecikdirilməsi və ya təhrif edilməsi ehtimalına son dərəcə ciddi yanaşılmalıdır. Əgər İrkutskda yalnız laboratoriya qəzası baş veribsə, bunu elmi sübutlarla ortaya qoymaq lazımdır. Əgər başqa təhlükə mövcuddursa, onun miqyası dərhal müəyyən edilməlidir. Çünki yoluxucu xəstəliklər dövlət sərhədlərini, hərbi ittifaqları və geosiyasi maraqları tanımır. Ölümcül bakteriyaları dövlət sirrinə çevirmək olar. Ancaq onlar nə dövlət sirrinə, nə də dövlət sərhədinə tabe olur”.

Vasif ƏLİHÜSEYN