adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Yanvar 2022 11:29
1446
MÜSAHİBƏ

Fikrət Dünyamalıyev: “ Qələbənin bir parçası olduğum üçün xoşbəxtəm” - MÜSAHİBƏ

“ Bir anlıq ayağım boşluğa keçdi və dərin bir quyuya yıxıldım. Döyüş yoldaşlarım hərə bir yerdə mövqe tutub səpələndiyi üçün heçkimin xəbəri olmadı” deyə müharibə veteranı  bu barədə ətraflı söhbət açdı.
 
Bu dəfəki müsahibim II Qarabağ müharibəsi veteranı, geoloq Dünyamalıyev Fikrətdir. O Fikrət ki, müharibədən, qandan qorxmayıb düşmənin gözünün içinə baxdı, O Fikrət ki, canı bahasına döyüşdü və hətta ön cəbhədə ikən quyuya düşərək günləri orada ac - susuz keçdi. Kimsə kömək etmədiyi halda o quyudan özü çıxa bilib. Və məhz Vətənpərvərvərliyi, şücaəti sayəsində hətta müharibədən sonra belə yolunu Qarabağdan salıb. Elə isə təfərrüatlarını özündən alaq.
 
- Fikrət, xoş gəmisiniz, ilk sualı belə vurğulamaq istəyərdim ki, Fikrət kimdir?

- Xoş gördük. 1994-cu ildə Bakı şəhərində anadan olmuşam. 2015 - ci ildə Bakı Dövlət Universitetini bitirib “ Geologiya mühəndisliyi ” ixtisasına yiyələnmişəm. Elə həmin il hərbi xidmətə yollanmışam. Hərbi xidmətim aprel döyüşlərinə təsadüf edib. Həm aprel döyüşlərinin, həm də Vətən müharibəsinin canlı şahidi və iştirakçısıyam. Hazırda mühəndis geoloq kimi çalışıram.
 
- Necə oldu Qarabağ döyüşlərində iştirak etmək qərarına gəldin? Axı nəticədə sağ qalmamaq ehtimalı da var idi.

- Hər bir Azərbaycan vətəndaşı kimi mənim də vətən, xalq qarşısında olan mənəvi borcum idi. Həqiqi hərbi xidmətim zamanı yiyələndiyim ixtisasla əlaqədar müharibə ərəfəsində təlimlərə cəlb olundum. Müharibə başlayan kimi isə döyüş meydanına yollandım. İllərin həsrətinə son qoyuldu. Torpaqlarımız düşmən tapdağından azad edildi. Bu qələbənin bir parçası olduğum üçün xoşbəxtəm.
 
- Bildiyim qədərilə ön cəbhədə vuruşurdunuz. Hansı hissləri keçirirdininiz? 

- Bu daha çox hislərin növbələşməsi idi. Bəzən sevinc, bəzən fəxarət, bəzən kədər. Sevinirdik ona görə ki, addım addım qələbəyə yaxınlaşırdıq. Fəxr edirdik ona görə ki, bizim də bu qələbədə payımız var idi, kədərlənirdik ona görə ki, hər bir döyüşçü bir ailənin üzvü idi və ön cəbhədə olduğumuz üçün onların itkisilə yüzlərlə ailənin faciəsinə şahid olurduq. Allahdan bütün şəhidlərimizin ailələrinə, yaxınlarına səbr diləyirəm.
 
“ Sanki elə doğulandan odun alovun, mərmi səslərinin icindəymişəmmiş kimi bir hiss var idi içimdə ”

- Ailəniz üçün, sevdikləriniz üçün darıxırdınızmı?

- Çox qəribə hisslər idi, bəlkə də o hissləri tam olaraq sözlə ifadə edə bilmərəm, amma döyüşdə olan zaman günlər keçdikcə eləbil yaxınlarım hafizəmdən vizual olaraq silinirdi. Hərdən heç xatırlaya bilmirdim üzləri, səsləri. Duyğularım yox olmuşdu, içimdə sadəcə döyüşərək torpaqlarımızı geri qaytarmaq əzmi var idi, başqa heç bir şey hiss edə bilmirdim. Sanki elə doğulandan odun alovun, mərmi səslərinin icindəymişəmmiş kimi bir hiss var idi içimdə. Ona görə bəzən darıxmaq hissini belə unudurdum.

- Döyüş sizə nəyi öyrətdi?

- Döyüş mənə bir yerdə yediyin, içdiyin, öyrəşdiyin insanların ağır da olsa itkisi ilə barışmağı, soyuqqanlılığı, ölümün göz ilə qaş arasında olduğunu öyrətdi. Sonuncunu hər zaman bilsək də onu yaşamaq tamam ayrı məsələdir.

- Müharibədən öncəki Fikrətlə müharibədən sonrakı Fikrət arasında nə fərq var?

- Deyərdim ki, fərq çoxdur. Səbrsiz, aqressiv, soyuqqanlı və bir də atdığı addımlarda daha da cəsarətli olan bir Fikrət yaratdı müharibə.

- Sağ qalacağına inanırdınızmı?

- Düzünü desəm günlər keçdikcə yox. Hər an növbənin mənə çatacağını düşünürdüm. Rus ruleti kimi. Fırlanır, fırlanır və birdən güllə açılır. Amma ətrafımda qəhrəmanlıq göstərib şəhid olan qardaşlarımı gördükcə bu mənə qorxulu gəlmirdi.
 
Erməni qan gördü…
 
- Tarixin canlı şahidi olmaqla birgə həm də tarixi yazanlardan oldunuz. Maraqlıdır, xüsusi yaddaqalan bir əməliyyat xatirinizdə qalıbmı?

- Füzulidə bir ərazi var idi. Kəndin adını xatırlamıram. Bizim önümüzdəki bölmənin olduğu səngəri tank əleyhinə raketlə vurdular. Sonra isə diversiya qüvvələri olduğumuz mövqeni geri almaq üçün hücuma keçdi. Atışma zamanı biz onları geri oturtmağa müvəffəq olduq və yüksəkliyi qoruyub saxladıq.

- Düşmən barəsində nəyi bilirdiniz?

- Düşmənin çox hiyləgər və eyni zamanda çox qorxaq olduğunu deyə bilərəm. El arasında belə bir deyim var: “ erməni qan gördü ” həqiqətən də elə bir mundar məxluqdurlar ki, qan görən kimi geri cəkilirdilər.

- Ac, susuz quyuda necə keçdi günləriniz?

- Biz mühasirəyə düşmüşdük. Mühasirəni yarmaq üçün hərə müxtəlif yerdə mövqelənməli idi. Biz neytrala girmişdik. Həmin əraziyə düşmənin artilleriya zərbələri dayanmırdı. Əraziyə düşmənin çoxlu sayda piyada qrupu gətirilmişdi. Mövqe tutmaq üçün yaxınlığımda olan səngərə doğru hərəkət edərkən bir anlıq ayağım boşluğa keçdi və dərin bir quyuya yıxıldım. Döyüş yoldaşlarım hərə bir yerdə mövqe tutub səpələndiyi üçün heç kimin xəbəri olmadı. Çiynim, dizim əzildiyi üçün bir müddət hərəkət edə bilmədim. Ağrım var idi. Kömək üçün də qışqıra bilməzdim. Çünki ərazidə düşmən əsgərləri də var idi. Bir gün yarım ac susuz həmin yerdə qaldım ta ki, özümü toparlayana kimi.
 
İllərlə həsrətini cəkdiyimiz torpağın üstündə yatırdıq
 
- Özümü toparlayandan sonra ordan çıxmaq üçün bir neçə dəfə cəhd etdim. Amma cəhdlər uğursuz oldu. Həmin günlər yağış yağdığı üçün torpaq sürüşkən idi və “ botinka ilə ” qalxmaq mümkün deyildi. Qərar verdim ki, divarı bıçaqla qazıyıb pilləkən düzəldim və “ botinkanı ” çıxarıb qalxım. Dəfələrlə cəhd etdikdən sonra çətinliklə də olsa bacardım. Qaranlıq düşməyini gözləyib səslərə qulaq asa - asa bölmələrimizin olduğu istiqamətə getdim. Döyüş yoldaşlarım gözlərinə inanmırdı. Hətta mən və bir neçə döyüş yoldaşımın şəhid olduğunu düşünürdülər. Onlar da şükürlər olsun ki, sağ -  salamat qayıtdılar.
 
- Əsgərlər harada yatırdı, nə yeyirdilər?

- Müharibə vaxtı yatmaq deyilən birşey yox idi. Sadəcə növbəli şəkildə qısa müddətli istirahət edirdik. Hər an ayıq sayıq olmalı idik. Döyüşçünün də istirahət etdiyi yer tutdugu mövqe idi. Hansi ərazi hansı yüksəklik azad olunurdusa ora. İllərlə həsrətini cəkdiyimiz torpağın üstündə yatırdıq. Bəzən çətinliklərimiz olurdu, yollar vurulduğu üçün yemək, su təminatı çətinləşirdi. Amma çətinlik olsa da təmin olunurduq.
 
- Bu gün nəyə ehtiyacınız var? Kimlərsə sizə dəstək ola bildimi?

- İnsan şükür etməyi bacarmalıdır. Şükür ki, sağ - salamat ailəmizin yanındayıq. Cənab prezidentimiz tərəfindən Şuşanın və Füzulinin azad olunması medalları ilə təltif olunmuşam. Buna görə ölkə başçımıza minnətdarlığımı bildirirəm. Allahdan qazilərimizə də şəfalar diləyirəm. Ümid edirəm hər biri dövlətimizin qayğısı nəticəsində yenidən öz sağlamlıqlarına qovuşacaqlar.
 
- Necə oldu döyüşdən sonra da müharibə olan istiqamətlərə yollandın?

- İşimlə əlaqədar Zəngilan rayonuna ezam olunmuşdum. Müharibə zamanı həmin istiqamətdə döyüşmədiyim üçün mənə oranı da görmək maraqli idi. Bulaqlarından su içdim, təbiəti ilə tanış oldum. İllər boyu gözəl, səfalı təbiəti olan ərazilərimiz düşmən tapdağı altında idi. Torpaqlara qovuşmaq, onları gəzmək tamam başqa hissdir.
 
- Ailənizdə  vəziyyət necədir?

- Ailəmiz 4 nəfərdən ibarətdir. Atam, anam, qardaşım və mən. Allah qismət edərsə sevib seçdiyim xanımla ailə qurmağı düşünürəm. Onu da qeyd edim ki, ailədə heç kim hərb sahəsi ilə məşğul deyil və hesab edirəm ki, Vətən, ayağını basdığın torpaq da sənin ailəndir.
 
- Gələcəkdə övladlarınız olarsa onlara müharibədən danışardınızmı, nələr danışardınız?
 
- Təbii ki, bu silinməz bir  tarixdir. Bu tarix qanla yazıldı, canla yazıldı. Biz illər boyu istəmişik ki, torpaqlarımız sülh yolu ilə qayıtsın. Amma düşmən buna imkan vermədi. Bizi məcbur etdi ki, bizim olanı zorla onlardan geri alaq. Müharibə dəhşətdir. Amma məsələ vətəndirsə gerisi təfərrüatdır. Necə deyərlər, torpaq qanla qarışanda Vətən olar. Gələcək nəsil üçün sülh və əmin - amanlıq olan bir dünya arzu edirəm. Hecbir ailə övlad, yoldaş, ata acısı yaşamasın.

- Son olaraq cəmiyyətə, oxucularımıza nə demək istəyərdiniz?

- Cəmiyyətə sözüm budur ki, illərlə biz Qarabağ məsələsində haqlı tərəf olmuşuq. Haqlı olduğumuz üçün də gec-tez qalib gəldik. Hər bir insana haqlı mövqedə durmağı arzu edirəm. Haqq öz yerini hər zaman tapır.

Söhbətləşdi: Şəlalə CAMAL
(AJB –nin üzvü)