adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 May 2022 12:20
341
SİYASƏT

Fətəli şahın erməni xacəsi və Qriboyedovun qətli - Vilayət QULİYEV yazır

Vilayət QULİYEV
Filologiya elmləri doktoru

(Əvvəli burada)

Amma deyilənə görə, Molla Məsih mürtədin kim olduğunu bilmək istəmişdi. Söhbətin şahın xacəsi Mirzə Yaqubdan getdiyini öyrənəndə bir qədər fikrə getmiş, sonra xəbəri gətirənlərdən soruşmuşdu: "Siz onun küfr danışdığını, islamı söyüb-yamanladığını özünüz eşitdiniz?" Cavab təsdiqedici olmamışdı. Onda Molla Məsih elan etmişdi ki, şəriət qanunlarına uyğun fitva verə bilməsi üçün ya kimsə bu sözləri öz qulağı ilə eşitməli, ya da üç nəfər əməlisaleh adam şahid durmalıdır. Camaatın içindən üç nəfər çıxıb bir neçə gün əvvəl bir məclisdə erməni xacənin islama lənət yağdırdığını "Mən artıq öz həqiqi dinimə qayıtmışam. Yenidən xristian olmuşam" - dediyi barədə etibarlı mənbədən məlumat  aldıqlarına  şahidlik etdilər. Beləliklə, Mirzə Yaqubun ölümünə fitva verildi.

Bəzi İran tarixçiləri ssenarinin sarayda hazırlandığını, 1829-cu il yanvarın 30-da Tehrandakı rus diplomatik missiyasının qarşısına toplananların heç kəsi öldürmək niyyətində olmadığını iddia edirlər. Məqsəd sadəcə bu yolla Qriboyedovu qorxutmaq, onun sərt, ifrat tələblərindən əl çəkməsinə nail olmaq idi. Digər mühüm məsələ xəyanət yolunu tutmuş Mirzə Yaqubun geri qaytarılması ilə bağlı idi. Çünki Qriboyedovun iddialarına rəğmən, o, rus təbəəsi deyildi. 1785-ci ildə İrəvan xanlığında doğulmuşdu. Ruslar isə İrəvanı 1827-ci ildə işğal etmişdilər. Deməli, o, əslində müstəqil xanlığın təbəəsi sayılmalı idi. Sonuncu İrəvan hakimi  Hüseynqulu xanın Qacarlardan olduğu nəzərə alındıqda isə təbəəlik məsələsində Qacar sarayı Rusiyadan daha əsaslı hüquqi və məntiqi mövqeyə malik idi.

Digər tərəfdən, Mirzə Yaqub müasir ifadə ilə desək, dövlət sirlərinin daşıyıcısı idi. Həm də bu sirlər yalnız şahın şərəf və ləyaqətinə birbaşa dəxli olan hərəm dairəsi ilə məhdudlaşmırdı (Səfirliyin yeganə sağ qalmış əməkdaşı, birinci katib Maltsev xarici işlər naziri qraf Nesselrodeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: "Saraydan göndərilən adamlar bir neçə dəfə və israrla mərhum A.S.Qriboyedova çatdırdılar ki, şahın xacəsi onun arvadı timsalındadır. Xacəni gətirib burada saxlamaq şahın əndərununa girmək kimi bir şeydir. Lakin xəbərdarlığa heç bir əhəmiyyət verilmədi").

Əvvəldə də qeyd edildiyi kimi, erməni xacə baş xəzinədar, yəni baş bankir, yaxud maliyyə naziri idi. Qacar dövlətinin monetar siyasətinə, qiymətli daşlarına, ləl-cəvahirata nəzarəti də o, həyata keçirirdi. Dövlətin maliyyə vəziyyətinə, büdcəyə dair bütün məlumatlar əlində idi. Ölkənin nəyə qadir olduğunu sədrəzəmdən də yaxşı bilirdi. Və nəhayət, onu bu mövqeyə Fətəli şah ucaltmışdı. Özünə yeni ağalar tapan Mirzə Yaqub isə bir an içində onilliklər boyu inanılmış adamı olduğu monarxa və sülaləyə  arxa çevirmişdi. Keçmiş köləsinin sayğısızlığı heç şübhəsiz, iddialı şahda intiqam hisslərini alovlandırmaya bilməzdi. Bu, açıq şəkildə deyilməsə də, xainin cəzalandırılması ilk növbədə sarayın iradəsi idi.

Ələ keçəcəyi təqdirdə şahın Mirzə Yaqubla necə rəftar edəcəyini proqnozlaşdırmaq çətindir. Amma ilkin mərhələdə əsas hədəf dövlətinə və hökmdarına xəyanət etmiş dönük erməninin rusların əlindən alınması idi. Təbii ki, bundan ötrü səfiri və missiya əməkdaşlarını öldürmək, səfirliyi dağıtmaqla bağlı heç bir plan qurulmamışdı və qurula bilməzdi. Belə ifrat addımlar hamıdan çox mövqeləri get-gedə zəifləyən Qacar sarayının özünü zərbə altında qoya bilərdi. Yəni saray açıq şəkildə çıxış edə bilməzdi. Çox güman, kütlə arasında böyük nüfuz sahibi kimi tanınan Molla Məsih də sadəcə "xalq etirazlarına" dirijorluq etmək məqsədi ilə çağırılmışdı və ilkin mərhələdə prosesi lazımi səmtə yönəltməyi bacarmışdı. Amma baş verənlər həqiqətən ssenari idisə, onu hazırlayanlar xalq qəzəbinin miqyas və  istiqamətindən xəbərsiz idilər. Tehranda artıq sərt antirus əhval-ruhiyyəsi yaranmağa başlamışdı. Bunu yaradan isə rus diplomatik missiyasının əsasən erməni və gürcülərdən ibarət olan və özlərini böyük yol üzərindəki quldur dəstəsi kimi aparan mənsubları idi. A.S.Qriboyedovun ermənilərlə alyansı son iki müharibədə məğlubiyyət acısı yaşayan siyasi elitanı və ümumən ölkə xalqını hiddətləndirmişdi. İngilis kəşfiyyatı da altdan-altdan öz işini görməkdə idi.

Yanvarın 29-da əsasən din xadimlərindən-hörmətli molla və seyidlərdən ibarət dəstə bazar və karvansaraları dolaşır, sabah heç kəsi dükanları açmamağa çağırırdı. Hamı bir yerə toplaşıb rus səfirinin iqamətgahına getməli, mürtəd Mirzə Yaqubun haqlı cəzasına çatdırılması üçün onlara verilməsini tələb etməli idi. Artıq müvafiq fitva da vardı.

Ertəsi gün səhər tezdən şaha yaxınlığı ilə tanınan başqa bir erməni xacə - Manuçar xan Tehranda iğtişaşlara hazırlığın son mənzərəsi ilə bağlı bir-birindən həyəcanlı xəbərlər almağa başladı. Odur ki, vaxt itirmədən rus missiyasının tərkibində Tehrana gələn bacısı oğlu Solomon Məlikyantsı səfirliyə göndərdi. Tapşırdı ki, camaat toplanıb iqamətgaha yürüşə başlamadan səfir lazımi tədbirlər görsün. Əsas tələb Mirzə Yaqubla bağlı olduğundan ilk növbədə onu bəstə girmək - başqa sözlə desək, gizlənmək üçün yaxınlıqdakı Şah Əbdüləzim məscidinə göndərsin. Bu məscid müqəddəs yer sayılırdı, orada daldalananlar amanda hesab olunur və toxunulmazlıq qazanırdılar. Təbii ki, kütlə yüz illərin ənənəsini pozub məscidə girməzdi. İlk növbədə mollalar özləri buna imkan verməzdilər. Manuçar xəbərdarlıq edirdi ki, əgər xalq ayağa qalxsa, hökumət onları sakitləşdirmək, qarşılarını almaq üçün heç bir imkana malik deyil.

Kütlə isə həqiqətən qəzəbli idi. Çünki Rusiyaya ödənilən 20 milyon gümüş manat məbləğində kontribusiya ilk növbədə qara camaatın boğazından çıxarılırdı. Ona görə də ölkə sakinləri rus missiyasına diplomatik heyətdən çox, son tikələrinin də əllərindən almağa gələn soyğunçu dəstə kimi baxırdılar. Öz hökumətlərinə bəslədikləri qəzəb və nifrət də onlara yönəlmişdi. Belə şəraitdə vəziri-muxtarın Tehranın ortasında erməni maraqlarının müdafiəçisi kimi çıxış etməsi vəziyyəti daha da gərginləşdirirdi. Səfirin birmənalı şəkildə Mirzə Yaqubun tərəfində dayanması, onun dediklərinə əsaslanıb şah sarayını oğurluqda ittiham etməsi diplomatik etiketlə bir araya sığmayan qudurğan addım və acı təhqir idi. Yaranmış şərait isə maksimum həssaslıq və siyasi çeviklik tələb edirdi. 

Lakin Solomon özünü qaranəfəs iqamətgaha çatdıranda məlum oldu ki, səfir hələ yatır. Heç kəs cəsarət edib onu oyatmaq istəmirdi. Təhlükəni sovuşdurmaq baxımından hər dəqiqə qiymətli idi. Amma Solomon xeyli gözləmək məcburiyyətində qaldı. Narahat edildiyi üçün əsəbiləşən Qriboyedovun cavabı isə qısa oldu: "Əgər hər hansı bir şəxs, xüsusən də rus təbəəsi rus çarının bayrağına pənah gətirirsə, onun himayəsi altında sayılır. Odur ki, Yaqubu buradan qova bilmərəm. Amma özü könüllü çıxıb getsə, mane olmayacağam".

Solomon həm Manuçar xanın sifarişini, həm də vəziri-muxtarın sözlərini erməni xacəyə çatdıranda Mirzə Yaqub əhvalını pozmadan dedi: "Bura gəlib özümü qüdrətli rus bayrağına təslim etmişəm. Əgər səfir məni iqamətgahından qovsa, Şah Əbdüləzim məscidinə gedərəm. Əks halda öz xoşumla heç yana tərpənməyəcəyəm. Hətta lap tikə-tikə doğrasalar da..."

Beləcə, tərəflər vəziyyətdən yeganə çıxış yolu olan qərarın qəbul edilməsini bir-birinin üstünə atdılar və nəticə etibarı ilə faciəli sonluqlarını özləri yaxınlaşdırmış oldular.

Solomon yenilikləri çatdırmaq üçün saraya tələsəndə artıq Tehrandakı həyəcanlı əhval-ruhiyyə daha aydın hiss edilirdi. Manuçar xan xəbəri dinləyəndən sonra bacısı oğlunu eyni tapşırıqla təkrar geri qaytardı. Səfirdən bir daha xahiş edirdi ki, vaxt itirmədən Mirzə Yaqubu Şah Əbdüləzim məscidinə göndərsin. Boynuna götürürdü ki, ara sakitləşəndən sonra özü onu gətirib istədiyi yerdə rus missiyasına təhvil verəcək. Amma Qriboyedov yenə də əvvəlki mövqeyində qaldı. Onun simasında özünə himayədar tapmış Mirzə Yaqub da səfirin göstərişi, yaxud razılığı olmasa, bir addım atmayacağını təkrar etdi. Solomon son çarə kimi missiyanın tərkibində Tehrana gəlmiş başqa bir "hörmətli" ermənini - Abraham Dadaşyanı Qriboyedovun yanına göndərdi. Lakin səfir "Belə bir məsələdə sənin ortaya düşməyin tamamilə yersizdir. Bilirəm, məndən əvvəlki elçilərin vaxtında da bu cür özbaşınalıqlara yol vermisən. Özünə dəxli olmayan məsələlərə qarışmağı sənə birdəfəlik qadağan edirəm" - sözləri ilə onu yarımçıq dayandırıb otaqdan çıxardı. Beləliklə, dairə qapandı.

Burada haqlı sual yaranır. Rusiya ilə Qacarlar Türkmənçay sülh müqaviləsini imzalayandan sonra yaranan bütün mübahisəli məsələlər təbii olaraq həmin sənəd əsasında tənzimlənməli idi. Müqavilədə  sülh bağlanana qədər Rusiyaya göstərdikləri xidmətə görə şah hökumətinin təqibinə uğraya biləcək İran təbəələrinə rus yardımı nəzərdə tutulurdu. Maddələrdən birində açıq mətnlə deyilirdi ki, "köməyimizi axtaran şəxs ola bilsin ki, əvvəllər (bizim üçün) çox iş görüb, lakin sonrakı davranışı ilə yerli hakimiyyətin haqlı iradına tuş olub. Belə adam heç vaxt, heç bir halda yalnız keçmiş xidmətlərinə görə rus himayəsinə ümid bəsləyə bilməz. Hətta onun şəxsində Asiyada yerli adət və qanunlar üzündən daha çox alçaldılan insan ləyaqətini qorumaq niyyəti olsa da, dövlətin daxili işlərinə bu şəkildə kobud müdaxilə həmişə nifrətlə qarşılanır və bunu edənlərin özünü pis vəziyyətdə qoya bilər".

Qəribədir ki, Türkmənçay müqaviləsinin əsas müəlliflərindən olan və iclas protokolları üçün məsuliyyət daşıyan A.S.Qriboyedov ilk təsadüfdə öz yazdıqlarının ziddinə getmişdi. Yuxarıdakı müddəaların reallıqla müqayisəsi ortaya səfirin qətiyyən haqlı olmadığını göstərən bir mənzərə qoymuşdu. Keçmişdə Mirzə Yaqubun Rusiya qarşısında heç bir xidməti olmamışdı (amma gizli casus da ola bilərdi), İran hakimiyyəti şəxsinə qarşı ciddi ittihamlar irəli sürmüşdü. Rus səfirinin qonşu dövlətin daxili işlərinə kobud müdaxiləsi ona və həmkarlarına münasibətdə haqlı nifrət yaratmışdı. Qriboyedovun Mirzə Yaqubun xətrinə yazdıqlarının üstündən belə asanlıqla xətt çəkməsi təəccüb doğurur, hərəkətlərinin motivini anlamağa imkan vermir. Amma istənilən halda burada qələbə eyforiyasının və Rusiya ilə müqayisədə Qacar İranının şəksiz zəifliyinin rolu vardı. Rus elçisi artıq sadəcə şərtləri diktə edirdi...

Manuçar xan-Qriboyedov-Mirzə Yaqub danışıqlarının ikinci raundu uğursuzluqla başa çatanda kütlə demək olar ki, rus missiyasının binasını əhatəyə almışdı. Amma hələlik heç kəs zora əl atmır, hər hansı yolla içəri daxil olmağa təşəbbüs göstərmirdi. Etirazlarını yalnız sözlə ifadə edirdilər. Qriboyedov gürcü süvarilərinə və kazakların bir hissəsinə silahlarını götürüb birinci həyətdə dayanmağı, digərinə isə binanın damına qalxıb oradan ətrafı nəzarətdə saxlamağı tapşırdı. Əsas giriş bağlandı. Səfirlik artıq mühasirə vəziyyətində idi.

Rus missiyasının yerləşdiyi kompleks Qacar şahzadələrindən birinə məxsus idi. Şah sarayından təxminən 1,5 km. məsafədə, qala divarlarının yaxınlığında yerləşirdi. Hasar içərisindəki böyük həyətdə daxili keçidlərlə birləşdirilən bir neçə iç həyət və bina vardı.

Kütlə danışıq üçün Qriboyedovun göndərdiyi nümayəndəyə əsas tələblərini çatdırdı: ruslar vaxt itirmədən Mirzə Yaqubu geri qaytarsınlar. Əks-təqdirdə bura toplaşan adamlar darvazanı sındırıb həyətə girəcək, özləri onu axtarıb tapacaq və cəzasını verəcəklər.

Bəlkə də hələ münaqişəni qan axıtmadan yoluna qoymaq imkanı tükənməmişdi. Üstəlik, saraydan da bir neçə şahzadənin tezliklə missiya binasına gələcəyi və camaatı dağıtmağa çalışacaqları barədə xəbər göndərilmişdi. Amma damdakı rus kazaklarının təhrikedici hərəkətləri səfirlik önünə toplaşanların daha da hiddətlənməsinə səbəb oldu. Kazaklar səhər yeməyi yeyirdilər. Stəkanları araq, yaxud şərabla doldurub (bəlkə də bu, sadəcə imitasiya idi) nümayişkaranə şəkildə toqquşdurur, üzlərini turşudaraq içirdilər. Bəziləri sanki aşağıda dayanan adamları da içki məclisinə qoşulmağa çağıran jestlər edirdilər. Təbii ki, bunlar tam yersiz hərəkətlər idi və vəziyyətin daha da pisləşməsinə gətirib çıxardı.

Kütlənin arasından bir neçə gənc nisbətən alçaq damlı tövlə binaları tərəfdən yuxarı dırmaşıb kazaklarla əlbəyaxa olmaq istəsələr də, din adamları onları dayandırdılar. Görünür, qarşı tərəfdəki  hərəkətlilik kazakları silaha əl atmağa vadar etdi. Damdan açılan atəşlə əsas darvaza səmtində 15-16 yaşlarında yeniyetmə yaralandı və bir neçə dəqiqədən sonra öldü. Bundan sonra əsəbləri son həddə qədər gərilmiş insanları durdurmaq qeyri-mümkün idi.

Növbəti qurban həmin gün sarayla rus missiyası arasında vasitəçilik edən Solomon Məlikyants oldu. O, Qriboyedova Qacar şahzadələrinin bir azdan gələcəyi xəbərini çatdırmağa gedirdi. Eyni zamanda səfiri inandırmalı idi ki, Mirzə Yaqubu təhlükəsiz yerə aparmaq üçün onlara versin. Və beləliklə də, fəlakətin qarşısını alsın. Hətta erməni xacə öldürülsə də, qətl səfir iqamətgahından kənarda baş versin, qanı Qriboyedovun üstündə qalmasın. Lakin artıq gec idi. Çünki ruslar tərəfindən ilk qan axıdılmışdı. Cavab da çox gecikmədi. Həmin dəqiqələrdə əynində rus nissiyasının uniforması olan Solomonun meydanda görünməsi taleyini həll etdi. Onu bir anda atdan çəkib yerə saldılar. Təpik, yumruq, dəyənək zərbələri ilə işini bitirdilər. Bundan sonra hadisələrin hansı məcrada davam edəcəyi artıq heç kimdə şübhə doğurmurdu. Həmin ana qədər kütləni müəyyən qədər idarə edən seyid və mollalara daha əhəmiyyət verən yox idi. Hər tərəfdən "Cihad! Cihad!" bağırtıları və "Allahu əkbər" sədaları eşidilirdi.

Bu arada etirazçılardan bir qrupu hansı yollasa missiyanın həyətinə aparan əsas qapının qıfılını sındırıb içəri girməyə müvəffəq oldu. Qısa toqquşmadan sonra səfirliyi mühafizə edən yerli fərraşlar onları sıxışdırıb bayıra çıxara və darvazanı bağlaya bildilər. Lakin bu, hələ mübarizənin başa çatması deyildi. Əksinə, qəzəblənmiş kütlə qüvvələrini cəmləşdirib yeni hücuma hazırlaşırdı. Şəhər tam bir xaos içində idi. Hakimiyyət nümayəndələri heç yerdə gözə dəymirdilər. Əslində onların yüz min nəfərlik insan selinin qarşısını alması da qeyri-mümkün idi. Mühasirəyə düşənləri yalnız möcüzə xilas edə bilərdi.

Amma möcüzə baş vermədi.

İkinci cəhddə qapını sındırmaq mümkün oldu. Əksəriyyəti hara getdiklərinin fərqində olmayan kütlə  sel kimi içəri axışdı. Doğrudur, silahlı kazakların müqavimətini qırmaq üçün müəyyən qədər vaxt itirmək lazım gəldi. Onlar isə əsas giriş qapısı uğrunda mübarizənin uduzulduğunu görüb səfirin qaldığı binaya aparan keçidi tutmağa tələsdilər. Mübarizə yalnız yerdə yox, yüksəklikdə də davam edirdi. İfrat sıxlıq səbəbindən həyətə girə bilməyənlərin bir qismi ikinci mərtəbənin damına dırmaşmışdılar. Bəziləri isə damla hərəkət edərək səfirin iş və yaşayış otaqlarının yerləşdiyi binaya qədər irəliləmişdilər.

Mirzə Yaqubun gizləndiyi otağı tapıb ilk növbədə onunla haqq-hesabı çürütdülər. Əsas məsələnin həll edildiyini düşünən molla və seyidlər bundan sonra missiya binasında qalmağa lüzum görmədilər. Hətta qalsaydılar da, çətin ki, nəyisə dəyişə bilərdilər. Ətalət qüvvəsinin təsiri altında hərəkət edən kütlə qarşısına çıxan hər şeyi vurub-dağıdırdı.

Səfirliyin 10-12 nəfər əməkdaşı vəziri-muxtarın otağına toplaşıb aqibətlərinin necə olacağını gözləyirdilər. Qriboyedov səfir mundirini geymiş, ordenlərini taxmışdı. Sadəlövhcəsinə düşünürdü ki, kütlə onun kim olduğunu biləndə əl saxlayacaq. Otağın qarşısındakı kazak dəstəsi hələ ki, duruş gətirirdi. Dar dəhlizdə əl-qol aça bilməyən adamlar damdakı yoldaşlarının yanına tələsdilər. Bir neçə dəqiqə ərzində damı söküb daşları, tirləri, kirəmid parçalarını otaqdakıların başına tökdülər. İçəri tullanıb sağ qalanların hamısının işini bitirdilər. Bir versiyaya görə, Qriboyedov bacada gizlənibmiş. Lakin son sığınacağı da onu xilas etməmişdi. Kütlə yalnız bundan sonra nisbətən sakitləşmiş, adamlar evlərinə çəkilmişdilər.

İşin maraqlı tərəfi rus missiyasına divan tutulmasının Türkmənçay sülh müqaviləsi imzalanmasının birinci ildönümü günündə baş verməsi idi.

***

Zəmanəsinin görkəmli adamlarından biri olan Qriboyedovun qətlinin günahkarları yalnız cahil, fanatik kütlə deyildi. Burada Rusiya imperiyası və Qacar sarayının da təqsiri vardı. Amma məsələyə obyektiv yanaşsaq, baş verən fəlakətin səbəbkarları sırasında "Ağıldan bəla" müəllifinin özünün və ətrafına topladığı adamların da günahı az deyildi.

XIX əsr İran tarixçisi Rzaqulu xan Hidayət (1800-1871) "Rövzət-üs-səfa" əsərində yazırdı ki, "rus silahının Azərbaycandakı qələbələrindən sərməst olan Qriboyedov özünü həddən artıq iddialı və təkəbbürlü aparır, hətta şahla münasibətdə də saymazyana rəftara yol verirdi. Ağıllı adamlar deyirdilər ki, hər şeydən öncə tutduğu elçi vəzifəsi taxt-tac sahiblərinə hörmətlə yanaşmağı tələb edir. Lakin Qriboyedov məsləhətlərə qulaq asmırdı. Əyanlar onun hikkəsi qarşısında susmaqla vəziyyətdən çıxmağa çalışırdılar. Şaha heç nə demirdilər. Şah isə Qriboyedovun rus imperatorunun səlahiyyətli naziri kimi ölkəyə gəldiyini, sülh müqaviləsinin bağlanmasında iştirak etdiyini,  sarayın qonağı olduğunu və nəhayət, Peyğəmbərin "Qonaqlarınız kafir də olsa onların hörmətini saxlayın" kəlamını nəzərə alaraq səfirin əslində tənə və töhmətə layiq hərəkətlərinə göz yumurdu".

525.az