adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Noyabr 2022 11:57
824
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: Dumanlı və yağışlı havalar...

Belə havalarda avtomobilləri idarə etmək elə də asan deyil. Çünki həm görmə məhdudlaşır, həm də yollar sürüşkən olur. Xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında belə havalarda avtomobilləri idarə etmək dəfələrlə çətinləşir. Ən azından sükan arxasında olan sürücüdən yüksək təcrübə, səriştə və səbir tələb olunur. Ümumiyyətlə, səbri olmayan adam sükan arxasında əyləşməməlidir. Əyləşirsə deməli, hər an hər hansı qəzanın baş verməsi ehtimalı da artır.

Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları da Bakı-Şamaxı-Yevlax avtomobil yolunda tez-tez mürəkkəb hava şəraiti ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyini həyata keçirirlər. Yəni bu istiqamətdə payız və qış mövsümündə nəqliyyat vasitələrinin hərəkəti bir o qədər də asan olmur. Çünki tez-tez yağışların yağması, qışda yolların buz bağlaması istər-istəməz avtomobillərin hərəkəti üçün bu və ya digər dərəcədə problemlər yaradır. Amma bu problemləri 3-cü tağımın əməkdaşları əvvəlcədən görür və qabaqlayıcı tədbirlər gerçəkləşdirirlər. Bu tədbirlər ondan ibarətdir ki, qatı düman olanda və fasiləsiz yağış yağanda tağımın əməkdaşları sərt döngələrdə və hərəkətin digər mürəkkəb istiqamətində yolda xidməti gücləndirirlər. Çünki bəzi sürücülər metroloji şəraiti nəzərə almır və nəticədə ağır qəzalar baş verir.

Əgər düşünsək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sərt döngələr çoxdur, bax, onda həmin istiqamətdə yol polisinin xidmətinə və sürücülərin də maariflənməsinə çox böyük ehtiyac var. Yolları qatı duman alanda polis əməkdaşları sürücüləri saxlayır, onları maarifləndirir, işıq cihazlarından istifadə etməyi tövsiyə edir və ara məsafəsi saxlamağı məsləhət bilir.

Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru Ürfət Şükürov bildirir ki, metroloji şəraitə uyğun olaraq xidməti yüksək səviyyədə təşkil edirik. Sərt döngələrə və mürəkkəb şəraiti olan yerlərə əlavə naryadlar göndəririk. Ümumiyyətlə, sürücülər bu istiqamətdə hərəkət edərkən hava şəraitini və sərt döngələri mütləq nəzərə almalıdılar. Fikirləşməlidilər ki, bu istiqamətdə kifayət qədər sərt döngələr var. Dumanlı havada isə uzaq məsafədən bu sərt döngələr görünmür. Ona görə də sürücülər hava şəraitinə uyğun sürət həddi seçməli, ara məsafəsi saxlamalı və yol polisinin tövsiyələrinə əməl etməlidilər. Bir faktı da qeyd edim ki, həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər nəticəsində ölümlə nəticələnən ağır qəzalar azalıb və xəsarətalma halları aşağı enib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli də metroloji şəraitlə bağlı sürücülürə bir daha öz tövsiyələrini və məsləhətlərini verib. T.Nəsirli bildirib ki, dumanlı və yağışlı havalarda təcrübəsiz sürücülər sükan arxasında əyləşməməlidilər. Belə havalarda bir qayda olaraq, sürücülər avtomobilin arxa və qabaq işıqlarını yandırmalı, bütün təhlükəsizlik tədbirlərini həyata keçirməlidilər. Hər bir sürücü mürəkkəb hava şəraitində sürət həddinə əməl etməlidir. Piyadalar da dumanlı və yağışlı havalarda yol hərəkətin qaydasını pozmamalı, yolu keçərkən təyin olunmuş yerlərdən, yerüstü və yeraltı keçidlərdən istifadə etməlidir. Bir çox piyadalar isə günün qaranlıq saatlarında daha diqqətli olmalı, yolu keçərkən nəqliyyat vasitələrinin hərəkətinə əmin olandan sonra bu addımı atmaq lazımdır. Bir sözlə, bizim tövsiyəmiz odur ki, hər bir hərəkət iştirakçısı diqqətli olsun, heç bir yol-nəqliyyat hadisəsi və piyadavurma halları baş verməsin!

Havaların soyuması, yollarda dumanın yaranması və eləcə də sürüşkən şərait bir daha hərəkət iştirakçılarından daha diqqətli olmağı tələb edir. Çünki belə mürəkkəb havalarda hər bir hərəkət iştirakçısının yol hərəkəti qaydasını pozması bədbəxt bir hadisənin baş verməsinə münbit şərait yaradır. Həyatınızı qorumaq istəyirsinizsə, yol hərəkəti qaydalarına riayət edin və özünüzün təhlükəsizliyinizə tam əmin olun!