adalet.az header logo
  • Bakı -°C
26 Sentyabr 2026 13:18
61
MƏMLƏKƏT
A- A+

Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı

“Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və 11 qəsəbənin inkişafı kompleks şəkildə planlaşdırılır”.

Adalet.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün məqsədimiz dayanıqlılıq və investisiya cəlbediciliyinin paralel şəkildə inkişaf etməsininin təminidir:

“Bu yanaşma yalnız Bakı ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın ərazi-məkan inkişafında yeni bir mərhələni təmsil edir. Biz sadəcə infrastrukturu və yaşayış məntəqələrini bərpa etmirik, həm də müasir nəqliyyat əlaqələri, sosial infrastruktur və bərpa olunan enerji potensialı ilə dəstəklənən yeni şəhər və iqtisadi mərkəzlər yaradırıq”.

A.Quliyev vurğulayıb ki, bu transformasiyanın miqyası böyükdür:

“Azad edilmiş ərazilər üçün inteqrasiya olunmuş planlaşdırma çərçivəsi təxminən 13 min 600 kvadratkilometr ərazini, o cümlədən 12 şəhər, 11 qəsəbə və 900-ə yaxın kəndi əhatə edir. Burada proqnozlaşdırılan əhali sayı təxminən 1,1 milyon nəfərdir. Lakin bu dəyişikliyin əhəmiyyəti yalnız onun miqyası ilə məhdudlaşmır, tətbiq etdiyimiz kompleks yanaşmada özünü göstərir. Şəhərsalma nəqliyyat əlaqələri, iqtisadi fəaliyyət, ətraf mühitin idarə olunması, enerji sistemləri, sosial infrastruktur və demoqrafik inkişafla birlikdə planlaşdırılır”.

O əlavə edib ki, azad edilmiş ərazilər yeni avtomobil yolları, dəmir yolları və hava limanları vasitəsilə birləşdirilir:

“Region həmçinin “yaşıl enerji zonası” elan edilib. Bu, təkcə tikinti və daşınmaz əmlak sahəsində deyil, həm də bərpa olunan enerji, turizm, qonaqlama, logistika, sənaye və müasir şəhərsalma sahələrində imkanlar yaradır. Bu proses Azərbaycan üçün yeni investisiya coğrafiyası yaradır və daha geniş strateji əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurun inkişafı icmalar, iqtisadi mərkəzlər və bazarlar arasında əlaqələri möhkəmləndirir, eyni zamanda Azərbaycanın regional nəqliyyat-logistika və investisiya habı kimi rolunu artırır”.