adalet.az header logo
  • Bakı -°C
20 Avqust 2026 11:16
130
SİYASƏT
A- A+

“Ermənistan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən çıxmağa çalışır...”

“Ermənistanın Rusiyadan və Rusiyanın təhlükəsizlik çətirindən uzaqlaşması artıq siyasi bəyanatlar mərhələsindən çıxaraq real geosiyasi prosesə çevrilir. Belə ki, Ermənistan 2024-cü ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını faktiki dondurub, onun tədbirlərinə qatılmır və təşkilat qarşısındakı maliyyə öhdəliklərini də yerinə yetirmir. Ermənistanın əsas arqumenti bundan ibarətdir ki, Azərbaycan işğal olunmuş ərazilərini azad edərkən və antiterror tədbirləri zamanı KTMT Ermənistanın tələblərinə baxmayaraq onu müdafiə etməyib, yəni KTMT Ermənistanın təhlükəsizlik ehtiyaclarına cavab verməyib. Baş nazir Paşinyan hətta təşkilatın Ermənistanın gələcəyi və suverenliyi baxımından təhlükələr yaratdığını da bildirib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

O, bildirib ki, bu, sadəcə diplomatik narazılıqdan daha çox Ermənistanın öz təhlükəsizlik arxitekturasını dəyişmək niyyətində olduğunu göstərirdi:

“Bununla belə, KTMT-n fəaliyyətində iştirak etməməsinə baxmayaraq Ermənistan hüquqi baxımdan təşkilatın üzvlükdən çıxmayıb, KTMT də Ermənistanı formal olaraq üzv hesab etməkdə davam edir. Təşkilatın baş katibi bu ilin iyununda Ermənistanla bağlı rəsmi üzvlük dəyişikliyi barədə heç bir bildiriş almadıqlarını və İrəvanı hələ də tamhüquqlu üzv saydıqlarını açıqlamışdı. Hazırda isə Rusiyanın bu vəziyyətə artıq əvvəlki səbrlə yanaşmadığı görünür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT-dəki statusunun tezliklə həll edilməli olduğunu bildirib. Rusiya hesab edir ki, Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalırsa, üzvlükdən irəli gələn öhdəlikləri də yerinə yetirməlidir. Ermənistanın KTMT-dakı gələcək statusu məsələsinə noyabrın 11-də təşklilatın Moskvada keçiriləcək sammitində baxılacağı gözlənilir. Beləliklə, bir müddət davam edən və şərti olaraq “dondurulmuş üzvlük” adlandırıla bilən model artıq Rusiya üçün də qəbuledilməz həddə yaxınlaşır”. 

Politoloqun sözlərinə görə, Ermənistanın xarici siyasətində son illərin ən böyük paradokslarından biri getdikcə daha aydın görünür: 

“Ermənistan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən çıxmağa çalışır, amma həmin sistemin yerini dolduracaq alternativ hərbi mexanizm hələ mövcud deyil. Yəni əsas məsələ KTMT-nin taleyi deyil, Ermənistanın təhlükəsizlik arxitekturasının taleyidir. Nəzərə almaq lazımdır ki, bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan cari ilin dekabrına qədər Ermənistan Avropa İttifaqını və ya Avrasiya İqtisadi İttifaqını seçməklə bağlı referendum haqqında qərar qəbul etməlidir. Göründüyü kimi, Rusiya Ermənistanı seçim etməyə tələsdirir. Deməli, Rusiya üçün söhbət artıq hərbi və iqtisadi alyansların taleyindən daha çox Rusiyanın uzun müddət ərzində formalaşdırdığı Güney Qafqazdakı sisteminin taleyindən, həmin sistemin Ermənistan vasitəsilə dağıdılmasının yarada biləcəyi geosiyasi və geoiqtisadi risklərdən gedir.Ermənistan üçün isə vəziyyət daha dramatik xarakter alır. Ermənistanın 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun qəbul etməklə strateji seçiminin yönümünü göstərmiş oldu. Lakin Avropa İttifaqı özü də açıq şəkildə bildirir ki, üzvlük mürəkkəb, uzunmüddətli və meyarlara əsaslanan prosesdir. Və yalnız 2030-cu ildə bu məsələ müzakirəyə çıxarıla bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropaya inteqrasiya seçimi öz-özlüyündə kollektiv hərbi müdafiəyə təminat vermir. Şərti olaraq Avropa İttifaqının konstitusiyası adlandırılan Lissabon müqaviləsində üzv dövlətlər üçün nəzərdə tutulan qarşılıqlı yardım öhdəliyi həmin quruma üzv olmsaq istəyən Ermənistan üçün avtomatik təhlükəsizlik zəmanəti yaratmır.Lakin kollektiv müdafiə təminatının olmasına baxmayaraq Avropa İttifaqı ilə, başda Fransa olmaqla ayrı-ayrı Avropa dövlətləri ilə, ABŞ və Hindistanla Ermənistanın təhlükəsizlik və hərbi-texniki əməkdaşlığı genişlənir. Bu genişlənmə daha çox ordunun modernləşdirilməsi, dayanıqlılığın artırılması, yeni silahlarla təchizatı, böhranların idarə olunması və müəyyən hərbi missiyalarda əməkdaşlıq istiqamətində inkişaf edir. Kollektiv müdafiə təminatı olmasa da, bunun mühüm əməkdaşlıq olması qeyd edilməlidir”. 

Q.Əlibəyli deyib ki, başqa sözlə, kollektiv Qərb İrəvana təhlükəsizlik arxitektyrasının gücləndirilməsində və yenidən qurulmasında hərtərəfli kömək edir: 

“Lakin bir ölkənin ordusunun silahlanması, komanda sisteminin dəyişdirilməsi, kəşfiyyat imkanlarının yenilənməsi, logistikanın qurulması, müdafiə sənayesinin inkişafı və yeni tərəfdaşlarla qarşılıqlı fəaliyyət mexanizmlərinin yaradılması qısa müddətdə baş vermir, illər tələb edir.Bu səbəbdən Ermənistanın gələcək təhlükəsizlik arxitekturası üçün ən vacib məsələ KTMT-dən uzaqlaşması yox, uzaqlaşdıqdan sonra yaranacaq təhlükəsizlik boşluğunu nə ilə doldurması olacaq. Əgər Ermənistan bu boşluğu öz ordusunun gücləndirilməsi, çoxvektorlu diplomatiya və Qərblə konkret müdafiə mexanizmləri hesabına doldura bilsə, Rusiyadan uzaqlaşma strategiyası uğurlu ola bilər.Ermənistan KTMT-dən formal şəkildə çıxarsa və ya üzvlüyünə xitam verilərsə onun təhlükəsizlik arxitekturasında yaranacaq boşluğu çoxkomponentli, belə demək mümkünsə “hibrid təhlükəsizlik sistemi” ilə doldurmağa çalışacağını güman etmək olar. Bu halda daha real ssenari ABŞ, Avropa İttifaqı, Fransa, Yunanıstan və Hindistan xəttinin Ermənistanın öz hərbi imkanları ilə birləşdirilməsi yolu ilə yeni təhlükəsizlik çətirinin yaradılması ola bilər.Bu halda ən mühüm istiqamət ABŞ-la ikitərəfli təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi ola bilər. 2026-cı ilin mayında Ermənistan və ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasında müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, ABŞ silahlarının mümkün satışı, hərbi təhsil və hazırlıq, Ermənistan ordusunun imkanlarının artırılması, müdafiə sənayesinin inkişafı və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur. Bu, prinsipial əhəmiyyətli bir məsələdir. Çünki söhbət artıq sadəcə təlimlərdən deyil, Ermənistanın milli təhlükəsizlik institutlarının ABŞ standartlarına yaxınlaşdırılmasından gedir.Ermənistan üçün yeni təhlükəsizlik çətirinin yaradılmasında Avropa İttifaqının rolu bir qədər fərqli ola bilər. Bu ilin iyulundan Ermənistanda Avropa İttifaqının yeni mülki tərəfdaşlıq missiyası fəaliyyətə başlayıb. Missiyanın vəzifələri arasında hibrid təhlükələrə, kibertəhlükələrə, xarici informasiya müdaxiləsinə və digər təhlükələrə qarşı Ermənistanın institusional imkanlarının gücləndirilməsi var. Başqa sözlə Avropa İttifaqı Ermənistanı hərbi baxımdan müdafiə etməsə də sərhəd təhlükəsizliyi, kəşfiyyat və məlumat mübadiləsi, kibertəhlükəsizlik, hibrid müharibəyə qarşı mübarizə, dövlət institutlarının dayanıqlığı və başqa sahələrində təhlükəsizlik infrastrukturu yaradılmasına əhəmiyyətli kömək edə bilər.Ermənistan üçün yeni təhlükəsizlik çətirinin yaradılmasında Fransa siyasi himayə ilə yanaşı silahlanma, hərbi texnologiya sahəsində, Yunanıstan və Hindistan isə daha çox maddi-hərbi təminat məsələlərində kömək edə bilər”. 

O, bildirib ki, Ermənistanın Rusiya silahlarından asılılığını azaltmaq üçün Yunanıstan və Hindistandan raket sistemləri, artilleriya, radar və digər hərbi texnologiyalar əldə etməsi artıq bu istiqamətin formalaşdığını göstərir:

“Avropa Parlamentinin təhlili də Rusiya silahlarının əsasən Hindistan və Fransa istiqamətləri ilə əvəzləndiyini qeyd edir.Zəngəzur dəhlizi (TRİPP marşrutu) də Ermənistanın təhlükəsizlik sisteminin bir hissəsinə çevrilə bilər. Belə ki, ABŞ və Ermənistanın TRİPP çərçivəsində əməkdaşlığı təkcə nəqliyyat layihəsi kimi qiymətləndirilməməlidir. Bu layihə çərçivəsində sərhəd təhlükəsizliyi, fövqəladə vəziyyətlər, infrastrukturun qorunması, gömrük və təhlükəsizlik sistemlərinin modernləşdirilməsi məsələləri də əhatə olunur.Və nəhayət, paradoksal görünsə də, Ermənistan üçün yeni təhlükəsizlik çətirinin yaradılmasında İran da müəyyən rol oynaya bilər. Çünki İranın Ermənistanla münasibətində söhbət yalnız ikitərəfli əməkdaşlıqdan getmir. Tehran üçün Ermənistanla sərhəd özünün Cənubi Qafqazdakı geosiyasi mövqeyinin və Şimal-Cənub dəhlizinin bir hissəsidir.Beləliklə, Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən çıxarsa, yaranmış boşluq yeni kollektiv təhlükəsizlik mexanizmi ilə deyil, balanslaşdırılmış çoxvektorlu təhlükəsizlik sistemi ilə doldurula bilər”.

Vasif ƏLİHÜSEYN