14 Iyun 2023 12:54
2583
LAYİHƏ

“Eynəyini Dəyişdir” layihəsi çərçivəsində fəaliyyətlərin icrasına başlanılıb

“İRƏLİ” İctimai Birliyinin Sosial iş mərkəzinin təşkilatçılığı, “Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə “Eynəyini Dəyişdir” layihəsi çərçivəsində fəaliyyətlərin icrasına başlanılıb.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən Adalet.az-a məlumat verilib ki, layihənin əsas məqsədi qeyri-formal təhsil metodlarından istifadə ilə autizm spektr pozuntusuna malik gənclərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, habelə uşaq və yeniyetmələrlə iş sahəsində gənclərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdən ibarətdir. Qeyd olunub ki, layihə müddətində ilkin tanışlıq görüşü keçirilərək, gənclərin autizm spektr pozuntusu ilə bağlı ilkin bilikləri yoxlanılıb.

Daha sonra təlim proqramına start verilib. “3 yaşadək inkişaf problemləri” mövzusunda keçirilmiş ilk təlimdə erkən diaqnoz, autizm spektr pozuntusu və əlamətləri, müalicə və müdaxilə metodikası barədə ətraflı məlumatlar layihə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, layihə çərçivəsində növbəti təlimlərin “Autizmli gənclərlə sosial işin təşkili" və "İnklüziv təhsil” mövzularında baş tutması planlaşdırılır.

Qeyd edək ki, “Eynəyini Dəyişdir” layihəsi artıq ikinci mövsümdür ki, həyata keçirilir və layihənin ilk mövsümündə ümumilikdə 50-ə yaxın gənc iştirak edib. Layihənin növbəti mərhələsində gənclər “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzinin iş prinsipi ilə yaxından tanış olaraq, autizmli gənclərlə birgə çalışma imkanı əldə edəcəklər.