adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyun 2023 18:17
2880
GÜNDƏM

 “Qara Polkovnik”in müəmmalı qətli - 19 il keçir

Bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik Fətulla Hüseynovun qətlə yetirilməsindən 19 il ötür.
Adalet.az
xəbər verir ki, “Qara polkovnik” kimi tanınmış Fətulla Hüseynov 1994-cü ildə uğurlu Horadiz komandiri kimi böyük hörməti vardı. Ordunun təminat məsələləri üzrə müavini, Fətulla Hüseynov Əli oğlu 21 dekabr 1937-ci ildə Tovuz rayonunda anadan olub.
Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Daha sonra SSRİ Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirib.
1960-90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb.


1993-cü ildə 21 dekabrda Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd «Şturm-S», 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

Fətulla Hüseynov 1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. UEFA-nın Azərbaycanda futbol oyunlarının keçirilməsi üzrə nümayəndəsi olub.
"Qara polkovnik"  2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilib. H. Məmmədov məhkəmədə bu qətlin də "siyasi sifariş" olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı.


Polkovnik ailəli idi, Tahir və Adil adlı oğlu var. 2012-ci il 9 avqustda onun oğlu Tahirə məxsus "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü T.Hüseynov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Digər oğlu Beynəlxalq Bankın Dubay filialının rəhbəri olmuş Adil Hüseynov 2015-ci ildə bankla bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmışdı.


Qeyd edək ki, belə qətllərin tez-tez baş verməsini hər kəs həyəcanla izləyib. General Eduard Hüseynov, parlamentin sədr müavini Afiyyəddin Cəlilov, Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov, akademik və deputat Ziya Bünyadov(Ziya Bünyadovun nəvəsi ölümündən təxminən bir il sonra Amerikada qətlə yetirildi.), deputat Əli Ansuxski, Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru Etibar Elkin ( Etibar Elkin iki oğluyla birgə öldürülmüşdü.),  «Monitor» jurnalının redaktoru Elmar Hüseynov və nəhayət, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general leytenant Rail Rzayev, kriminalist  Rövşən Əliyev  qətlə yetirildi .

 P.S. Təəssüf ki, heç bir mənbədə təltifləri ilə bağlı məlumat yoxdu...

Əntiqə Rəşid