29 Iyul 2023 12:52
1019
GÜNDƏM

Erməniləşdirilmiş  türk mənşəli rəssam: Türkiyəni və türkləri hədsiz sevən İvan Ayvazovski... 

Bu gün yazıma keçməmişdən əvvəl sizə filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin Elbrus Qaraqoyunlu ilə birgə araya-ərsəyə gətirdiyi "Türk mənşəli erməni soyadları" kitabından kiçik bir hissəni təqdim edəcəyik:

"Bu soyad türkmənşəli Ayvaz şəxs adından düzəldilmişdir. Ayvaz adını türk dillərində geniş işlənən Avaz -Əvəz, Ayvaz-Eyvaz şəxs adları ilə müqayisə etmək olar. Türk xalqları söz yaradıcılığından istifadə edərək Avaz şəxs adının birinci hecasının sonuna sonor “y“ samiti əlavə etmişlər. Türk xalqları arasında Ayvaz şəxs adının Eyvaz ekvivalenti də məlumdur. Sonuncu şəxs adına ölməz dramaturqumuz C.Cabbarlının “1905-ci ildə” pyesinin personajlarından olan Eyvaz Əsiryanın adında da rast gəlirik. Ayvazovski soyadı isə Ayvaz şəxs adına slavyan mənşəli -ski soyad şəkilçisi əlavə etməklə düzəldilmişdir.

Dünya şöhrətli rəssam İvan Konctantinoviç Ayvazovski Krımda dünyaya gəlmişdir və bizcə, qeyd-şərtsiz, milliyətcə türkdür. Keçmişdə rabitə vasitələri olmadığına görə türklər xüsusi çaparlardan istifadə edir və onu “ayvaz” adlandırırdılar. Ermənicə “çapar”, “ayvaz” sözləri vars kimi tərcümə edilir ki, bu sözün kökünü də feilin əmr formasında işlənən türkmənşəli "var" sözü təşkil edir. Bu da varmaq, getmək anlamında elə "çapar "sözünə uyğun gəlir. Professorlar İvan Gevorgiyeviç Ayvazov, Yuri Nikolayeviç Ayvazov, Artyom Aleksandroviç Ayvazyan, Vardan Gevorgiyeviç Ayvazyan, İvan Konstantinoviç Ayvazovski və b. bu soyadı daşıyırlar".



İvan Konstantinoviç Ayvazovski

 

İvan Ayvazovski 29 iyul 1817-ci ildə  Feodosiya, Tavriya quberniyasında, Rusiya imperiyası dövründə anadan olub. 2 may 1900-cü ildə də Feodosiya, Tavriya quberniyasında dəfn edilib. Ayvazovskinin əsərlərinin yarıdan çoxunu dəniz mənzərələri təşkil edir. İvan Ayvazovski ümumdünya rəssamların arasında ən yaxşı dəniz mənzərələri yaradan rəssam hesab olunur.
Sayat Nəva kimi bir türk əsilli aşığı erməni aşığı, Mimar Sinan kimi bir türk zəkasını erməni memarı kimi dünyaya sırımağı bacaran fürsətçil ermənilər belə məşhur bir rəssamı əldən buraxardılarmı? Deməli, erməni mənbələri, sonra isə bütün dünya onun erməni olduğunu yazdı: "İvan Ayvazovski Krımda Qaradənizin sahilində yerləşən kiçik Feodosiya şəhərində kasıb erməni ailəsində dünyaya gəlmişdi.

Simferopolda təhsil aldığı zaman, rəssamlıq qabiliyyətinə görə I Nikolay tərəfindən Sankt-Peterburq şəhərinə rəssamlıq təhsili almağa göndərilmişdir. 1836-cı ildə rəssamlıq təhsililini bitirdikdən sonra dövlət tərəfindən Avropaya göndərilmişdi. İllərlə davam edən səyahətlər zamanı müxtəlif ölkələrdə sərgiləri açılmışdı. Həmin dövrdə İvan Ayvazovski Avropada ən məşhur rus rəssamı hesab olunurdu. Ayvazovskinin 1844-cü ildə Rusiya imperiyasına geri qayıtmasından sonra bu ölkənin hərbi donamasında işləməyə başladı. İşi ilə əlaqədər, olaraq Ayvazovskinin bir çox əsərləri dəniz mənzərələri təşkil etmişdir".

 

Məlumatlara görə, 1845-ci ildə Ayvazovski Osmanlı İmperiyasının paytaxtı İstanbul şəhərinə gəlmişdir. Burada sultan I Əbdülməcid tərəfindən Bəylərbəyi sarayında qarşılanmışdır. 1845–1890-cı illər ərzində Ayvazovski İstanbul şəhərinə dörd dəfə gəlmişdir. 1874-cü ildə ki, səfəri zamanı erməni əsilli memar Sarkis Balyanın Quruçeşmə adasında yerləşən malikanəsində bir aya yaxın qalmışdır. Burada qonağ olduğu bir ay ərzində I Əbdülməcid tərəfindən Dolmabağça sarayı üçün sifariş olunan tabloların hazırlanması ilə məşğul olmuşdur. 1890-cı ildə İstanbulla son səfəri zamanı sultan II Əbdülhəmidlə görüşündə Ayvazovski sultana iki əsərini hədiyyə etmişdir. 5 mindən çox tablo müəllifi olan Ayvazovskinin əsərləri dünyanın müxtəlif muzeylərində saxlanılır. Dolmabağça sarayı, Dəniz muzeyi, Hərb muzeyi, İrəvan dövlət muzeyi və Rum Ortodoks Patrikxanasında Ayvazovskinin əsərlərinin bir hissəsi saxlanmaqdadır. Bir qrup əsərləri isə şəxsi arxivlərdə qorunur.

 

Professor yazır: "Erməniləşdirilmiş türk  Ayvazovski..."


Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, ATU-nun İnsan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinski maraqlı araşdırması və tapıntısı ilə ermənilərin "Ayvazovski" oğurluğunu ortaya qoya bilib. Professor yazır: Ayvazovskinin sələfləri Türk təbəələri, Quran ardıcılları olmuşlar. Rəssamın mərhum atası Ayvazovskiyə danışmışdı ki, Azovun alınması zamanı (1696-cı il iyulun 18-də) onun əmisi az qala müharibənin qurbanına çevriləcəkdi, lakin əsgərlərdən biri tərəfindən qaçılmaz ölümdən xilas olunmuşdu. Eyni bir məsələni İvan Konstantinoviçə qrafinya Antonina Dmitriyevna Bludova da təsdiqləmişdi. Qrafinya qədim bir kitabda Ayvazovskilər ailəsinin tarixçəsində belə bir epizod olduğuna dair məlumat vermişdi. Ayvazovskinin türk mənşəli olduğu barədə danışarkən qrafinya qeyd etmişdi ki, “Müsəlman şərqi Rusiyaya olan bütün nifrətinə baxmayaraq, bu ölkəyə iki şairi - Jukovskini, Puşkini və bir rəssamı - Ayvazovskini vermişdir. Beləliklə, Ayvazovskinin damarlarında türk qanı axırdı".


Professora haqq qazandırmaq üçün qeyd edək ki, məlun Çar Rusiyası və sovet rejimi dövründə ermənilər əlçatmaz olan hər şeyə yiyələnə biliblər.Azərbaycanın torpaqlarına, sərvətlərinə, musiqisinə, ədəbiyyatına, mədəni və tarixi abidələrinə, kulinariyasına, adət-ənənələrinə... indi bir Ayvazovskiyə yiyələnmək niyə çətin olsun ki? Ermənilər hər zaman Rusiya hökmdarlarının və baş katiblərinin "ərköyün balası" olub... Demək olar ki, bütün dövrlərdə!


Vaqif Şadlinski araşdırmasını nəticəsinə  istinadən yazır: "Öz mənşəyi barədə İ.K.Ayvazovski aşağıdakı maraqlı təfərrüatları xatırlayırdı: “Mən Feodosiyada 1817-ci ildə anadan olmuşam. Lakin mənim əcdadlarımın, atamın vətəni uzaqda idi, Rusiyada deyildi. Kim fikirləşə bilərdi ki, müharibə - bu hər şeyi məhv edən bəla, mənim həyatımın qorunmasına və dünya işığını görməyimin və doğulmağımın məhz Rusiyada və çox sevdiyim Qara dənizin sahilində olmağına xidmət edəcəkdi. Əslində isə hər şey belə olmuşdu. 1770-ci ildə Rumyantsevin başçılığı altında rus ordusu Benderi mühasirəyə aldı. Qala alındı, kəskin müqavimət və yoldaşlarının ölümündən qəzəblənmiş rus əsgərləri şəhərə səpələnərək, yalnız qisas yanğısına qulaq asıb insanların nə cinsinə, nə də yaşına görə aman vermədilər”.

 

 Yeri gəlmişkən, 2021-ci ilin dekabrında Rusiya sülhməramlılarının müvəqqəti nəzarət hissəsinə daxil olan Xankəndi şəhərində qanında ermənidən başqa hansı türk qanını desəniz tapmaq mümkün olan  rus rəssam İvan (Hovhannes) Aivazovskinin büstünün açılışı oldu. Maraqlıdır ki,  büstün yaradıcısı rus heykəltəraş Mixail Serdyukovdur. Heykəlin açılışını etmək Rusiya sülhməramlı kontingentinin humanitar cavab mərkəzinin zabiti mayor Sergey Lazevə tapşırıldı və hər zaman ki kimi rusların himayədarlığı bir daha özünü ortaya qoydu.

 Əntiqə Rəşid