14 Iyul 2016 14:43
7872
GÜNDƏM

Enişli-yoxuşlu ömür yolu

Tarixdə şəxsiyyətlərin rolu onların özlərindən sonra qoyub getdikləri irslə, formalaşdırdıqları və sonrakı nəsillərin də istinad edə biləcəyi ideya xətti ilə müəyyənləşir. Bu kontekstdə Heydər Əliyev dühası daha əzəmətli görünür. Çünki "tarixi şəxsiyyətlər silsiləsi”ndən də bu nəhəng dövlət xadiminin adı yalnız irsyaradıcı insan kimi çəkilmir. Böyük rəhbərin şəxsiyyət özəlliyi bir də onunla ölçülür ki, o, həm də müstəqil dövlət yaratmağı bacaran nadir dühalardandır. Müstəqil dövlət və güclü lider anlayışları isə hər zaman bir-birini tamamlayır.

Ulu öndər Heydər Əliyev həm də adamların həyatında böyük dəyişikliklər etmiş, onların düzgün inkişaf yollarını müəyyənləşdirmişdi ki, hər kəs öz qabiliyyətini, iş potensialını gerçəkləşdirə bilsin. Bu baxımdan Azərbaycanda on minlərlə insan hazırda tam əminliklə deyir ki, Heydər Əliyev mənim həyatımda dərin iz qoyub, qazandığımız uğurlara görə dahi şəxsiyyətə borcluyuq. Bu əbədi minnətdarlığı dilə gətirənlərdən biri də respublikanın Əməkdar kənd təsərrüfatı işçisi, tanınmış ictimai-siyasi xadim, ən əsası isə cəmiyyətdə layiqli mövqe qazanmış dəyərli ziyalı Çingiz Fərəcovdur. Burada haşiyə çıxıb bir həqiqəti də oxucularla bölüşmək istərdik. Deyirlər ki, ömür yolları çox vaxt enişli-yoxuşlu, daşlı-kəsəkli və çətinliklərlə dolu olur. Bəziləri həyatın sınaqlarında zəiflik göstərir, yoldaşlıqda vəfasız çıxırlar. Bir çoxları isə döngələr nə qədər sərt olsa da, öz əqidələrini, amallarını dəyişmirlər. Dostluqda sədaqəti qoruyub saxlayır, onlara edilən yaxşılıqları unutmur, əslində, yüksək insanlıq nümayiş etdirirlər. Çingiz Fərəcov Heydər Əliyevin etimad göstərdiyi, irəli çəkdiyi kadrlardan, həyatına müsbət təsir etdiyi müasirlərindən, bu böyük insana sonadək sədaqətli olan, bütün işlərinə dəstək verən şəxslərdən olub. Ona görə də Ç.Fərəcovu, əslində, xoşbəxt insan saymaq olar. Düzdür, həyatının ilk dövrləri ağrı-acılardan, böyük məşəqqətlərdən, çətinliklərdən keçib, dəfələrlə sınaqlarla üz-üzə qalıb. Amma bütün problemlərin öhdəsindən gəlmək, onlardan qurtulmaq üçün Tanrı bu insana səbir, dözüm, qətiyyət və ən əsası, fədakarlıq nəsib edib.

Çingiz Əliş oğlu Fərəcov 1942-ci ildə Füzuli rayonunun Xələfşə kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Anası hələ uşaq ikən valideynləri ilə birlikdə bu kəndə İrandan köç etmişdi. Atası isə Xələfşəyə Füzulinin digər kəndindən - Aşağı Rəfəddinlidən gəlmişdi. Kolxozda çoban işləyirdi. 25 yaşında ikən Böyük Vətən müharibəsi cəbhələrinə yola düşmüş və bundan sonra üç körpə uşaqla qalan ananın maddi vəziyyəti daha da pisləşmişdi.

Müharibədən sonrakı illərdə dolanışıq çətin idi. Çingiz müəllim xatırlayır ki, hələ uşaq ikən 5-6 yaşlarında qardaşı ilə birlikdə taxıl zəmilərinə sünbül yığmağa (Qarabağda buna başaq deyirlər) gedərdilər, onu əllərində ovub təmiz buğdaları evə aparardılar. Ana isə onları kirkirədə üyüdər və bu minvalla uşaqları aclıqdan xilas edərdi.

Qızmar yay günlərinin birində qardaşlar yenə də zəmiyə üz tutarkən Cuvarlı kəndinin (bu, Azərbaycanda geniş tanınmış Cuvarlılar nəslinin yaşadığı kənddir) dörd yol ayrıcında rayon mərkəzindən gəlmiş adamların diqqətini cəlb edirlər. Onlar qardaşların vəziyyəti ilə maraqlanır, ehtiyac içində yaşadıqlarını görüb onları rayon mərkəzindəki uşaq evinə aparırlar.


Uşaq evi əvvəlcə Füzulidə yerləşirdi, 1952-ci ildə isə Şuşa şəhərinə köçür. Çingiz kiçik yaşlarından fərasəti ilə fərqlənir, yaxşı oxuyur, ictimai tədbirlərdə, xüsusilə idman yarışlarında fəal iştirak edir, bədii özfəaliyyət kollektivində məşğul olurdu.

O dövrdə uşaq evindəki yeniyetmələrin əksəriyyəti texniki peşə məktəblərinə (onlara fabrik-zavod məktəbi deyirdilər) təhsil almağa gedirdilər. Çingizə isə yaxşı oxuduğuna görə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmağı məsləhət görürlər. O, burada da fərqlənir və 1960-cı ildə texnikumu qırmızı diplomla bitirdikdən sonra Sumqayıt şəhərinə təyinat alır. Məramı irəliyə getmək, çalışmaq, öyrənmək olan Çingizin keçdiyi çətin, dar, sıldırımlı cığırlar getdikcə onu böyük yollara qovuşdururdu. Bu yollar da hamar deyildi. Bununla belə, qətiyyətli, əzmkar Çingizi çox irəli aparacaqdı...

Ç.Fərəcov həmin günləri belə xatırlayır: "Sumqayıtın kənd təsərrüfatı müfəttişliyinin rəisi məni respublikanın ən iri təsərrüfatlarından biri olan Altıağac heyvandarlıq sovxozuna göndərdi. Sovxozun direktoru isə arıq, çəlimsiz cüssəmə baxıb dedi ki, səndən baytar texnik olar? Sonra nə fikirləşdisə, məni 9 nömrəli briqadaya baş çoban təyin etdi. Əlacım nə idi ki?!

Sürü "Cəngi meşəsi” adlanan qışlaqda yerləşirdi. Şamaxıya gedən yolun yaxınlığında, hələ Qobustana çatmamış Çaylı kəndinin yaxınlığında. Qədimdə buralar meşəlik olmuşdu. Meşə adlanmasına baxmayaraq, burada bir ağac da yox idi. Hər tərəf sıldırım qayalar idi. Belə bir çətin şəraitdə işləyirdik”.

Gənc baytarı çoban kimi işlətsələr də, o, texnikumda öyrəndiklərini burada tətbiq etməyə çalışırdı. Təbii ki, köhnə qayda ilə işləməyə alışmış çobanlar tərəfindən yeniliklər rəğbətlə qarşılanmırdı. Ona açıq şəkildə təzyiq göstərir, etiraz edirdilər. Gənc mütəxəssis isə bütün bunlara rəğmən irəli baxır, öz məqsədlərinə doğru gedirdi. Hətta bəzən atın belində belə kitab oxuyur, təhsilini davam etdirmək üçün ali məktəbdə qiyabi yolla oxumağa hazırlaşırdı. O zaman qoyun yataqlarına çobanların yanına ara-sıra Sumqayıtın partiya və komsomol komitələrindən gəlib-gedirdilər. Növbəti gəlişlərin birində Çingizdən çobanların məişət şəraiti barədə soruşurlar. O, həqiqəti söyləyir, radionun olmaması, yeni qəzetlərin gətirilməməsi, ölkə həyatında baş verənlərdən xəbərsiz olduqlarını deyir. Sonra isə çobanı sınağa çəkirlərmiş kimi ondan bir quzu kəsməyi xahiş edirlər. "Bu qoyun-quzu dövlətin malıdır. Hər buraya gələnə bir quzu kəssək, sürüdə sürülük qalmaz axı!” Gələnlər cavabdan məmnun qalır və xeyli gülürlər. Qayıdandan sonra çobanlar bilir ki, onların arasında Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov da varmış...

Çingiz Fərəcov Altıağacda ilk komsomol təşkilatının katibi kimi də fəaliyyət göstərir. Əsas işindən ayrılmadan 320 komsomolçuya rəhbərlik edir. 1962-ci ilin noyabr ayında Fərəcovu eyni zamanda Sumqayıt Şəhər Komsomol Komitəsinin ştatdankənar katibi seçirlər. Onu 19 yaşında ikən Sov.İKP sıralarına üzv qəbul edirlər. Belə gənc yaşda partiya bileti daşımaq o zaman böyük uğur sayılırdı. 1963-cü ildə Çingiz Fərəcov artıq Abşeron Rayon Komsomol Komitəsinin katibi olur, daha sonra Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkilir. Növbəti illərdə isə bölmə müdiri və komsomol orqanları şöbəsi müdirinin müavini vəzifələrində çalışır. Qeyd edək ki, həmin vaxta qədər istehsalatdan Komsomolun Mərkəzi Komitəsinə işləməyə gələn olmamışdı.
Bu illərdə o, ali təhsilini də başa vurur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirir. Həmin illərdə ÜİLKGİ Mərkəzi Komitəsi tərəfindən irəli sürülən "Qızlar, sükan arxasına” hərəkatı geniş yayılmışdı. Özbəkistanda pambıqçı-mexanizator Tursunoy Axunovanın təşəbbüsündən yayılan dalğa tezliklə Azərbaycana da çatmışdı. Zaqatalalı Sevil Qazıyeva başda olmaqla digər rayonlardan daha üç qız bu təşəbbüsə ilkin qoşulmuşdular. Getdikcə onların sayı artırdı və bu işdə Çingiz Fərəcovun böyük əməyi vardı. O, Azərbaycanı bölgə-bölgə, kənd-kənd gəzir, mexanizatorluğa həvəsi olan qızları toplayır, bu işə qoşulanlara isə köməkçi və dəstəkçi olurdu. Bu gün tam cəsarətlə demək olar ki, Azərbaycanda "Qızlar, sükan arxasına” hərəkatının başlanması, uğurla həyata keçirilməsi, yəni 1300 gənc qızın mexanizator peşəsinə yiyələnməsi və tarlalarda hünər göstərməsi məhz Çingiz Fərəcovun adı ilə bağlıdır. Belə ki, 60-cı illərin əfsanəsi - qabaqcıl mexanizatorlar Sevil Qazıyeva, Diləfruz Ocaqquliyeva, İmişli rayonundan Atlas Məmmədova, Naxçıvandan Cavahir Abdullayeva, Tərtərdən Ofeliya Səfərova, Zaqataladan Sevilin kiçik bacısı Sona Qazıyeva və Cəlilabaddan Sona Ağayeva Azərbaycan komsomolunun və həmişə axtarışda olan Çingiz Fərəcovun tapıntısı idi.

Məlum olduğu kimi, bu işdə faciəli və çox kədərli olaylar da yaşanmışdı. Tarlada işləyərkən ani bir ehtiyatsızlıq üzündən qəhrəman qızımız Sevil Qazıyeva həlak olmuşdu. Faciə yerinə dərhal Moskvadan və Bakıdan məsul şəxslər gəlmişdilər. O zaman Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini vəzifəsində işləyən Heydər Əliyev də burada idi...

***
Çingiz Fərəcov ulu öndəri növbəti dəfə Azərbaycan KP MK-nın 1969-cu il 14 iyulda keçirilən plenumunda gördü:

- Həmin vaxt Komsomolun Mərkəzi Komitəsinin birinci katibi Elmira Qafarova idi. Mənə dedi ki, Azərbaycan KP MK-nın plenumunda iştirak etməliyik. O vaxtlar Komsomolun Mərkəzi Komitəsinin şöbə müdirləri də Azərbaycan KP MK-nın plenumlarına, fəallar yığıncaqlarına və müşavirələrinə dəvət olunurdular. Beləliklə, komsomoldan 6 nəfər şöbə müdiri partiya biletimizi götürüb plenuma getdik. Əlbəttə, burada nələr olacağını əvvəlcədən bilmirdik. Plenumda Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov çıxış edərək dedi ki, səhhəti ilə bağlı Sov.İKP MK-nın baş katibi L.İ.Brejnevə işdən azad olunması barədə xahişlə müraciət edib və müraciəti də qəbul olunub. Sonra isə birinci katibliyə Heydər Əlirza oğlu Əliyevin namizədliyini irəli sürdü. Plenumda Sov.İKP Mərkəzi Komitəsindən katib İ.V.Kapitonov da iştirak edirdi. Həmin gün Heydər Əliyev yekdilliklə Azərbaycan KP MK-nın birinci katibi seçildi. Başqa cür ola da bilməzdi. Heydər Əliyev dərin biliyə və savada, böyük erudisiyaya və təşkilatçılıq qabiliyyətinə malik, nəhayət, sağlam, gümrah bir insan idi. 46 yaşı vardı... Onu da xatırladım ki, hələ Sov.İKP Mərkəzi Komitəsinin 1966-cı ilin may plenumunda L.İ.Brejnev Azərbaycanın kənd təsərrüfatının bütün göstəricilər üzrə geridə qalmasına görə respublika partiya təşkilatını kəskin tənqid etmişdi. Leonid İliç demişdi: "Biz belə bir sual verməyə məcburuq: respublikanın kənd təsərrüfatında işlərin belə vəziyyətdə olması üçün cavabdeh kimdir? Məgər bu illər ərzində Azərbaycan partiya təşkilatında qüvvə, vəsait və güclü iradə sahibi tapılmamışdır ki, belə qeyri-normal vəziyyətə nəinki yol verilməsin, hətta əksinə, torpaqlardan yüksək səviyyədə səmərəli istifadəyə nail olunsun?” Heydər Əliyevin birinci katib seçildiyi tədbirdə İ.V.Kapitonov L.İ.Brejnevin məhz həmin sözlərinə vurğu edərək dedi ki, Azərbaycanı yaxşılığa doğru dəyişəcək qüvvə və iradə tapıldı. Əliyev yaxşı işləyəcək!

Çox keçmədi ki, 1969-cu ilin avqustunda Azərbaycan KP Mərkəzi Komitəsinin həm tarixi, həm də məşhur plenumu keçirildi. Bundan sonra respublikada iqtisadiyyatın və sosial həyatın bütün sahələrində bir oyanış, tərpəniş hiss olundu. Azərbaycan öz müdrik rəhbərinin zəkası, uzaqgörənliyi və SSRİ hakimiyyətində qazandığı nüfuzu sayəsində hərtərəfli inkişaf yoluna çıxdı. "Biz hamımız görürdük ki, Azərbaycana böyük potensialı olan bir şəxsiyyət rəhbərlik edir. Ulu öndərin nümunəsi sanki hər birimizin damarlarında qanı oynatmışdı. Başqa sözlə, Heydər Əliyev getdikcə öz potensialını daha çox ortaya qoyur və hər vasitə ilə bizləri də öz potensialımızdan geniş istifadə etməyə səfərbər edirdi. Bizim, yəni istər o, istərsə də sonrakı dövrdə Heydər Əliyevlə çiyin-çiyinə çalışanların bir xoşbəxtliyi də onda idi ki, gözümüzün qarşısında vətənə, xalqa, tapşırılan vəzifəyə necə münasibət göstərildiyinin canlı nümunəsini görürdük. Bu nümunəni məhz Heydər Əliyevin timsalında müşahidə edirdik. Ulu öndərin rəhbərliyi altında yalnız bu cür işləmək olardı və lazım idi!”

***

1971-ci ilin iyul ayı idi. Özbəkistanın paytaxtı Daşkənd şəhərində Orta Asiya respublikalarının və Azərbaycanın gənc kənd təsərrüfatı qabaqcıllarının müşavirəsi keçirilirdi. Respublikamız həmin tədbirdə 100 nəfərlik heyətlə iştirak edirdi. Orada Sov.İKP Mərkəzi Komitəsinin katibi F.D.Kulakovun iştirak etməsi müşavirənin sanbalını göstərən əyani fakt idi.

Azərbaycan bu tədbirə xeyli vaxt idi hazırlaşmışdı. Əsas işləri Çingiz Fərəcov həyata keçirirdi. Müşavirədə gənc bir çobanın çıxışı da nəzərdə tutulurdu. Qərara alınmışdı ki, çıxış edən çoban Bərdə rayonundan Şiraslan Rzayev olsun. Gənc çoban üçün rus dilində çıxış hazırlanmışdı, natiqin bu dildə səlis danışması üçün ona rus dili müəllimi də təhkim olunmuş, mətni ona əzbərlətmişdilər. Bundan əlavə, çıxışın kiçik bir ssenarisi də vardı: Şiraslan tribunaya qucağında quzu, əynində yapıncı, ayağında çoban çarığı ilə çıxmalı idi. Qısası, hazırlıq yüksək səviyyədə aparılmışdı.


Lakin müşavirədə ağlagəlməz bir insident baş verir. Belə ki, müşavirəni aparan F.D.Kulakov növbəti çıxışın azərbaycanlı nümayəndə tərəfindən olacağını elan edir. Bu zaman görürlər ki, çoban müşavirə salonundan yoxa çıxıb. Son məqamda Fərəcov belə qərara gəlir ki, Şiraslanın yerinə tribunaya salonda oturan gənc kolxoz sədri İnqilab Nadirov çıxsın və ümumən Azərbaycanın kənd təsərrüfatının inkişafı barədə danışsın. Nümayəndə heyətinə o zaman Mərkəzi Komitənin kənd təsərrüfatı məsələlərinə baxan katibi Hacağa İbrahimov başçılıq edirdi və tədbir zamanı baş verən xoşagəlməz hadisə ona çox pis təsir etmişdi.

Şiraslana isə tədbirdən əvvəl özbəkistanlı telejurnalistlər yaxınlaşmış və heç kəsə xəbər vermədən onu respublika televiziyası ilə çıxış etməyə aparmışdılar. Təcrübəsizlikdənmi, yoxsa bir qədər dərindən düşünməməkdənmi gənc çoban belə kobud bir səhv buraxmışdı. Cəzasını isə Fərəcov çəkəcəkdi. O zaman belə insidentlər bağışlanmırdı. Təbii ki, bu hadisə Azərbaycanın rəhbəri Heydər Əliyevdən gizlədilə bilməzdi.

Çingiz müəllim deyir ki, bu hadisəyə görə onu böyük cəza gözləyirdi: Sov.İKP üzvlüyündən azad etmək, partiya biletini almaq, töhmət vermək, işdən çıxarmaq barədə söhbətlər gedirdi. Artıq onun "partiyaya zidd” hərəkətinin müzakirə olunacağı iclasın elanı da divardan asılmışdı. Elə bu vaxt ona deyirlər ki, Mərkəzi Komitəyə, kənd təsərrüfatı şöbəsinin müdiri Leyla Rəcəbovanın yanına getməlisən. Böyük həyəcan içində Mərkəzi Komitəyə yollanır və Leyla xanım Heydər Əliyevin onu qəbul edəcəyini bildirir.

- İsti yay günü olduğundan və mətləbdən xəbərsizliyimdən buraya adi köynəkdə gəlmişdim, 
- deyə Ç.Fərəcov söhbətinə davam edir,
 - mənə tez pencək, qalstuk verdilər. 

Açığını deyim ki, özümdə deyildim. Adi bir vaxtda o kişinin zəhmindən belə həyəcanlanırdım. Özümü ələ alıb Heydər Əliyevin kabinetinə daxil oldum. Qapının ağzında donub qalmışdım. Birdən Heydər Əliyev üzünü mənə tutub dedi: "O tədbirdə sən yaxşı rejissorluq etmisən, düzgün hərəkət etmisən”. Qulaqlarıma inanmadım. Başladım üzrxahlıq etməyə ki, yoldaş Əliyev, əgər bir səhvim varsa, məni bağışlayın. Məni partiya sıralarından çıxarmaq, işdən xaric etmək istəyirlər. Uşaq evində böyümüşəm, heç kəsim yoxdur.

Bir qədər soyuqqanlıqla dedi: "Onların hamısını bilirəm... Bu gündən sən aparatın işçisisən, səni kənd təsərrüfatı şöbəsinə işə götürürük”. Sonradan eşitdim ki, Heydər Əliyev mənim Özbəkistandakı hərəkətimi bəyənib və Hacağa İbrahimova deyib ki, orada çıxış edən olmasaydı, biabır olardıq”.

Ç.Fərəcov Mərkəzi Komitədən qayıdana qədər iclas çağırılır və təklif edilir ki, onu partiya sıralarından çıxarsınlar. Çingiz Fərəcova söz verilir. O isə artıq Azərbaycan KP Mərkəzi Komitəsinin işçisi olduğunu bildirir. Salona sükut çökür, hamı bir an donub qalır. Xəbərin doğruluğu bir neçə dəqiqədəcə öyrənilir və bütün iştirakçılar Fərəcovu alqışlamağa başlayırlar. Bəlkə də bu alqışlar cavan partiya işçisinin gələcəkdə qazanacağı böyük uğurlara yönəlmişdi. O partiya işçisinə ki, ulu öndər Heydər Əliyev bu insana inam bəsləmiş, xeyir-dua vermiş, arxa-dayaq olmuşdu!

Beləliklə, 1971-ci ilin avqust ayından Mərkəzi Komitənin Kənd təsərrüfatı şöbəsində təlimatçı kimi fəaliyyətə başlayan Ç.Fərəcov bir il sonra MK-nın kənd təsərrüfatı üzrə katibinin köməkçisi vəzifəsinə keçirilir.

Bu dövrdə Heydər Əliyev istər respublikanın kənd təsərrüfatına aid ən yeni məlumatları, istərsə də SSRİ-də və dünyada aqrar məsələlər barədə yeniliklərin çoxunu Çingiz Fərəcova toplatdırıb istifadə edirdi.

- Mən Heydər Əliyevin rəsmi köməkçisi olmamışam, 
- deyir Çingiz Fərəcov, 
- amma o öz köməkçilərinə tapşırmadığı ən ciddi məsələləri mənə həvalə edirdi. Yadımdadır ki, bir dəfə mənə bəzi rayonlarda pambıq kolundakı yaruslarda yetişən pambığın çəkisini dəqiq öyrənməyi tapşırdı. Bu halda az olan çəkinin səbəbini də bir mütəxəssis kimi məndən soruşdu. Növbəti dəfə pambıqçılığın tarixinə aid material lazım idi. Həmidə xanımın "Cəlil Məmmədquluzadə haqqında xatirələrim” kitabında rast gəldiyim faktı, yəni XX əsrin əvvəlində Tiflisdə pambıqçıların qurultayı olduğunu və bu qurultayda Həmidə xanımın çıxış etdiyini Heydər Əliyevə çatdırdım. Ulu öndər bu faktdan Azərbaycan pambıqçılarının 1974-cü ildə keçirilən müşavirəsindəki çıxışında istifadə etdi. O, tez-tez Orta Asiya respublikalarında pambıq yığımının gedişi, Moldovada, Gürcüstanda və Ukraynada üzüm yığımının vəziyyəti ilə maraqlanırdı. Mən operativ qaydada bu məlumatları həmin respublikalardan alıb, dərhal Heydər Əliyevə çatdırırdım.

Bütün bunlar adi bir maraq deyildi. Öyrəndiyi məlumatların hamısı respublika başçısının iti zəkasının süzgəcindən keçirilir, dönə-dönə təhlil olunur, qərarlar çıxarılır və nəticədə Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən tədbirlər işlənib hazırlanırdı.

***

Ç.Fərəcov həddindən artıq cəld, operativ və yaddaşının möhkəm olması ilə, daim istənilən suala cavab vermək üçün yeni məlumatlar toplaması, dünyagörüşünü və bilik dairəsini genişləndirməsi ilə ulu öndərin rəğbətini qazanmışdı. 1973-cü ildən başlayaraq hansı rayona getsə, Çingiz müəllimi də özü ilə aparardı. O, Heydər Əliyevin səfərlər zamanı verdiyi tapşırıqları özündə qeyd edər və onların həllini nəzarətə götürərdi. Yeri gəlmişkən, bu səfərlər təkcə iqtisadiyyatın inkişafına xidmət etmirdi. Azərbaycanın müdrik rəhbəri yerlərdə insanların dolanışığını görür, vəziyyətləri ilə maraqlanır, arzularını öyrənirdi. Çingiz müəllim danışır ki, bir dəfə Sabirabadda olarkən ulu öndər pambıqçı qızlardan nə istədiklərini soruşur. Bir qız yaxınlaşıb deyir ki, yoldaş Əliyev, yazıçı Əlibala Hacızadənin "İtkin gəlin” kitabını tapıb oxuya bilmirik. Ulu öndər elə oradaca Fərəcova tapşırıq verir və həmin roman yüz min nüsxə tirajla yenidən buraxılır, bütün rayonlara paylanılır.

1972-1979-cu illərdə Ç.Fərəcov Mərkəzi Komitə Aparatının Həmkarlar təşkilatının sədri seçilir. Şübhəsiz ki, bu ictimai vəzifə də ona Heydər Əliyevin müsbət rəyi əsasında verilmişdi. Üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə, etimadı doğrultmağa çalışırdı. Uğur da qazanırdı, yeniliklər də edirdi. Həmin vaxtdan insanlar ona yaşayış şəraitini yaxşılaşdırmağa, ölkənin ən yaxşı sanatoriyalarına yollayışlar almağa, məşhur bədii əsərlərə abunə yazılmağa, bağ evi tikmək üçün torpaq sahəsi əldə etməyə kömək göstərmək kimi xahişlərlə müraciət edirdilər. Ç.Fərəcovun bu xahişləri necə yerinə yetirdiyini ən azı belə bir fakt sübut edir ki, o, Həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsinə ardıcıl olaraq bir neçə dəfə seçilir. Özü də gizli səsvermə yolu ilə və yekdilliklə. Rəhbərlik isə Ç.Fərəcova daim göz qoyurdu. Çingiz müəllim deyir ki, Heydər Əliyev uzaqdan da hər kəsin işinin səviyyəsini görür, müşahidə edir və düzgün qiymət verirdi. "Ölkə rəhbərinin bu dəqiqliyi, bu ciddiyyəti hər bir partiya işçisi, hər bir məmur, hər bir insan üçün, o cümlədən mənim üçün də əyani bir nümunə idi. Heydər Əliyev etimad göstərməyi də, inanmağı da, inamı doğrultmayanda cəzalandırmağı da bacaran rəhbər idi. Odur ki, məni hər dəfə yeni vəzifəyə təyin edərkən qarşıya qoyduğu məsələləri iş proqramım kimi qəbul edirdim. Məsləhətlərinin, tövsiyələrinin hamısı millətə, xalqa xidmət məramı daşıyırdı”.

***

1977-ci ildə bu qabaqcıl partiya işçisi SSRİ dövlətinin ən yüksək mükafatlarından biri olan "Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülür. Həmin ilin noyabrında partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilir. Heydər Əliyev çıxışında Ç.Fərəcovun fəaliyyətini təqdir edir, onu respublikanın kənd təsərrüfatı sahəsində yeriyən, danışan canlı ensiklopediya adlandırır...

- İclaslarda, adətən, hamı rus dilində danışardı, 
- deyə Fərəcov yenə də xatirələrə üz tutur, 
- mən tez-tez Azərbaycan dilində çıxış edirdim, bundan narahatlıq yarananda Əliyev deyirdi ki, dəyməyin, qoyun danışsın. Ulu öndər Azərbaycan dilini çox sevirdi. Ana dilini belə dərindən mənimsəməsi, onun zənginliklərinə bələd olması məhz həmin sevginin təzahürü idi. Növbəti dəfə partiya işçilərinə mənzillər veriləndə hələ evlənməmişdim. İdarəçilik Akademiyasının qarşısındakı təzə doqquzmərtəbəli binanın Azərbaycan dövlətinin büdcəsinə dəxli yox idi. Heydər Əliyev onun tikintisinə vəsaiti Moskvadan, Sov.İKP Mərkəzi Komitəsinin büdcəsindən almışdı. Məni çağırıb dedi ki, "sənə təzə binadan üçotaqlı mənzil verirəm. Nə vaxta kimi burada, işdə yatıb qalacaqsan?”
Heydər Əliyev kadrları məsuliyyətinə, sədaqətinə görə qiymətləndirən dahi şəxsiyyət idi. Ən nəcib duyğularını, mərhəmət və mehribanlığını hər zaman qoruyub saxlayırdı. İnsanların dərdini, nisgilini, ehtiyaclarını başa düşməsi, onlara ən böyük və bəzən xırda bir diqqət yetirməyi bacarması ölkə rəhbərinin ən ali xüsusiyyətlərindən idi. Mənə mərhəmətlə yanaşardı.

1977-ci ilin dekabr ayında Ç.Fərəcovu aparatın təşkilat-partiya işi şöbəsinin inspektoru təyin edirlər. Kurasiyasına beş - Astara, Lerik, Yardımlı, Lənkəran və Masallı rayonlarını verirlər. Gecə-gündüz çalışır. Tez-tez kənd rayonlarına gedir. Gündəlik problemləri operativ şəkildə həll edir, təsərrüfatların, bölgələrin, kənd təsərrüfatı istehsalı sahələrinin perspektiv inkişaf məsələlərini dərindən öyrənir. Başqa cür ola da bilməzdi. Ulu öndərin etimadı qarşısında ancaq və ancaq nümunəvi işçi olmaq zəruri idi.

***

1980-ci ildə Çingiz Fərəcov Astara Rayon Partiya Komitəsinə birinci katib göndərilir. "Əslində, mən aparatda qalmaq istəyirdim”, - deyə Fərəcov fikrini bildirir: "Doğrusu, bu rayonda işləməkdən ehtiyatlanırdım. Çünki Astara bir qədər narahat yer idi. Buradan Mərkəzi Komitəyə birinci katibdən çoxlu şikayət ərizələri gəlirdi. Dedi-qodu baş alıb gedirdi. Bu zaman Heydər Əliyev mənə ciddi şəkildə dedi ki, katib olmaq üçün mənə minnətçi düşənlər çoxdur. Səni göndərirəm ki, möhkəmlənəsən, kamilləşəsən, katib olmaq bir məktəbdir. Astara həqiqətən çətin rayondur. Sən özünlə Astaraya yeni ruh, yeni ab-hava gətirməlisən. Heydər Əliyev mənim həyəcan keçirdiyimi duyub dedi ki, narahat olma, sənin konfransında özüm iştirak edəcəyəm. Bu xəbər ildırım sürətilə respublikaya yayıldı. Rayonların rəhbərləri, eləcə də aparatda mənə bir növ "həsəd” aparır, ulu öndərin Astaraya konfrans keçirməyə gedəcəyinə qibtə ilə yanaşırdılar. Düzü, buna əvvəlcə inanmırdım. Çünki Heydər Əliyev heç vaxt rayon partiya təşkilatlarının konfranslarında iştirak etmirdi. Lakin görəndə ki, Astarada keçirilən konfransın tarixi tez-tez dəyişdirilir, buna məndə şübhə yeri qalmadı. Ulu öndərin vaxtı olmadığından imkan tapıb Astarada partiya konfransında iştirak edə bilmədi. Konfransı keçirməyə Mərkəzi Komitənin şöbə müdiri Mikayıl Nəzərov göndərildi”.

Çingiz Fərəcov bu vəzifədə də özünü doğruldur, respublika rəhbərinin ona bəslədiyi etimada layiq işləyir. Fəaliyyətində həmişə Heydər Əliyev üslubunu, metodunu rəhbər tutur. Adidən də adi, sadədən də sadə dolanan birinci katib insanlara, xüsusilə kimsəsiz və kasıb adamlara xoş münasibət bəsləyir. Yanına kömək üçün gələnlərin çoxunu ümidsiz qaytarmır.

Ümumiyyətlə, Ç.Fərəcov Astaradan sonra işlədiyi Dəvəçi (indi Şabran) və Xaçmaz rayonlarında da camaatın xarakterik xüsusiyyətlərini, əhvali-ruhiyyəsini öyrənməyə çalışırdı. Maraqlıdır ki, onun Astarada fəaliyyəti illərində rayonun heç bir yerində "Sov.İKP-yə eşq olsun!”, "Partiyanın qərarlarını yerinə yetirək!” kimi şablon şüarlara rast gəlməzdin. Məsələn, belə bir şüar diqqəti cəlb edirdi: "Yaxın qonşu uzaq qohumdan yaxşıdır!” Xaçmazda işləyəndə isə orada bəzən oğurluq halları olduğu üçün halallıq, düzlük haqqında şüarlar yazılıb vurulurdu: "Evinizə haram gətirməyin, o, halalı da aparacaq!”, "Torpaqda izi olmayanın süfrədə üzü olmaz!” və digər şüarların tərbiyəvi təsiri güclü idi.
Astarada yol boyu 50-yə yaxın əmək qabaqcılının - həkimin, müəllimin, digər ziyalıların iri portretləri vurulmuşdu. Bu iri şəkillərin altında da onların haqqında geniş məlumat yazılırdı. Neçə il idi ki, nahar vaxtı kəndliləri çörək yemək, istirahət etmək üçün maşınlarla evə aparıb-gətirirdilər. Kəndə gedib-gəlmək 5-6 kilometrədək, kəndarası yolla isə bundan da çox məsafə edirdi. Beləliklə, istirahət üçün ayrılan qiymətli iki saatın 30-40 dəqiqəsi hədər gedirdi. Camaat artıq buna adət etmişdi. Çingiz müəllim isə elə tarladaca yaraşıqlı düşərgələr tikdirdi. Burada nahar etmək, çay, yaxud sərinləşdirici içki içmək, yuyunmaq, qəzet və jurnal oxumaq, televizora baxmaq, radioya qulaq asmaq, hətta mürgü vurmaq da olardı. Bunun üçün tarla düşərgələrinə çarpayılar da qoyulmuşdu.

Heydər Əliyev Astarada olarkən bunları görüb bəyənmiş və soruşmuşdu ki, Çingiz, sən partiya işində bu yenilikləri haradan öyrənmisən? Bu sualın cavabı sözsüz də aydın idi. Heydər Əliyevin inam bəsləyərək seçdiyi kadrlar ən yaxşı xüsusiyyətləri elə onun özündən öyrənirdilər.

Ç.Fərəcovun Astarada gördüyü xeyriyyə işlərinin sayı-hesabı yox idi: şəkil qalereyası, diyarşünaslıq muzeyi, muğam və poeziya klubu, gənclər evi, uşaq kitabxanası, rayon mərkəzində 7 ədəd beşmərtəbəli yaşayış binasının tikintisi, kəndlərə qaz çəkilməsi... O, çoxuşaqlı ailələrin və müharibə veteranlarının vəziyyətinin yaxşılaşdırılmasına da çalışırdı.

- 1982-ci il iyunun 1-də Astarada plenum keçirildi. O vaxta qədər Heydər Əliyev heç bir rayonun partiya komitəsinin plenumunda iştirak etməmişdi. Nədənsə, respublika rəhbəri bizim plenumda iştirak etmək üçün Astaraya gəlmişdi. Heydər Əliyevi Astaranın girəcəyində qarşılayanda gülə-gülə dedi ki, sənin konfransında iştirak etmək istəyirdim. Lakin buna həm vaxtım, həm də imkanım olmadı. İndi gəldim ki, plenumda iştirak edim. Mənim böyük rəhbərə "çox sağ olun” deməkdən başqa sözüm yox idi.

Ulu öndər buraya gəlməzdən əvvəl Lənkəranda tərəvəz sahələri ilə tanış olmuş, orada tarla düşərgələrinə rast gəlmədiyinə görə xeyli təəssüflənmişdi. Astarada isə yaraşıqlı düşərgələrin olması onun xoşuna gəlmişdi. Burada yolboyu, həm də şəhərin özündə sıralanmış qabaqcıl əmək adamlarının və ziyalıların portretlərini, qəbiristanlıqlardakı səliqə-sahmanı, el ağsaqqallarının xatirəsinə ucaldılmış abidələri, bərli-bəzəkli bulaqları, ağır xəstəliyə düçar olmuş gənc şair Natiq Babayevə yaradılmış şəraiti, rayonda ildə bir dəfə keçirilən doğma və yaxın adamların xatirə günlərini, "Maraqlı görüşlər” klubunda respublikanın və SSRİ-nin məşhur adamları ilə keçirilən görüşləri Heydər Əliyev yüksək qiymətləndirirdi.

Ç.Fərəcov danışır ki, Heydər Əliyev Kijəbə qəsəbəsində tarlada çayçılarla görüşərkən əmək qabaqcılı Bəsti Əliyevanı göstərib dedim ki, bunlar yeddi bacıdırlar, hamısı çayçılıqda işləyir. Bəsti hüquqşünas olmaq istəyir. Heydər Əliyev buna çox sevindi və onun dəstəyi ilə Bəsti Əliyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldu, oranı bitirdi və hazırda Astara Rayon İcra Hakimiyyətində işləyir.

Astara rayonunda qaynayan həyat, işgüzar mühit və təmiz ab-hava plenumun gedişində açıq-aydın hiss olunurdu. Ona görə də ulu öndərin əhvali-ruhiyyəsi çox yüksək idi.
Həmin gün gecə saat 11-də rayonda keçirilən plenumda çox söhbətlər oldu, problemlərdən danışıldı, həlli yolları göstərildi... Sonda Heydər Əliyev üzünü partiya fəallarına tutaraq dedi: "Biz sizə rəhbərlik etmək üçün saf bir partiya işçisi göndərmişik, onun qədrini bilin”.
Astaralılarda böyük ruh yüksəkliyi və əzmkarlıq yaranmışdı. Həmin il 106 min ton tərəvəz və 7 min ton yaşıl çay yarpağı istehsal olundu.

Çingiz Fərəcov həmin vaxta aid kövrək bir xatirə də danışdı:

- İndi bizi heç kəsin yalançı ateist olmağa məcbur etmədiyi dövrdə bir hadisəni də söyləyə bilərəm. Həmin gün gecə vaxtı Lənkərana qayıdarkən yolda Heydər Əliyevə bir Quran bağışladım. Dinmədi. Onun razılığını görüb əlavə etdim ki, bu Quran Sizi həmişə bəd nəzərlərdən qoruyacaq. Götürdü... Heydər Əliyev qəlbinin dərinliklərində haqqa, yaradana tapınan bir insan idi.

***
Aradan bir aydan artıq vaxt keçmişdi. Leninqraddan (indi Sankt-Peterburq) bir qrup partiya işçisi Astara rayon partiya təşkilatının ideoloji sahədə iş təcrübəsini öyrənmək üçün rayona gəlmişdi. Çingiz Fərəcov o günləri xatırlayaraq deyir: "Sonradan mənə məlum oldu ki, Heydər Əliyev Leninqradda olarkən partiya işçiləri qarşısında çıxış edən zaman Astara Rayon Partiya Komitəsinin iş təcrübəsindən də danışmışdı. Rayona gələn qonaqlar əmək qabaqcıllarının yolboyu uzanıb gedən portretlərinin, bərli-bəzəkli bulaqların, qəbiristanlıqların ətrafına çəkilmiş gözəl hasarların, yaraşıqlı tarla düşərgələrinin şəkillərini çəkir, söhbətlərimi özlərində qeyd edirdilər.

Heydər Əliyev Moskvaya işləməyə getməmişdən bir neçə gün əvvəl 1982-ci il noyabr ayının 5-də respublika sarayında kənd təsərrüfatı məhsulları üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı L.İ.Brejnevin Azərbaycana göndərdiyi təbrik məktubu ilə əlaqədar təntənəli yığıncaq keçirirdi. Həmin gün yığıncaq iştirakçıları adından L.İ.Brejnevə göndərilən məktubun mətnini mən oxudum. Sov.İKP Mərkəzi Komitəsinə, onun Baş katibinin ünvanına məktub oxumağı hər partiya işçisinə tapşırmırdılar. Bu, o vaxtlar hörmətli, etibarlı və nüfuzlu bir iş idi. Heydər Əliyev bunu Astara kimi kiçik bir rayonun birinci katibinə tapşırmaqla mənim hörmətimi bir az da qaldırırdı. Nazirliklərdə Astaranın problemlərinin həllinə bir növ yol açırdı. Belə də oldu: Astaranın böyük və kiçik məsələləri hər yerdə maneəsiz uğurla həll olunurdu”.

Astarada raykom katibi haqqında deyilən yüksək fikir Ç.Fərəcovun üzərinə çox böyük bir məsuliyyət yükü qoyurdu. Bu sözlərə layiq olmaq üçün o, hələ çox iş görəcəkdi. Rayonu inkişaf etdirəcək, qəhrəman anaların, əmək qabaqcıllarının, təhsilini davam etdirmək istəyən gənclərin arzularını yerinə yetirmək üçün çalışacaq və hər dəfə çətinə düşəndə Heydər Əliyevə müraciət edəcək, onun köməyindən və dəstəyindən bəhrələnəcəkdi...

1983-cü il yanvarın 29-da Ç.Fərəcova verilmiş partiya xasiyyətnaməsində deyilirdi: "Astara respublikanın geridə qalan rayonları sırasında idi. Məhsul istehsalı və satışı planları yerinə yetirilmirdi. Böyük təşkilatçılıq və siyasi iş, kadrlar arasında intizamın möhkəmləndirilməsi, sui-istifadə hallarına qarşı qətiyyətli mübarizə sayəsində rayon partiya komitəsi zəhmətkeşləri planların və sosialist öhdəliklərinin müvəffəqiyyətlə yerinə yetirilməsinə səfərbər etmiş və Astara rayonu respublikada qabaqcıllar sırasına çıxmışdır.

Ç.Fərəcov Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan KP-nin təftiş komissiyasının üzvüdür. "Qırmızı Əmək Bayrağı”, "Şərəf Nişanı”, "Xalqlar dostluğu” ordenləri ilə təltif olunmuş, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür”.

Çingiz Fərəcov Astarada işlədiyi 7 il ərzində çox işlər gördü. Lakin xeyirxahlıq zamanla ölçülmür. Astaradan sonra o, cəmi 10 ay respublikanın tamamilə əks zonasında - şimalda yerləşən Şabran rayonunun partiya təşkilatına rəhbərlik etdi. Lakin o zaman Ç.Fərəcova təcili olaraq Azərbaycanın lap şimalında yerləşən daha iri aqrar sənaye rayonu - Xaçmazda ehtiyac duyulanda şabranlılar Azərbaycan KP MK-ya xahiş məktubları ilə müraciət etdilər ki, Çingiz müəllimi bizə qaytarın. Çünki bu partiya işçisi bir neçə ay ərzində onların da hörmətini, məhəbbətini qazanmışdı. Qısa müddət ərzində bir neçə kəndə su kəməri, uzaq dağ kəndinə işıq çəkilmiş, rayon mərkəzində onlarla küçə abadlaşdırılmış, bir neçəsində Şərq üslubunda kərpicdən gözəl binalar inşa edilmişdi. Təcrübəli partiya işçisi Xaçmaz rayonunda da eyni əzmkarlıqla fəaliyyət göstərmişdi. Xaçmazlılara rayon partiya komitəsinin birinci katibi vəzifəsinə Çingiz Fərəcovu seçməyi tövsiyə edəndə salondakılar buna münasibətlərini gurultulu alqışlarla bildirmişdilər. Ç.Fərəcov isə onlara demişdi:

- Etimadınıza görə minnətdaram, lakin mən təbiətən narahat və tələbkar adamam, heç kimə güzəştə getməyəcəyəm, yaxşı işə sağ ol deyəcəyəm, biganəliyə görə isə ciddi tədbir görəcəyəm.

Heydər Əliyev elə bir kadr tərbiyə etmişdi ki, SSRİ rəhbərliyinə gedəndən sonra da o, Azərbaycanda özünü doğrultmuş, son dövrlərədək bir çox vəzifələrdə müvəffəqiyyətlə çalışmışdı. C.Fərəcov Şabran və Xaçmaz rayonlarına rəhbərlik etdiyi illərdə SSRİ-nin mərkəzi mətbuatı onun haqqında dəfələrlə müsbət yazılar vermişdi. 1989-cu ildə "Pravda” qəzetinin "Fərəcovun prinsipi” portret oçerkini, "Partiya işçisinin nüfuzu işi ilə təsdiqlənir” baş məqaləsini, "İzvestiya” qəzetindəki zarisovkanı və s. misal göstərmək olar. O zaman bu qəzetlərdə hər raykom katibi haqqında tərifli məqalələr yazılmırdı. Bu, xüsusi bir status tələb edirdi. Bundan başqa, Moskvanın mərkəzi televiziyası Çingiz Fərəcov barədə "Həyatın burulğanında” adlı bədii-sənədli film çəkmişdi.

Çingiz müəllim deyir ki, ulu öndər harada yaşayıb-işləməsindən asılı olmayaraq hər zaman onun uğurlarını izləyib, hətta sözügedən yazılar qəzetdə dərc olunanda onu təbrik də edib və fikir söyləyib. Bir faktı da qeyd etmək yerinə düşər: 1984-cü ildə Yazıçılar İttifaqı Azərbaycan KP MK-ya müraciət edərək raykom katibinin bədii obrazını yaratmaq üçün namizəd verilməsini xahiş edir. Bu məsələ böyük müzakirəyə səbəb olur. Kimi təklif etməli sualına cavabın verilməsi dörd aya qədər çəkir. Nəhayət, Azərbaycan KP MK-nın bürosu yekdilliklə Astara Rayon Partiya Komitəsinin birinci katibi Ç.Fərəcovun üzərində dayanır və onun timsalında bədii əsərlərdə raykom katibinin obrazının yaradılması təklifini verir. Bundan sonra Çingiz müəllimin həyat və fəaliyyəti ilə bağlı yazıçı Ələviyyə Babayeva "Yanar su” romanını, Nahid Hacıyev "Köçündən ayrılmış durna”, Əzizə Əhmədova "Mavi gözlərin işığı” povestlərini yazırlar.

Öz təbiiliyini, səmimiyyətini, insanlığını və özünəməxsusluğunu qoruyub bu gün də saxlayan Çingiz Fərəcov həm də etibarlı insandır. O, həmişə Heydər Əliyevə, onun ideyalarına sədaqətini qoruyub saxlayır. "1989-cu il fevralın 17-də Sov.İKP MK-nın plenumunda iştirak edirdim, - deyə Fərəcov yenidən xatırlayır, - tədbirdən əvvəl gördüm ki, pillələrlə bir nəfər ağır-ağır qalxır. Gözlərimə inanmadım. Bu, böyük Heydər Əliyev idi! Onunla görüşdüm. Xeyli dərdləşdik. Xəstə idi... Tədbirdə mən Heydər Əliyevdən bir cərgə arxada oturmuşdum. Tez-tez vəziyyətini soruşurdum. Nə gizlədim, Azərbaycandan gedən nümayəndələrin heç də hamısı ona isti münasibət göstərmirdi. Çünki o zaman Mixail Qorbaçovun gözü Heydər Əliyevi götürmürdü. Bu böyük insanı nüfuzdan salmağa çalışırdı.
Mənə ən çox təsir edən isə özümüzünkülərin dediyi söz oldu: "Çingiz, sənin kitabın bağlandı”. Mən isə nə fikrimi, nə hərəkətimi, nə də münasibətimi dəyişdim. Çox vaxt hansısa bir sənədə qol çəkdirmək üçün, yaxud kənd təsərrüfatı işlərinin gedişi barədə məlumatları vermək üçün Heydər Əliyevin evinə getməli olurdum. Ömür-gün yoldaşı Zərifə xanım çay içməmiş, çörək yeməmiş məni getməyə qoymazdı. Gözəl insan idi... Arxam, köməyim ulu öndər idi. Bütün bunları unuda bilərəmmi?!
Heydər Əliyev Azərbaycana qayıdandan sonra Naxçıvana gedib ona baş çəkdim. 1992-ci il iyulun 22-də ulu öndər hələ Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışarkən mənə yubileyimlə bağlı səmimi bir məktub ünvanlamışdı: "Sənin 50 illik yubileyini səmimi qəlbdən təbrik edirəm. Sən çox ağır bir həyat yolu keçsən də, bu həyat yolu səndə kifayət qədər insanlıq və ləyaqət tərbiyə etmişdir. Dövr, zəmanə səni qətiyyən dəyişdirə bilməmişdir. Sən olduqca zəhmətkeş, işgüzar, sədaqətli və məlumatlı adamsan. Sənə möhkəm cansağlığı, ailənə isə xoşbəxtlik və səadət arzulayıram”.
Məktubdakı bu sözlər mənə güc, qüvvə verdi, sanki həyatımda yeni bir dönüş yaratdı.
Bu minvalla 1995-ci ilə gəlib çatdıq. Arada hadisələr oldu. Çox şey dəyişdi. Ulu öndər Prezident seçiləndən sonra məni yenə də öz yanına apardı.

Həmin vaxtlar kənd təsərrüfatı naziri tez-tez söyləyirdi ki, nazirlikdə heyvandarlığı mükəmməl bilən bir mütəxəssis yoxdur. 1996-cı ilin dekabrında ümummilli lider onun sözünü kəsib dedi: "Güclü bir mütəxəssis var. Onu siz yaxşı tanıyırsız, göndərirəm sənin yanına, heyvandarlıq üçün nə lazımdır, edəcək. Belə adamlar yerlərdə olmalıdır...”

Heyvandarlıq baş idarəsinin rəisi vəzifəsində işləməyə başladım”.

Həmin vaxtdan bəri Çingiz Fərəcovun müstəqil Azərbaycanın iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatının inkişafına verdiyi töhfələr, aqrar sahənin zəngin, bilikli mütəxəssisi kimi qaldırdığı təşəbbüslər hamımızın gözü qabağında baş verib.

Çingiz Fərəcov Kənd Təsərrüfatı Nazirliyində gərgin bir şəraitdə fasiləsiz olaraq 17 il işlədi. Bu dövrdə özəl təsərrüfatlarda mütərəqqi texnologiyalar tətbiq edilir: Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda süni mayalanma mərkəzi fəaliyyətə başlayır, dünya təcrübəsində birinci olaraq özəl damazlıq təsərrüfatları yaradılır, hər il arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkaları keçirilir, ölkəyə damazlıq heyvanların gətirilməsinə başlanılır, "Damazlıq heyvandarlıq haqqında”, "Atçılıq haqqında” və "Arıçılıq haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilir. Hələ keçən əsrin 80-ci illərində Çingiz Fərəcov Xaçmaz və Dəvəçi rayonlarında Partiya Komitəsinin birinci katibi olarkən 1962-ci ildən bu rayonlarda həmişə ziyanla işləyən tərəvəzçilik təsərrüfatları qabaqcıl texnologiyaların tətbiqi nəticəsində 1989-cu ildən gəlirlə işləməyə başlamışlar. Bu, o vaxtlar çox böyük nailiyyət idi, ona görə də yüksək qiymətləndirilir və təqdir olunurdu.

Düzgünlüyə, haqqa-ədalətə tapınan insanlar daim hər yerdə sevilir, hörmət sahibi olur. Çingiz Fərəcovu digər rəhbər işçilərdən fərqləndirən başqa bir cəhət isə hər sözü düzgün danışması və bunu öz tabeliyində olan işçilərdən də tələb etməsi, ətrafda baş verən bütün hadisələrə ədalətli yanaşması, mizan-tərəzi pozulanda ədalətli qərar qəbul etməsi, etirazını bildirməsi idi. Xarakterindəki bu xüsusiyyətlərə yaxşı bələd olan işçilər onu görəndə özlərini yığışdırar, ciddi olmağa çalışardılar. Böyüdüyü mühit onda hədsiz işgüzarlıq, sərhədi bilinməyən zəhmətkeşlik, yorulmazlıq, çalışqanlıq, yaxşı mənada sadəlik tərbiyə etmişdir. Çingiz müəllimdə hələ kiçik yaşlarından ədəb-ərkan, böyük-kiçik yeri bilmək, haqqa tapınmaq kimi xüsusiyyətlər formalaşıb. Bunlar sonrakı həyat yollarında ona çox gərəkli olub və kömək edib.

Çingiz Fərəcov ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gündən-günə inkişaf etdirdiyi müstəqil Azərbaycan üçün bu gün də əlindən gələni əsirgəmir. Biz onu təkcə əməkdar kənd təsərrüfatı işçisi kimi deyil, eyni zamanda ictimai-siyasi xadim, "Qızıl qələm” mükafatı laureatı kimi də tanıyırıq. Belə ki, hələ gənc yaşlarından jurnalistləri sevən, özünü bizlərə həmkar bilən, mətbuata daim bağlı olan Çingiz müəllimin qələmi bu gün də əlindədir. Gördükləri, bildikləri haqqında yazır. Bax beləcə, ulu öndər Heydər Əliyev haqqında xatirələrini, bu dahi insanın fəaliyyətində və xarakterində gördüyü əvəzsiz keyfiyyətləri də bizə çatdırır:

- Heydər Əliyev mənim həyatımda həmişə misilsiz rol oynayıb və onun fikirləri böyük məna kəsb edib. Bəri başdan deyim ki, ulu öndərin insani münasibəti məni həmişə yaşadıb, ruhdan düşməyə, əlimi işdən-gücdən soyumağa qoymayıb. Heydər Əliyev məktəbi öyrənmək üçün tükənməz bir ümmandır. Biz həyatımızda ondan bəhrələndiyimiz üçün xoşbəxtik.

İradə ƏLİYEVA,
"Azərbaycan”

14 - 07- 2016