adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 May 2022 16:49
944
MARAQLI

Ən son elmi kəşflər – çox maraqlı faktlar...

Bünyamin Bünyadzadənin təqdimatında...

 

Dünyada Ayın tarixini dəyişən kəşf...

İnsan beynində də "barmaq izi" var imiş...

Görmə əngəlli insanlar üçün "ağıllı əsa" ...

Az qala işıq sürətiylə inkişaf dinamikasına malik olan çağdaş elm, əsrlər əvvəl yalnız xəyal edilə biləcək çox şeyləri reallaşdırmaqda davam edir. Xüsusilə də texnoloji inkişaf istiqamətində fərqlənən bir sıra ölkələr var ki, onlar ümumbəşəriyyət adına misilsiz işlər görürlər. Həmin ölkələrdən biri məhz Çindir. Ən son elmi və texniki yeniliklərə misal olaraq Çinin Aya göndərdiyi kəşfiyyat roveri vasitəsilə toplanan nümunələr Yer planetinə gətirilməsini qeyd edə bilərik Elm adamları Ayın səthindən götürülmüş qaya parçalarını araşdırdıqdan sonra təəccüblü nəticələr əldə ediblər. İddialara görə əldə edilən tapıntılar peykimizdəki vulkanik fəaliyyətin tarixini dəyişdirməyə qadirdir.

Elmi hesablamalara görə planetimizin peykinin təxminən 4,5 milyard yaşı olduğu hesab edilir. Hazırda Ayda heç bir aktivlik müşahidə olunmasa da, onun keçmişdə fəal olduğu təxmin edilir.

Qırx ildən artıq müddətdə ilk dəfədir ki, Aydan planetimizə gətirilən qaya nümunələri beynəlxalq araşdırma qrupu tərəfindən ətraflı şəkildə araşdırılıb. Tədqiqatçılar Apollon missiyaları ilə topladıqları bütün məlumatları araşdırdıqdan sonra Aydakı vulkanik aktivliyin 3 milyard il əvvələ təsadüf etdiyini iddia edirlər. Ayın səthinin dərinliklərində lava tunellərini aşkar edən elm adamları bunu vulkanik aktivliyin əlaməti kimi qiymətləndiriblər.

Bir milyard il əvvələ aid olan vulkanik qaya parçaları daha əvvəl Ayda tapılmışdı. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, bu daşlar Aya düşən meteoritlərlə gəlib. Ancaq əldə edilən yeni nəticələr bütün bu fikirləri alt-üst etdi. Elm adamları 50 milyon illik araşdırmalarda ölçmə xətasının ola biləcəyini söyləyirlər. Tədqiqatçıların fikrincə, kainatın yaşı da nəzərə alınarsa, bu, kifayət qədər dəqiq nəticədir.

İnsan beynində də "barmaq izi" var imiş

İnsan beynində barmaq izlərinin olması iddiası özülüyündə olduqca ciddi və böyük elmi rezonansa səbəb olacaq bir iddiadır. Belə ki, Yale Universitetinin nevroloqları hər bir insanın beyninin bənzərsiz barmaq izinə sahib olduğunu aşkar ediblər. Lakin Maqnit Resonans Tomoqrafiyası (MRT) vasitəsilə bu izlər yalnız bir neçə dəqiqə ərzində aşkar edilir və tez bir zamanda, yəni, 5 saniyədə yoxa çıxırdı. Bu isə beyindəki barmaq izlərinin açılması üçün lazım olan məlumatların çox qısa müddət ərzində əldə edilə bilməməsi demək idi.

İnsanları tanımaq məqsədilə hazırlanan fərqli biometrik identifikasiya növlərinə biri də əlavə edilib.. Belə ki, İsveçrənin Ecole Polytchenique Federale de Lausanne Universitetinin tədqiqatçısı professor Enrico Amico insanın beynində də barmaq izinin olduğunu və bu izin zamanla müəyyən səbəblərə görə dəyişə bildiyini iddia edir. Onun rəhbərliyi ilə aparılan tədqiqatın nəticələri "Science Advances" jurnalında nəşr olunub.

Bu tapıntıları bir addım daha irəli aparmaq qərarına gələn Enrico Amico MRT müayinəsi vasitəsilə bu izlərin beyindəki şəbəkə və xüsusən də fərqli sahələr arasındakı əlaqələrini araşdırıb. Tədqiqat qrupu beynin fəaliyyətini ümumiləşdirən rəngli matrislər kimi qrafiklər yaradıblar. Bu tip modelləşdirmə texnikası elmdə şəbəkə nevrologiyası və ya beyin konnektomikası kimi tanınır. Ehtiyac duyduqları bütün məlumatları funksional beyin konnektomlarında qrafikləşdirən elm adamları sinir şəbəkələrinin xəritəsini hazırlayıb və ən sürətli barmaq izlərinin beynin hansı bölgəsindən əldə edilə biləcəyini araşdırıblar. Nəticədə izlərin başlanğıc nöqtəsinin beynin görmə ilə əlaqəli bölgələrindən üzə çıxdığı məlum olub.

Tədqiqatçıların növbəti addımı sağlam insanların beynindəki barmaq izlərini Alzheimer xəstəliyindən əziyyət çəkənlərlə müqayisə etmək olacaq. Çünki alimlər nevroloji problemlərin zamanla beyindəki kimliyin itməsinə, yəni, barmaq izlərinin dəyişməsinə səbəb olmasını ehtimal edirlər.

Görmə əngəlli insanlar üçün "ağıllı əsa" hazırlanıb

Daha bir elmi yenilik görmə əngəlli adamlarla bağlıdır. Stanford Universitetinin tədqiqatçıları görmə əngəlli insanların təhlükəsiz şəkildə hərəkət etmələri üçün özü-özünü idarə edən "ağıllı əl ağacı" hazırlayıblar. Yeni cihaz indiyə qədər hazırlananlardan özünəməxsus funksionallığı və sərfəli qiyməti ilə fərqlənir. Mühəndislərin hazırladıqları cihaz "Science Robotics" jurnalında təsvir edilib.

Bu müasir qurğunun hazırlanmasında istifadəçinin təhlükəsizliyi məqsədilə maneələr arasındakı məsafəni ölçmək üçün avtomobillər, təyyarələr və arxeoloji qazıntılarda tətbiq edilən, yüngül lazer texnologiyası olan LİDAR sensorundan istifadə edilib. Çəkisi cəmi 3 kiloqram ağırlığında olan əl ağacı indiyə qədər hazırlananlarla müqayisədə həddindən artıq yüngüldür. Qeyd edək ki, əvvəlki cihazın çəkisi təxminən 22,6 kiloqram civarında idi. Cihaz akselerometr, maqnitometr və istifadəçinin mövqeyini, sürətini, istiqamətini izləyən giroskoplarla təchiz edilmişdir. Çubuğun ucuna quraşdırılmış motorlu, çoxyönlü təkər elektrikli skuterdə gəzmək üçün nəzərdə tutulub.

Tədqiqatçılar hazırladıqları cihazın görmə əngəlli insanlar üçün əvvəlkilərlə müqayisədə həm qiymətinin münasib olması ilə, həm də funksionallığına görə sərfəli olacağına ümid edirlər. Qeyd edək ki, əvvəlki cihazın qiyməti 6000 dollara başa gəlirdi. Yeni cihazın dəyəri cəmi 400 dollar olmaqla əvvəlkindən qat-qat ucuzdur.

 

Bütün dünyada bir ilk - ilk uçan mikroçip

Daha bir elmi yeniliyə imza atmağı Amerika alimləri bacarıb. Amerikalı alimlər dünyanın ən kiçik və ilk uçan mikroçipini icad ediblər. Toxumların külək vasitəsilə yayılmasından ilham aldıqlarını dilə gətirən mütəxəssislər mikroçipin sensor, antenalar və gizli bir yaddaşa sahib olduğunu söyləyirlər. Mikroçipin COVID-19 kimi hava ilə yayılan yoluxucu xəstəliklərin aşkarlanması, suyun çirkliliyinin ölçülməsində istifadə ediləcəyi nəzərdə tutulur.

ABŞ-ın Norsvestern Universitetinin mühəndisləri küləklə yayılan toxumları təqlid edən dünyanın ən kiçik və uça bilən mikroçipini yaradıblar. Mütəxəssislər mikroçipin geniş bir əraziyə yayılaraq havada keçirdiyi müddətdə və aşağı enərkən viruslarla qarşılıqlı əlaqədə olduğunu qeyd ediblər.

Qum dənəsi ölçüsündə olan mikroçipə, havadakı çirkliliyi ölçmək, müxtəlif dalğa uzunluğunda günəş radiasiyasını öyrənmək və suyun keyfiyyətini təyin etmək üçün PH sensoru quraşdırılmışdır. Cihaz həmçinin sensorlar, müxtəlif enerji təchizatı, simsiz əlaqə üçün antenalar və məlumatların saxlanılması üçün yaddaş sisteminə malikdir.

Elm adamları cihazın ərsəyə gəlməsi üçün bir neçə bitkinin toxumlarının aerodinamikasını öyrəndiklərini və ulduzşəkilli tristellateiya bitkisinin toxumlarından ilham aldıqlarını söyləyiblər. Alimlər hazırladıqları çipi qanadları olan bu toxumlara bənzədiblər.

"Cihazı hazırlamaqda məqsədimiz hava çirkliliyinin monitorinqini və yoluxucu xəstəliklərin izlənməsini təmin etməkdir" - deyə bioelektronika mühəndisi, çipin ixtiraçısı Con Roqers bildirib.

Roqers və komandası cihazı laboratoriya şəraitində müxtəlif metodlardan istifadə edərək sınaqdan keçiriblər.

 

Sonda isə insan zəkasının və bəşəriyyətin Tanrıdan sonra tək xilaskarı olan elmin hər zaman var olmasını və daha çox tərəqqi tapmasını arzu edirəm…