Elşən Əkbərzadə: “ Atam dünyasını dəyişəndən sonra kimi itirdiyimi anladım” - MÜSAHİBƏ
Onun şeirlərinin əsas mövzularından biri Qarabağ idi. 1990-cı illərin əvvəlində baş verən Qarabağ hadisələri Şahmar Əkbərzadənin səhhətinə ciddi təsir edir. Ürəyi Qarabağla döyünən şair Qarabağın işğalı ilə barışa bilmirdi. Onun şeirlərindəki həsrət oxucunun gözündən yayınmırdı. Şəxsiyyəti və poeziyası ilə ürəklərdə yaşayan Şahmar Əkbərzadəni oğlu Elşən Əkbərzadə ilə xatırladıq.
-Atanızı necə xatırlayırsınız?
- Çox diqqətcil, qayğıkeş insan idi. Yay tətilində kəndə gedirdik. Atam ezamiyyətdə olan kimi yanımıza gəlirdi. Kəndə gedən kimi qohumlara baş çəkirdi. Tək ailəsinə, övladlarına yox, qohum-əqrəbaya da can yandırırdı.
Sonra Şuşaya, Laçına gedirdik. Həmişə atamı xoş xatırlayıram.
- Onunla birlikdə istirahətə getdiyiniz vaxtlarda hansı unutmadığınız hadisə olub?
-Çox körpə idim. 70-ci illərin ortaları idi. Laçının İmanlar kəndindən Qaragölə getdik. Atam gəncliyində həm çox gözəl voleybol oynayırdı, həm də yaxşı üzməyi bacarırdı. O, Qaragöldə üzməyə getdi. Kölgə kimi xatırlayıram, arxasınca qışqırdım: ata, qayıt, ata qayıt! O da qayıdıb gəldi.
Az bir zaman keçdi ki, mənim halım çox pisləşdi. Artıq heç nə xatırlamırdım. Təxminən 5-6 yaşım olardı. Mənə görə istirahətlərini yarımçıq saxlayıb, şəhərə qayıtmışdılar.
-Şahmar müəllimi hər kəs şair kimi yüksək dəyərləndirir, bəs ata kimi necə ata idi?
- Ailədə dörd övladıq. Həmişə bizimlə maraqlanardı. İşdən tez gələndə xüsusilə təhsilimizlə maraqlanırdı. Maraqlı xasiyyəti vardı. Məsələn, qəlbini oxşayan bir şeir olanda onu əzbərləməyi tapşırardı. Deyirdi ki, bu şeiri kim gözəl əzbərləyib mənə desə, ona nə istəsə alacam.
Yadımdadır, 80-ci illərin əvvəli idi. Bir gün gəlib dedi ki, Məmməd Arazgildən gəlirəm. Məmməd əminiz çox qeyri-adi, gözəl şeir yazıb:
“Dünya sənin, dünya mənim, dünya heç kimin”
Həmin şeiri ilk əzbər bilən mən olmuşam. Şeir çap olunmamış atam onu kağıza köçürüb gətirmişdi. O şeiri gözəl əzbərlədiyim üçün atam mənə mükafat olaraq sevdiyim idman ayaqqabısını almışdı.
-Onu tanıyan hər kəs deyir ki, çox maraqlı müraciət tərzi vardı: ay nənə, ay dədə….
-Məncə, burda daha çox ləhcə rol oynayırdı. Deyərdim ki, ədəbiyyatımızda maraqlı ifadələrin bir çoxu Qarabağ bölgəsinə aiddir. Bildiyiniz kimi, atam da qarabağlı idi. Əlbəttə, onun nitqində bu sözlərin olması normal idi. Bu ifadələr atam üçün doğmalaşmış sözlər idi. Atam el- obasına çox bağlı idi. Özündən yaşca böyük insanlarla ünsiyyət qurmağı sevirdi.
Atam 60-cı illərin əvvəlində Çəmənli kəndində müəllim işləyib. Bakıda ali təhsilini başa vurandan sonra yenidən kəndə qayıdıb və orda iki il müəllim işləyib. Sonra yenə Bakıya qayıdıb.
-Bu “get-gəl”lər arasında Bakı- Ağdam yolunda yəqin ki, çox şeirlər yazılıb…
-Atamın Qarabağla bağlı çox şeirləri var. Yəqin ki, o illərdə də vətən haqqında gözəl şeirlər yazıb. Ancaq onun ən təsirli şeirlərindən biri dünyasın dəyişəndən sonra əlyazmalarının içindən tapdğımız sinə daşına yazdırdığımız şeiridir:
Ölümümə inanma,
Ey məni ağlayan kəs.
Mənim ulu dünyama,
Ölüm üzükə bilməz.
Arzumu, diləyimi
Diləklərdə axtarın.
Məni məzarda deyil,
Ürəklərdə axtarın.
-Məşhur şeirlərindən biri də “48 ölçülü qadın paltarı” şeiridir…
- O şeirin çox qəribə tarixçəsi var. 1975-ci ilin aprel ayında nənəm (atamın anası) dünyasın dəyişib. Təxminən 4-5 aydan sonra atam Gəncədə ezamiyyətdə olur. Gəncə Univermağının qarşısından keçəndə gözü vitrindəki bir dona sataşır. Mənim bildiyim qədəri ilə bu şeiri elə həmin gün Gəncədə mehmanxanada yazır.
-Şahmar müəllim heç kəsin yolun kəsməyib, əksinə çox insanların yoluna işıq olub. Bəs onun ədəbiyyatda yolunu kəsənlər olub?
-Bütün sahələrdə olduğu kimi poeziyada da belə şeylər var. Yazıçının yazıçıya, şairin şairə olan paxıllığı qaçılmazdır. 1998-ci ildə Türkiyədən atamın adına gələn dəvətnaməni ona verməmişdilər. Həmin tədbirə iki adam dəvətli idi. Atam və digər bir yazıçı. Hadisələr elə cərəyan edir ki, həmin yazıçı o tədbirə gedir, atam isə dəvətdən xəbərsiz olduğu üçün iştirak edə bilmir.
2000-cü ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi keçirilir. Atam da həmin tədbirdə iştirak edir. Türkiyənin məşhur ziyalılarından biri ona yaxınlaşıb Türkiyədəki tədbirə , niyə gəlmədiyini soruşur. Atam da həmin tədbirdən xəbərsiz olduğunu söyləyib. Həm də dəvətli olmadığını deyib. O isə atamın adına Yazıçılar İttifaqına dəvətnamə gönədriyini söyləyib. Sonra məlum olur ki, həmin xalq yazıçısı dəvətnaməni atamdan gizlədib, tədbirə tək gedir.
Atamın çox yaxşı dostları da olub. Atamı çox sevən insanlardan biri də İlyas İsmayılov idi. Atamın şeilərinin, şəxsiyyətinin vurğunu idi. Bir dəfə iş otağında mənə dedi ki, sənin atan çox qüdrətli şairdir. Çox az yazıb, amma tutarlı şeirləri o qədərdir ki, Azərbaycan yaşadıqca Şahmar Əkbərzadə yaşayacaq. Deyirdi ki, yerlilərimdən bir- iki nəfər mənə deyib ki, axı bu Şahmarda nə görmüsən? Bizi kənara qoyub, niyə onu oxuyursan? Əlbəttə, İlyas müəllim onların layiqli cavabını vermişdi.
-Ona paxıllıq edənlərə reaksiyası nə olurdu?
-Atam çox nadir hallarda hirslənərdi. Onda da çox möhkəm hirslənərdi. Daha çox ürəyinə salırdı. 1988-ci il mitinqləri olanda atam infarkt keçirtdi. Xocalı faicəsi baş verəndə bu dəhşətə ürəyi dözmədi, ikinci dəfə infarkt keçirtdi.
- Deyirsiniz ki, atam dünyasını dəyişəndən sonra kimi itirdiyimi anladım...
-Hə... Yeri görünür... Burnumun ucu göynəyir... Ailədə ən nadinc uşaq mən olmuşam. Həmişə atamı incitmişəm. Bir gün atamla dərdləşirdim. Dedi ki, məni çox inicidrsən. İncitmə məni. Bir gün mən olmayanda bu hərəkətlərin yadına düşüəcək, ondan çox yanacaqsan. Atamın bu sözlərin heç unuda bilmirəm.
Hər hansı bir el məclislərində qeyri-adi jestləri olurdu.
Nurəddin Rzayev Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi işlədiyi dövrdə onun Rusiyadan 4-5 həkim qonağı olur. Nurəddin müəllim bağda həmin xanımlara qonaqlıq təşkil edir. Atamı da həmin məclisə dəvət edir. Xanımların atama baxmağı, ona qarşı diqqəti Nurəddin müəllimin gözündən yayınmır. Atam həmin xanımlara çox gözəl şeirlə oxuyur. Onun nitqi, savadı xanımları valeh edir. Ancaq eyni zamanda atam xanımların ona olan marağına qətiyyən əhəmiyyət vermir. Sözsüz ki, bu, atamın yüksək ədəbli olmağından irəli gəlirdi.
-Şahmar müəllim qısqanc insan idi?
-Atam anamı sevib, ailə qurublar. Bəlkə də anamı qısqanıb, amma bunu biz hiss etməmişik. Anam təhsilli xanımdır, işləyirdi. Atam bununla bağlı ona heç bir məhdudiyyət qoymurdu.
- Şahmar Əkbərzadənin xatirəsini əbədiləşdirmək üçün hansı arzularınız var?
- Ağdamda Şahmar Əkbərzadə adına küçə olacaq. Bir də Şahmar Əkbərzadə adına muzey nəzərdə tutulub. İlk olaraq düşünürdük ki, Çəmənlidəki evimizi muzey edək. İkinci Qarabağ savaşında qələbə qazandıq. Bu qələbədən sonra düşündük ki, elə muzey də şairin adını daşıyan küçədə yerləşsin.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
22 Dekabr 2025 10:27
C.Marinaj: “Qaranlıq aydınlığın yonulduğu materialdır”
18 Dekabr 2025 11:51
Mahir CAVADLI: Dünyanın biz tərəfə baxan gözünün kor, qulağının kar olduğunun şahidi olmuş qələm adamları….
15 Dekabr 2025 11:33
Səhiyyə Nazirliyi: Orqan köçürülmüş xəstələrdə laborator nəzarət gecikməməlidir
12 Dekabr 2025 12:24
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək- 2026-cı ilin astroloji-siyasi təhlili
12 Dekabr 2025 09:10
“O, mənə zəng vurub dedi ki, Moskvada Azərbaycanda dövlət çevrilişi etmək üçün...”
09 Dekabr 2025 20:39
Hikmət Hacıyev və Armen Qriqoryan ilk dəfə birlikdə müsahibə verdilər
08 Dekabr 2025 11:21
Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq - MÜSAHİBƏ
24 Noyabr 2025 12:00


Bakı -°C

