Elmar Məmmədyarov italiyalı nazirlə danışıqlarda
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Ölkələr arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini təqdir edərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Cənubi Qaz Dəhlizinin İtaliyaya əlavə qaz təchizatı nöqteyi-nəzərdən əhəmiyyəti qeyd edilib, çoxsaylı italyan şirkətlərinin bu layihənin həyata keçirilməsi çərçivəsində çoxmilyardlıq müqavilələr əldə etməsi vurğulanıb. Tərəflər transmilli nəqliyyat dəhlizləri və onların inkişafına töhfə verəcək layihələrin reallaşdırılması istiqamətində birgə səylər ətrafında da geniş fikir mübadiləsi aparıblar.