adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Yanvar 2022 09:39
1498
MÜSAHİBƏ

ƏLİMÜRSƏL HACIZADƏ: “ BƏLKƏ TAMAŞA HAZIRLAYIM?” - MÜSAHİBƏ

KİMİ ALDADIRSINIZ? – TAMAŞAÇINI? – deyən bu sənətdə saç ağartmış Əlimürsəl Hacızadə

 

Bu dəfəki həmsöhbətim ağ saçlı, iş yeri ana televiziya olan, yaşı ona bərabər tutulan Əlimürsəl Hacızadə oldu. Onunla məhz doğma televiziya olan Azərbaycan Televiziyasında, Teleradio Akademiyasında görüşüb həmsöhbət oldum. Səmimi söhbətimizi sizlərə təqdim edirəm.

 

- Əlimürsəl müəllim xoş gördük, televiziya rejissoru olaraq bu günkü efir layihələri sizi qane edirmi?

 

- Xoş gördük. Çalışdığım televiziyadır deyə deyil, həqiqətən də tamaşaçılar üçün xeyirli sayıla bilən layihələrimiz çoxdur. Lakin düşünürəm ki, bəzilərinə, necə deyərlər, əl gəzdirmək lazımdır. Hərdən standart layihələrlə də qarşılaşırıq. Şablonluğu şəxsən mən qəbul etmirəm. Elmi - kütləvi və maarifləndirici layihələrə daha çox yer verilməlidir. Mən çal – çağır, bayağı verilişlərdən qaçan adamam. Bu cür verilişlərə tökülən pul məncə hədərdir, israfdan başqa bir şey deyil. Təsəvvür edin bir veriliş bir neçə kanalda bənzər şəkildə yayımlanır. Məgər buna ayırılan minlərlə vəsaitə ehtiyac var? Gülməlisi isə odur ki, baxırsan bir telekanala görürsən bir müğənni oxuyur, pultu başqa telekanala çevirirsən o müğənni orada da oxuyur. Bir insan eyni vaxtda canlı yayımlanan verilişin ikisində də necə ola bilər?

 

- Tamaşaçı tələbindən irəli gələ bilərmi?

 

- Heç vaxt. Mən nəinki rejissoram, evə gedib televizorun pultunu götürüb yandıranda avtomatik olaraq tamaşaçı oluram. Və mənə ölkədə və dünyada nələr baş verdiyi maraqlıdır, o cümlədən də elmi – kütləvi verilişlər izləmək. Mənim övladlarım, nəvələrim televiziyadan iyrənməməlidir. Başa düşürəm ki, televiziya yayımladığı verilişləri ilə öz maliyyə resurslarını gücləndirir. Reklam gəlirləri, sponsorlar və s. Telekanallar reklamdan qazanır. Biz nəinki verilişlərə, həmçinin reklamlara da baxsaq, bərbaddır. Mən reklamın yayımlanmasının əleyhinə də deyiləm. Lap deyək ki, reklam idea cəhətdən

sıfırdır, axı heç bunun çəkilişləri də normal deyil. Hələ yetməmiş kimi, xaricdə yayımlanan reklamları bizim efirə gətirirlər, kimi aldadırsınız? – Tamaşaçını? Düşünmürəm ki, tamaşaçı bunu istəyir. Səhərin gözü açılmamışdan axşama kimi özəl telekanallar ancaq şou, bayağı verilişlərlə, çal – çağırlarla doludur. Layihə belə olmur.

 

- Layihədən söz düşmüşkən, 2019 – cu ildə Teleradio Akademiyasının müdavimləri ilə “ Dar dalan ” adlı layihə həyata keçirmişdiniz. Niyə məhz “ Dar dalan ” ?

 

- “Dar dalan” məsələsi mənim üçün bir tarixçədir. 7 müdavim var idi və mən onlara həmişə deyərdim ki, yekunda bilinər kim dalandan keçəcək, kim yox... İstəyirdim ki, müdavimlər əyani də görməsələr düşünsünlər ki, yaradıcılıq həmişə dar dalandan keçir. Dar dalanda da keçmək o qədər rahat olmur. Adam güclə keçir. Ancaq qaldı ki, rejissuraya oradakı dalan mənim üçün tamam başqa idi. Büdrəməmək üçün hər şeyi bilməlisən. Bu sənət elədir ki, hərənin öz üslubu var, doğru-yanlış çəkiliş formatı olmur. Burada da eyni üslubda olmalıdır deyə bir qayda yoxdur. Bu sənətdə də mizana yaxud nəyəsə heç kim deyə bilməz ki, səhv etmisən. Çünki konkret üslub yoxdur.

 

- Bəlkə də əbəs yerə deyildi 7 dalanın olmağı, bu da 7 baxış bucağını özündə birləşdirirdi. Ola bilərmi?

 

- Bilirsiz, təbii. Görünür o da Allahdan gələn bir şey idi. Həm təsadüfdən də belə alındı. 7 həm də müqəddəs rəqəmdi. Mənə elə gəlir ki, o vaxtki tələbələr də bu işi sevərək gördü və öhdəsindən layiqincə gəldilər. Qorxa-qorxa da heç bir işin arxasınca getmək lazım deyil. Sonra tədbir oldu və televiziyanın sayılıb - seçilən, necə deyərlər, “ qaymaqları ” o tədbirdə iştirak edib fikirlərini bölüşdülər. Hər biri də o filmlər haqqında münasibətlərini bildirdilər.

Görmüşəm ki, onlardan sənət adamı çıxmaz, onlara da demişəm ki, bala, get başqa sahəyə bura sənlik deyil.

 

- Ümumiyyətlə, Əlimürsəl müəllimin dalanından necə, keçməyənlər olubmu?

 

- 40 ildir televiziyada çalışıram. Son 3 il olar ki, Teleradio Akademiyasında sırf tədrislə məşğulam. Mənim çox tələbəm, asistentlərim, köməkçilərim olub. Hər biri bu sahədə fərqli məkanlarda çalışırlar. Sağ olsunlar ki, məni yaddan çıxarmırlar, əməyimi itirmirlər. Ustad kimi görürlər indi də. Bu da məni sevindirir və fərəhlənirəm ki, əməyim itmir, kimlərəsə yol göstərmişəm, kimlərisə yolundan döndərmişəm yaxşı mənada. İstedadlarını üzə çıxarmışam. Çalışmışam ki, dəstək olam. Hətta görmüşəm ki, onlardan sənət adamı çıxmaz, onlara da demişəm ki, bala, get başqa sahəyə bura sənlik deyil.

 

- Həm hərb - vətənpərvər verilişlərinin rejissorusunuz. Uzun illər AzTv- telekanılında müxtəlif verilişlərin rejissoru olmusunuz, həm də söz düşmüşkən bir neçə ildir ki, Teleradio Akademiyasında müəllim olaraq da çalışırsınız. Müəllimlik və yaradıcılıq bir arada çətin olmur ?

 

- Ömrümdə düşünməzdim ki, müəllim olam. Həyatı boyu bir saat belə olsun pedoqoji təcrübəm yoxdur. Ali dərəcəli rejissoram. Bununla da fəxr edirəm. Amma pedoqoji fəaliyyətə başlayandan sonra daha çox istəyirəm ki, tələbələrə nəyisə öyrədim, onlarda sənət eşqini üzə çıxarım. Bu gün Teleradio akademiyasında fəaliyyət göstərirəmsə burada çox işlər görmək istəyirəm. Amma bu günədək kino sahəsinə marağım çox olub. 10 - a yaxın televiziya filmim var. Bu gün veriliş təklif olunsa bəlkə də imtina edərəm. Bir rejissor kimi film çəkmək istəyərəm indi. Sənədli, bədii fərq etmir. Bundan da yorulmuram.

 

- Maraqlıdır, bu gün tamaşaçıların efirdən gözləntisi nədir?

 

- Xatırlayırsıınızsa, bir il öncə televiziyadan ancaq qələbə xəbərləri gözləyirdik ki, hansısa kənd, şəhər işğaldan azad olunacaq, ali baş komandanımız hər gün bizə zəfər xəbəri çatdıraccaq. Şükürlər olsun ki, belə də oldu. Hər kəs bunu səbirsizliklə gözləyirdi. Cəmiyyət sözün yaxşı mənasında informasiya cəhətdən acdır. Onlar xoş xəbər istəyir. Bu gün gənclər üçün hazırlayım, yaxud sırf yaşlı nəsil üçün. Bu absurddur. Hərəsinin öz yeri var. Elə iş ortaya qoymalısan ki, o işdə hər kəs öz payını oradan götürüb bəhrələnə bilsin. Daha dəqiq desəm, elmi-kütləvi, maarifləndirici verilişlərin olmasına daha çox yer verərdim məndən asılı olsaydı. Təəssüf ki, telekanalların əksəriyyəti büdcələrini artırmaq üçün bayağı reklamlara, şou xarakterli verilişlərə, müğənnilərə daha çox yer verir. Ancaq ki, televiziyanın etik-estetik prinsipləri olmalıdır. Hətta mən dərslərimdə buna xüsusi yer ayırıram. O prinsiplərin biri belə olmasa o televiziya batacaq. Tamaşaçının arxasınca getmək deyil, tamaşaçını arxanca aparmalısan hesab edirəm. Çünki təbliğatçı bizik. Biz nəyi ötürürüksə tamaşaçı ona baxır, ona qiymət verir.

 

- Bu sənətdə ürəyinizcə olmayan nələrləsə rastlaşdınızmı?

 

- Çox keşməkeşli şeylər görmüşəm. Amma büdrəməmişəm heç vaxt, yıxılmamışam. Əksinə vəzifə borcumu yerinə yetirməyə çalışmışam bu günədək. Amma sadalamaqla bitməz.

 

- Haqqlısansa qorxma, haqq səni qoruyar (Hz.Əli) deyirlər, görünür haqqınız sizi daima qoruyub.

 

- Əlbəttə, mən buna həmişə inanıram.

 

- Hərbi vətənpərvər mövzusunda verilişləriniz olub. Bəs hərb janrında film necə?

 

- “Səma şahinləri”, General Cəmşid Naxçıvanski, Mübariz İbrahimov haqqında filmlərim var. Telefilmin məhsuludur. Son vaxtlar Telefilmdən uzaqlaşsam da gördüyüm işlərə görə qürur duyuram.

 

- Əli müəllim, bilirik ki, teatrda bir tamaşanın ərsəyə gəlməsi üçün dəfələrlə məşq prosesləri olur. Bəs televiziyada necə? Verilişi hazırlayanda dəfələrlə məşqə ehtiyac duyulur, ya anındaca olur?

- Televiziya canlılığı sevir. Yüz ölçüb bir biçilmir burada, birbaşa olur. Amma o canlılığın olması üçün də çəkilişdən öncə məşq olur, müəyyən şeylər dəqiqləşir. İndi heç buna da gərək olmur. Mənim üçün birbaşa daha yaxşıdır. Bir haşiyə çıxım ki, o vaxtlar səhər pproqramı var idi ki, orada səhərlər hər gün ora canlı çıxardıq. Beş rejissor idik və günə bir rejissor təyin olunmmuşdu. Hər rejissorun da bir asistent və bir köməkçisi var idi. Hər gün bir saat yarım efirdə olurduq. Bu günkü texnologiya ilə o vaxtkı da bir deyildi. İndi hər şey rahatdır.

 

- Elə texnologiyadan söhbət düşmüşkən, o vaxtlar texniki avadanlıqlar zəif idi, nəinki indi. Ancaq o vaxtki aparıcılar, aktyorlar daha səmimi gəlirdi insana, indi isə texnologiya bu qədər inkişaf etsə də təəsüf ki, o səmimiliyi hiss etmək olmur. Bu nədən irəli gəlir?

 

- Açıq danışacam ki, bu gün çox adamlar öz yerində deyil. əlinə bircə dəfə toy kamerası alan özünü operator hesab edir, hansısa məktəbdə məzun günündə aparıcılıq edənlər bu gün telekanalların ön simasına çevirilir. Bizim dövrdə isə hər şey mərhələli olardı. Bir insan aparıcı olmaq istəyərdisə onun üzərində aylarla iş gedərdi, efir üçün hazırlanardı. Bu şəkildə ona efiri etibar etmək olardı. Bizim vaxtımızda hər jurnalist öz materialını özü oxuyardı, indi diktor oxuyur materialı və baxırsan ki, sadəcə mətn oxuyur, o hissi, həyəcanı ötürə bilmir. İndi hətta elə insanlar var ki, televiziyaya gəlir bilmir nəyin arxasınca qaçasan. Montajını da, aparıcılığını da, rejissorluğunu da hər şeyi özü etmək istəyir. Bu qədər işi birdən necə etmək olar? Onda day bu qədər işçi nəyə lazımdır? Televiziyalarda 3 - 4 adam işləyərdi də... Televiziya kollektiv işdir və hər kəs öz beyninin məhsulunu qoyur ortaya və ərsəyə gələn iş o zaman uğurlu alınır. Bir operatorla hər şeyi özün edə bilmərsən. Məsələn xəbərlər unikallıq tələb edir, sadəlik tələb edir. Adicə aparıcının duruşu, yerişi, geyimi diqqətçəkicidirsə o xəbərlərə baxılmaz. Olmaz belə şeylər, qəbuledilməzdir. Burada hər şey çərçivəli olmalıdır. Çərçivədənkənar hər şey edə bilərsən, bu halda ki, dövlət əleyhinə, millət əleyhinə heç nə olmasın. Televiziyanın mənafeyinə toxunan heç bir veriliş ola bilməz. Mən bir haşiyə də çıxım ki, bu gün verilişlərin əksəriyyətində divanın qoltuq hissələrində əyləşirlər. Axı ora oturmaq üçün deyil. Bu etikadan kənardır. Bu müasirlik də deyil, əxlaqa ziddir. Bu yaxınlarda bir felyeton da yazmışdım:

 

“ Avtobusda mən oturmuşam, məndən qabaqda da bir xanım. Onlarla üzbəüz də iki cavan oğlan oturub bir - birilə şirin - şirin söhbət edirdi. Əsalı qoca bir kişi avtobusa daxil oldu, cavanlar əsalı kişiyə yer vermədi. Məndən də qabaqda qadın əyləşmişdi və o da durdu, mən də durdum yer verməyə, kişi də orada oturmadı. Kişi gəldi mən tərəfə, bu dəfə də mən durdum. Oturdu. O məndən yaşlı idi. Oturan kimi də qulağıma pıçıldayaraq soruşdu ki, Bildin orada niyə oturmadım?- dedim ki, bildim”.

 

Bizim bu günki efir mədəniyyətimiz də bir az buna yaxındır. Mən efirin bu cür yayımlanmasına razıymasa heç vaxt kənarda kimisə qınaya bilmərəm. Həmin o efirdə divanın qoltuğunda əyləşən insanlardan da nəqliyyatda yer verilməsini gözləmək olmaz. Artıq bu onlarda belə formalaşıb. Televiziya tərbiyənin başlanğıcıdır. Bu gün televiziyaların çoxu dəxlisiz mövzuları paylaşır, narkomaniya və s. Şeyləri pisləmək belə olmaz. Bunlar anti-reklamdır və istənilən halda bilməyənlərdə də maraq doğurur.

 

- Bir az öncə teatrdan söhbət düşdü, teatrda çalışmaq kimi bir arzunuz olubmu?

 

- Əslində İncəsənət İnsititunun “Dram rejissoru” ixtisasını bitirmişəm. Tofiq Kazımov ixtisas müəllimim olub. Bununla da fəxr etmişəm. Cəmi bir dəfə Mingəçevir Dram teatrında tamaşam olub. O da diplom tamaşam S.Rəhmanın “Toy komediyası” idi. Yaxın vaxtlaradək də gedirdi teatrın səhnsəində. Rəhmətlik Nəsir Sadıqzadə tamaşamı qəbul etmişdi, yüksək qiymətləndirmişdi. İmkanım da olub tamaşa hazırlamaq üçün, açığı heç vaxt buna meylim olmayıb. Amma bu sual yerinə düşdü, bir neçə ay öncə təqribən fikirləşmişdim ki, bəlkə tamaşa hazırlayım. Amma çox götür - qoy edirəm.

 

- Yaradıcılığınızda ən uğurlu işiniz hansı olub?

 

- Arxamda minlərlə verilişlər, filmlər var amma hammısına da canımı qoymuşam, dırnaqarası yanaşmamışam. Amma ilk verilişim BAM ( Baykal -Amur Magistralı ) – dan olub. Söhbət 1984-cü ildən gedir. Onda mən rejissor asistenti idim. Oraya getdim və düşünürəm ən özəl işim bu oldu, 45 dəqiqəlik veriliş hazırlamışdım və bu günədək xatirimdən çıxmır. Qürur hissi ilə deyə bilərəm ki, ölkəmiz müstəqillik qazanandan sonra ilk Silahlı Qüvvələr gününə aid keçirilən paradın rejissoru da mən olmuşam. Rejissor fəaliyyətimin 15 ilini hərb verilişləri hazırlamaqla məşğul olmuşam. O cəbhə bölgəsi yoxdur ki, oradan veriliş hazırlamayım. Fəxrlə deyə bilərəm ki, 1987 – ci ildə Qarbaçov vaxtı ulu öndərə qarşı münasibətlər pis olanda onun portretini efirı vermişəm.

 

- Yaradıcılığınızdan nə kimi yenilik gözləyə bilərik?

 

- İnşallah Teleradio Akademiyasında tədrisimizi davam etdirəcəyik.

 

 

Söhbətləşdi : Şəlalə CAMAL

( AJB - nin üzvü)