adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Yanvar 2023 15:13
999
ƏDƏBİYYAT

Ədəbiyyatımızın, mədəniyyətimizin dəyərli təbliğatçısı

Kimin əlində qələmi varsa o insan heç vaxt pis ola bilməz, istər böyük yazarlar olsun, istərsə də həvəskarlar, fərq etməz. Belə insanlar gördükləri, tanıdıqları, hətta tanıyıb bilmədikləri hər nə varsa onda bir gözəllik, bir özəllik, bir füsun axtarmağa başlayırlar və onu tapana qədər dayanmadan, durmadan axtarışlarını davam etdirirlər. Gözəllik, füsun axtaran insanlar pis ola bilərlərmi? Məncə yox. Duyğulu insanların axtarışları gözəl nəticələnəndə isə onların bu duyğusal ruhları üzlərinə çıxaraq sankı bir vəhdət təşkil edərək simalarını daha da nura qərq edir. Gözəl sözlər, uğurlu nəticə! Bu gözəllikdən və uğurdn ruha hopan böyük sevginin vəhdəti. Çoxlarının həsrətlə baxdığı əliqələmli insanları sirli – sehirli dünyamızın ən dəyərli insanlarıdırlar və onların yazıb yaratdıqları isə dünyamızın özündən də böyük bir möcüzəsi hesab etmək olar məncə. Axı, dünyaya gələn insanların beyinləri ağ kağız kimi tərtəmiz olur. Onlar bu yazıları oxuya-oxuya, ondan bəhrələnərək öz gələcəklərini yetərincə qururlar. Sözün, qələmin möcüsəsi hər nə varsa ondan yüksəkdi, çünki, bu qələmlərin yazdıqları gələcək üçün savadlı insan formalaşdırır, yetər ki, bu qələmin yazdıqlarından düzgün bəhrələnməyi bacarsın insan...

Bu gün mən belə insanların biri ilə yaxından tanış oldum. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə xanım Dadaşova ilə.

Zahirə xanım 1979-cu ildən Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında işləməyə başlayıb. O, əvvəlcə kitabxanaçı, sonra baş kitabxanaçı, elmi metodika, biblioqrafiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1992-ci ildə isə elmi işlər üzrə direktor müavini olmuşdur. 2012-ci ildən Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq Uşaq Kitabı Şürasına üzv olub. Yəni, İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanası bu kitabxanaçıya zəmanət verib, hansı ki, iki ildən bir bu Şuranın konqresi keçirilir və 81 dövlət bu Şuraya üzv olub. Respublika Uşaq kitabxanasının məqsədi bu Şuranın vasitəsilə uşaq yazarlarını, uşaq kitablarına çəkən illüstratorları, rəssamları, tərcüməçiləri beynəlxalq aləmdə tanıtmaqdır. Bir neçə uşaq yazarlarının kitabları bu Şuraya göndərilib.

2011-ci ildən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi də Zahirə xanımın ən uğurlu layihələrindən biri olub. Bu layihə vasitəsi ilə Azərbaycanın 51 rayonuna Kitab karvanı yola düşüb və həmin rayonların uşaq şöbələrinə kitab hədiyyə olunub.

“Açıq dərs – Açıq fikir” layihəsi isə daha bir uğurlu layilərdəndir. Belə ki, bu layihə çərçivəsində Cümhuriyyətin və Milli Ordumuzun 100 illiyində uşaq və yeniyetmələr arasında bilik yarışması keçirilib. Bu il həmin lahiyə çərçivəsində X.Natəvanın 190 illiyi münasibətilə “Tək inci” və Əhməd Cavadın 130 illiyi ilə əlaqədar “Əzilsəm də susmaram!” adlı bilik yarışması keçirilmişdir.

Zahirə xanım bir sıra məqalələrin, şerlərin, esselərin və eyni zamanda “Əvvəl Zaman İçində” adlı kitabın müəllifidir. Bu məqalələrin, şerlərin və esselərin başlıca motivi vətənərvərlikdir. “Özümdən özümə məktub” adlı esse Şuşadan Şuşaya məktubdur. Bu yazınının video çarxına baxdıqda, bu esseni yazanın kim olduğunu görməsən belə vətənpərvər bir insanın ürək çırpıntılarından, həyacanından, vətəninə, elinə-obasına olan böyük sevgidən yaranmış dəyərli bir əsər olduğunu görürsən. Bunu düşünmək isə xoş olsa belə insanı kövrəldir və duyğulandırır.

Tərtibatçısı olduğu “Türk Dünyasının nağıl bağı” kitabında iyirmi doqquz türk xalqının nağıllarını axtarıb-araşdırıb ərsəyə gətirmişdir. Kitab iki dildə Azərbaycan və türk dillərindədir. TÜRKSOY-un vasitəsi ilə kitab işıq üzü görüb. Kitabın dizaynı də müəllif tərəfindən verilib.

“Əsrarəngiz Misir nağılları” kitabı Misir Mədəniyyət Mərkəzinin köməyliyi ilə ərsəyə gəlib. Bu kitablar uşaqların sorğu və marağına uyğun tərtib olunub.

“Əvvəl zaman içində” kitabı müəllifin ilk kitabıdır. Kitab “Təhsil Nəşriyyatı” tərəfindən buraxılıb.

Zahirə xanım iyun ayında Türkiyənin Bursa şəhərində keçirilən “Nağıl Festivalı”na nağılçı kimi dəvət olunmuşdur. Türkiyənin müxtəlif yerlərində Azərbayan nağıllarını uşaqlara nağılçı kimi danışan Zahirə xanım fərqli nağıl söyləməsinə görə diploma layiq görülüb.

05-09 oktyabrda EKSPO Beynəlxalq Sərgi Salonunda kitabın təqdimatı keçirilib. “Əvvəl zaman içində“ kitabında toplanan nağıl və əfsanələr müəllifin zəngin təxəyyülünün məhsuludur. Bu kitabda məni ən çox ovsunlayan müəllif nağıl dili ilə torpaqlarımızın zəbt olunmasını, iğidlərimizin, ərənlərimizin onları cəsarətlə, qanları, canları bahasına necə geri almalarını nağıl dili ilə uşaqlara çatdırır ki, bu da uşaqların keçmişimizi öyrənə-öyrənə gələcəyimizə vətənpərvər ruhda addım atmaları üçün ən əvəzsiz bir təməldir. Nağıllar o qədər tam gözəl və maraqlı verimişdir ki, uşaqlar bu nağıl və əfsanələri tez bir zamanda öyrənə bilirlər və sevə-sevə oxuyurlar.

Zahirə xanımla təkbətək söhbətim elə də uzun olmadı. Amma bu ünsiyyət məndə çox gözəl və heç vaxt unudulması mümkün olmayacaq bir yaddaş yazdı. Mən bu xanımla söhbət etdikcə sankı sirlərlə – sehirlərlə dolu bir dünya kəşf edirdim. Zahirə xanım kitabxanamızda olarkən istəyirdi ki, işimizlə bağlı hər kəsə hər şeyi öyrətsin, onlara bilgilər versin. Bu məsləhətləri elə səmimi, elə peşəkarcasına edirdi ki, hər kəs onun məsləhətlərinin, söhbətlərinin bitməsini istəmirdi sanki.

Zahirə xanım bu gün həm mədəniyyətimizin, həm uşaq ədəbiyyatımızın gözəl bilicilərindən, təbliğatçılarındandır. Bütün qəlbini verdiyi, istək və arzularından yaranan əvəzsiz yaradıcılığı isə bu günümüzdə olduğu kimi, sabahımız üçün ən böyük və əvəzsiz bir vasitədir. Bundan sonra Zahirə xanım kim bilir daha dəyərli nələr yazacaq, nələr yaradacaq. Mən bir oxucu kimi tam əminliklə deyə bilərəm ki, onun yazdığı nağıllar, əfsanələr hər zaman öz hikmətini qoruyub saxlamaqla uşaq ədəbiyyatı xəzinəsinin ən qiymətli incisi olacaqdır.

Dəyərli Zahirə xanıma hörmətlə yaradıcılıq uğurları arzulayıram.

 

Məryəm Əliyeva

Kürdəmir rayon MKS -nin metodika

biblioqrafiya şöbəsinin baş biblioqrafı