adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Aprel 2024 13:02
585
GÜNDƏM

Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB + VİDEO

Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, mərasimdə Azərbaycan Ordusunun, Türkiyə və Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti, həmçinin hər iki ölkənin respublikamızdakı səfirləri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə hər 3 ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Qərargah rəisi general-polkovnik Levent Ergün və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov çıxış ediblər.

Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışılıb.

2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətlərinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlıq ifadə olunub, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb.

Bağlanış mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqram təqdim edilib.

 

***

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilir.

Adalet.az bununla bağlı görüntüləri təqdim edir:

***

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.

Adalet.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.