Əbülfət Mədətoğlu: Özəl təklif...
("Bir qadına..." silsiləsindən)
Vaxtından tez - bir anda
nimdaş xatirə oldum...
Bu ömrün budağında -
tumurcuq vaxtı soldum...
Barmaqlarım qurudu
biləyimdən aşağı...
Arzularım töküldü -
ürəyimdən aşağı...
Kimsə məni görmədi
"Ah" çəkim daha niyə?..
Mənim içim türmədi -
yer yoxdu bəhaniyə...
Cəzanın dərəcəsi
ölçüsü də boş və heç...
Dörd divardı asılqan -
gəl, mənə bir divar seç!..