Əbülfət Mədətoğlu: Bir daşın nağılı
"Özümdən özümə" silsiləsindən
Bir daş atıb yaddaşına illərin
Çiliklənən günü , anı aradım...
Talehimin bəbəyində süslənib -
Kipriyimdən axan qanı aradım...
Zaman , zaman cadarlayan köç yolun
Xəyal atım büdrəmədən ağartdı...
Sarılmadan qabarlayan əl -qolun-
Açır mənə həsrət adlı ağ atlı!
Ləpələnib , dalğalanır qəm gölü
Üzü gülür kədər geymiş dalğıcın...
Yeyir, səssiz pas daxili, nəm çolü -
Kimdi sənin ay ümidim, baxıcın?!
Öz sualım öz qapımda keşikçi
Dindirəni olmasa da, susmur o.
Nə soruşmur bu talehi kim seçdi -
Nə də yaddaş itgisindən küsmür o...
...Bir daş. atıb səksəndirdim zamanı
Necə gəldi əritmişdim mən onu...
Sovururaraq indi dənsiz samanı -
Nağıl kimi yaşayıram bu sonu...