adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Aprel 2020 09:47
34312
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: YERƏ

Mən özümdən qaçıram
özüm olmayan yerə...
Bəlli xoşbəxtliklərdə -
gözüm olmayan yerə...

Dərə məni, düz məni
İpə, sapa düz məni...
Yönəltməyin siz məni -
Dözüm olmayan yerə...

Əlim ətəyə çatmaz
Ağrıdan ürək yatmaz...
Külümü külək atmaz -
Közüm olmayan yerə...

Yolu sərtdi yetməyin,
Məni mənsiz etməyin!
Sorağıma getməyin -
Sözüm olmayan yerə!

Əbülfəti "ah" tutar
Qəm köklüdü, bil, bu tar!
Sən mənsənsə qaç, qurtar -
Çözüm olmayan yerə!