Əbülfət MƏDƏTOĞLU: TƏKCƏ ALLAH GÖRÜR...
İlıq yaş yanağı səssiz duzlayır
Əlim tellərinə çatmır, buzlayır...
Bu ürək andırım, necə sızlayır? -
Bunu Allah görür, bir də ki, ruhum!..
Hayıma hay çatmır, ünümə də ün
Ayıma ay çatmır, günümə də gün!
Sənin varlığını canımda bütün -
Təkcə Allah görür, bir də ki, ruhum!..
Hər an azalsa da səbr, dözüm də
Cənnət bu dünyadı - Sənlə, gözümdə!
Elə gizlətmişəm Səni özümdə -
Təkcə Allah görür, bir də ki, ruhum!
Üstümə əyilsin indi ha bulud
Ayağım yer tutmur, əlim ta bulud!
İçimdən çəkilsin, yağsın ya bulud -
Təkcə Allah görür, bir də ki, ruhum...