adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Aprel 2024 10:35
1498
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu: Sıramız  seyrəlir...

Çevrəmə  baxıram - gözüm  nəmlənir,
Titrəyir  dodağım, sözüm  nəmlənir...
Üşüyür  ocağım, közüm  nəmlənir -
Sırası  seyrəlir  dostların  yaman...

Uzanır  içimdə , ahın  yolları,
Bu  ömrün  ən  uzaq, yaxın  yolları...
Ot  basır  sakitcə, baxın , yolları -
Sırası  seyrəlir  dostların  yaman...

Güc  gəlir, ilahi, sellənən  təklik
Havalı, havalı  yellənən  təklik!..
Budayır  bu  ömrü , el, gələn  təklik -
Sırası  seyrəlir dostların yaman...

Telfonda  onlarla  nömrə " lal"  olub,
Susqunluq   qəlbimdə  qara  xal  olub!..
Fələk  , elə  bil ki, Rüstəm Zal olub -
Sırası  seyrəlir  dostların  yaman...

Bilirəm, qədərdi, qaçılmaz  yoldu,
Bağlansa , bir  daha  açılmaz  yoldu!..
Amma, xəzan  mənə acımaz  oldu -
Sıramız  seyrəldi, dostlarım, yaman...