Əbülfət Mədətoğlu "Ömür dastanının boyları" kitabından yazdı
Gəlin etiraf edək ki, böyük söz meydanında hamının sözlə oynadığı bir zamanda seçilmək, diqqəti çəkmək hər müəllifə nəsib olmur. Çünki Azərbaycan reallığında indi hamı yazır… hamı çap olunur.. hamı şairdi…hamı bəstəkardı…hamı yazıçıdı…hamı jurnalistdi. Ona görə də o hamının içərisində bir-birini oxuyan az, amma özü-özünü oxuyan lap çoxdu. Ona görə də sözlə, söz adamı ilə bağlı fikir söyləmək həqiqi mənada çətin bir iş olub. Ən azından yazanın və barəsində yazılanın heç olmasa oxunan, tanınan, izlənən, beş-altı cümləsi və yaxud şeiri, yazısı olmalıdı…
Mən uzun illərdən bəri tanıdığım və demək olar ki, işıq üzü görmüş bütün kitablarını əldə etdiyim, şair dostlarımdan biri İbrahim Yusifoğludur. İbrahim müəllim istər Naxçıvanda yaşayanda, istər bugünkü Bakı həyatında özünü öz sözü çəkisində saxlayan və hər bir misrasında özü olan şairlərimizdən biridir. Onun qələmindən çıxan şeir və məqalələrin, publisist məqalələrin hamısında reallıq və səmimiyyət hakimdir. İstər uşaqlardan yazsın, istər böyüklərdən…istər vətəndən yazsın, istər əskərdən… istər sevgidən yazsın, istər şəhiddən. Bu mövzuların hamısında sözünü tanıdan, sözünü təqdim edən İbrahim Yusifoğlu ürəyi var.
Bu il 70 yaşı tamam olan İbrahim müəllim mənə bir kitab təqdim etdi və ilk dəfə idi ki, təqdim etdiyi bu kitaba avtoqraf yazmadı. Və mən də onun bu qərarına etiraz etmədim. Çünki masamın üstündəki «Ömür dastanının boyları» kitabının məqalələr və şeirlər toplusu olmaqla İbrahim Yusifoğlunun 70 illik ömür yoluna söz hədiyyəsi idi. Bu elə bir hədiyyə idi ki, kitabın içərisindəki yazılar İbrahim Yusifoğlunun oxucuya təkrar təqdim edir. Fəxarət hissi ilə qeyd edim ki, bu kitabda mənim də müəllifi olduğum iki yazı yer alıbdır. Və bir də ən maraqlı cəhətlərdən biri odur ki, bu kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.
Şəxsən mən bu qərarı bir elm adamına, bir şairə böyük bir sayqı hesab edirəm. Çünki bütün həyatını təhsilə, elmə həsr edən İbrahim Yusifoğlunun bu qərar halal haqqıdı. Elə kitabda yer alan Azərbaycanın tanınmış söz adamlarının, elm adamlarının, xüsusilə akademik İsa Həbibbəylinin, tanınmış şair və yazıçılardan Hüseyn İbrahimoğlunun, Hüseyn Razinin, Muxtar Kazımoğlunun, Vaqif Yusiflinin, Vüqar Əhmədin, Əskər Rəsulovun, Asim Yadigarın, Sona Vəliyevanın, Salidə Şərifovanın və digərlərinin bir-birindən maraqlı yazıları bir daha göstərir ki, İbrahim Yusifoğlu Azərbaycanın ədəbi həyatında özünü, sözünü tarix yaddaşına yazan müəlliflərdəndir.
Dəyərli dostum İbrahim Yusifoğlunun işıqlı ömrü barəsində işıq üzü görən «Ömür dastanının boyları» kitabını ürəkdən təbrik edirəm. İnşallah, 80, 90, 100 illiyində onun daha böyük uğurlarına, Azərbaycan oxucusununu şahid olacağına inanıram.
Təbrik edirəm İbrahim Yusifoğlu!