adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Aprel 2024 13:28
1650
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu "Ələsgər Əlioğlunun " Sərnişin qarışqalar"" - ından yazdı

Onun yaradıcılığı ilə bağlı fikir  bildirən, tanınmış şair ,  yazıçı-publisit, Beynəlxalq Andersen Şərəf Diplomu və "Qızıl Kəlmə" mükafatları laureatı  Qəşəm İsabəyli  vurğulayır  ki " Ələsgər Əlioğlu  qısa  şeirlər ustasıdı!"  Qəşəm  müllimin fikrinə şərik  çıxaraq  mən də  bu   fikri  birmənalı olaraq təsdiqləyirəm. Həqiqətən də Ələsgər Əlioğlu  öz  poetik  düşüncələrini  birbaşa  və yığcam şəkildə oxucunun önünə  çıxarır.  Elə  bu  səbəbdən də  oxucu  onu  oxuyanda  yorulmur...söz uzunçuluğuna, pintiliyinə  və  nəhayət  təkrarına  rast  gəlmir. Bu da onun  fikri şeirə çevirmək   bacarığının  önəmli  göstəricisidi!

"Ədalət"-in oxucularına  Ələsgər Əlioğlunun  imzası  yaxşı  tanışdır. Şair, həm də yazıçı-publisist kimi o, daha  çox uşaqlar  üçün yazır. Onların könlünü  sevindirir. Həm də onları kitaba, mütailəyə tərəf  çəkir. Bu  , bir  növü Ələsgər  müəllimin uşaqlarımızın kitab dünyasını zənginləşdirmək  istiqamətində  gördüyü  çox  yüksək  bir  marifləndirmədir!- desəm, yanılmaram.Ən azından ona  görə ki , müəllifin kitablarının əksəriyyti  məhz  uşaqlar  üçün  yazılmış  nəfs  nümunələrdi!

Elə  barəsində  tanıtım etmək istədiyim "Sərnişin qarışqalar"  kitabı da həmin  qəbildəndi. Bu  kitaba  ön  söz  yazmış Qəşəm İsabəyli  qeyd  edir ki," Ələsgər Əlioğlunun bir  yaradıcılıq  xoşbəxtliyi də  qəlbinə düşən fikirləri ağaclara pıçıldamağı, üz tutub quşlara oxumağı, gözünü qaldırıb , dağlara - daşlara  xitab etməyi,  kamilliyinə arxayın olduqlarını da   ilk dinləyicisi - nəvəsi Ələsgə hesabat  verməyidir. "  Deməli  tanımış şair Ələsgər Əlioğlu   həm sözünə, həm də qələminə elə  bu  yanaşma   məsuliyyəti  ilə  könül verdiyindəndir ki, onun şeirləri  uşaqların yaddaşına  tez  köçə  bilir :

Qəşəng   bir  tüfəng  alıb

Babası Ələsgərə.

Oğlan cumur irəli,

Gah da uzanır yerə...

 

Deyirlər:  düşmən ondur,

Səndəsə güllə beşdir.

Bilirsən,

Bu  döyüşdə

Qələbə çətin işdir!

 

Oğlan deyir:

-Qorxmayın,

Qoçaqlıq  göstərərəm

Hər  gülləmə düşmənin 

İkisini sərərəm!..

 

Və  yaxud :

İndi  hündür  qovaqlarda,

Qonub yuva  qurub quşlar.

Ora  uçub çatmır  daha ,

Dəcəl Turqut  atan  daşlar...

 

Bu  bir  həqiqətdir ki, uşaqlar üçün yazmaq  çox  çətin, həm də  məsuliyyətlidir. Xüsusiylə ona  görə ki, uşağın , yəni  kiçik yaşlı  oxucunun bədii sözlə  ilk  təması məhz  onun əlinə aldığı rəngli, nəfis  tərtibatlı  kitablardan , dinlədiyi  nağıllardan  başlayır. Bax  bunu  dəqiq  dəyərləndirən ustad  şairimiz Ələsgər  müəllim  öz  oxucusunu  sözlə  şəklini çəkdiyi, yəni təsvir etdiyi  mövzu ilə  qarşılaşdıran da  uşaq bu  məqamla  dərhal anlaşır. Ona  görə ki oxuduğu ona sadə  və aydın  bir  şəkildə, az qala  "uşaq " dilində  çatdırılıb:

- A kenquru,

Söylə nə

Yığmısan o kisənə?

_Gizləyən deyiləm mən

Dövlətimi , varımı...

Kisəmə yığmışam bax,

Körpə  balalarımı!..

Və yaxud:

Bir ovuc kişmiş verdi

Nənə  kiçik Gülüşə,

Dedi  toyuğu  qoyma

Kişnişliyə  girişə,

Dayanma  sən kirimiş,

Toyuğu  kişlə : - kişş!.. kişş! 

Qızın başı qarışdı

Dadlı, şirin kişmişə.

Bir də baş qaldırdı ki,

Toyuq  cumub kişnişə...

Təqdim etdiyim  nümunələrdən də  göründüyü  kimi  şairin mövzuları da  həyat   gerçəkliyi, onun  sözlə  ifadəsi də  çox  sadə  və  səmimidi. Bu  yaradıcılıq  imkanları ilə  balacaları  sevindirən Ələsgər Əlioğlu həqiqətən uşaq ədəbiyyatımızın çox sevilən və seçilən  nümayəndəsidir. İnanıram ki, bundan sonrada Ələsgər Əlioğlu  qələmi  uşaqlarımıza tər və rəngarəng, cəlbedici  və düşündürücü   nümunələr  təqdim edəcək!..