Əbülfət MƏDƏTOĞLU: DÜNYA KƏDƏRƏ QALIB
Bir tənhalıq , bir sükut...
Hamilə, qara bulud ...
Güllələnmiş son umud -
Dünya kədərə qalıb...
Bir nişangah , bir nişan...
Nişangahdı - pir , nişan!
Yer də , göy də pərişan -
Dünya kədərə qalıb...
Gündüz qan - tər , gecə qor ...
Bir ağac var , o da - dor!
İçim, çölüm ancaq gor ...
Dünya kədərə qalıb...
Heyrət , nifrət ... calaqdı ...
Üst-üstədi - qalaqdı...
Bu halıyla alaqdı -
Dünya kədərə qalıb...
Səsim yetim , sözüm nəm
Güləşirəm özümnən!
Dünya düşüb gözüm nən -
Dünya kədərə qalıb!