Əbülfət MƏDƏTOĞLU: ADAMI...
Ulduzlar məğlub ordu
Pərən-pərən sırası...
Hardan istəyirsən bax -
Üşüdür sırsırası -
Adamı...
Göz yol ölçür - arıyır,
Xəyal saçın darıyır...
Kədərinə sarıyır
Ürəyinin yarası -
Adamı...
Taleh səssiz ələyir
Canına can bələyir...
Ahu kimi mələyir
Göynədir, tən parası -
Adamı...
Gecəni köynək bilir
Kipriklərin Ay silir...
Üstünə həsrət gəlir
Üzür bu üz qarası -
Adamı!..
Ruhun qurban anında
Ruh görünmür yanında...
Öz bir qaşıq qanında
Boğub, edir yar asi -
Adamı!..